Əlaqə Arxiv
news Image
2017.12.02
08:30
| A A A
Kreml media vasitəsilə Ermənistanı sərt xəbərdarlıqlar edir
İrəvan rəsmilərinin başqa bir güc mərkəzi ilə əlaqələri inkişaf etdirmək arzusu hamidə qıcıq doğurur

Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalamasından sonra Rusiya rəsmi səviyyədə bir söz deməsə də Kremlə yaxın media orqanlarında Ermənistana yönəlik tənqidlər sürətlə artır. Lakin bütün bu televerilişlər və məqalələr söz güləşdirmələrinə daha çox bənzəyir və tənqiddən çox siyasi şou təsiri bağışlayır.

Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. Proqramda noyabrın 24-də imzalanan bu razılaşma istehza ilə “ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Aparıcıların və çıxış edən ekspertlərin yarızarafat, yarıciddi vurğuladıqları “Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib” fikirləri Qafqazın bu forpost ölkəsi üçün daha çox təhqiredici səslənib. Çünki, Ermənistanın Rusiyadan tam asılı olması və qərarlar verərkən Kremlin diktəsini təqlid etməsi hamıya məlumdur. Ekspertlərin bildirdiyinə görə, əslində Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Çünki, həmin ərəfədə erməni-rus təmaslarının intensivliyi bu mülahizəni irəli sürməyə imkan verir.

Həmin proqramın iştirakçısı olan ekspertlərin rəyləri də Ermənistan üçün çox sərt olub. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. “Burada məsələ sadədir-Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən paz çalınması. Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan “Troya atı”na çevrilib”.

Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. “İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır” – deyə, Markov fikrini əsaslandırıb. Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın siyasi durumunu qaratikan kolu səviyyəsində obrazlı ifadə edərək onun dövlət imicini lap aşağılayıb: “Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb”.

Bu verilişdən bir neçə gün əvvəl Ermənistanla Aİ arasında razılaşmanın imzalanması ərəfəsində isə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Serj Sərkisyanı faşist Qaregin Ndje ilə müqayisə etmişdi.

Təbii ki, beynəlxalq hüquq normalarına görə Kreml rəsmi mövqeyini açıq bildirmək imkanından məhrumdur. Bu səbəbdən Rusiyanın dövlət rəhbərləri bu haqda bir söz demirlər. Üstəlik, Aİ ilə razılaşmanın imzalanmasının Kremlin icazəsi ilə baş verməsi də real görünən faktdır. Amma hər bir halda İrəvan rəsmilərinin başqa bir güc mərkəzi ilə əlaqələri inkişaf etdirmək arzusu hamidə qıcıq doğurur və bu arzunun böyüməməsi və limitin qorunması üçün Sarkisyan güruhuna xəbərdarlıq edilir.

Moskvada yaxşı bilirlər ki, ermənilər arasında Qərblə yaxınlaşmağı istəyənlər çoxdur. Ancaq beynəlxalq məsələlər arzu və istəklə həll olunsa idi, onda, necə deyərlər, yaşamağa nə vardı ki?! Rusiya özünün dövlət maraqlarını hər şeydən üstün tutur. Bu aspektdə onun üçün Ermənistan Qərblə nüfuz savaşında hərbi poliqondan başqa bir şey deyil. Bu, o deməkdir ki, rus hərbçilərinin tapdağı altında olan ölkə eyni zamanda Qərb silahının nişangaha aldığı obyektdir.

Belə bir situasiyada İrəvandakılar Rusiya təsirini Qərb təsiri ilə əvəzləməyə cəhd edəcəklər. Əvəzində isə amansız rus siyasətinin daha da sərtləşməsi ilə qarşılaşacaqlar. Bu, özünü Qarabağ münaqişəsinin həllində də göstərə bilər. Yəni, münaqişənin üzərindən Moskvanın bir anlıq gözünü çəkməsi Azərbaycanın daha bir xeyli ərazisini işğaldan azad edər. Onsuz da nüfuzlu ekspertlər müharibənin başlanması üçün münbit şəraitin yetişməsi barədə xəbərdarlıqlar edirlər.

N.NOVRUZ   

 

 

Sizin Reklam Yeriniz