Əlaqə Arxiv
news Image
2017.12.02
12:40
| A A A
İslam həmrəyliyinin güclənməsində Azərbaycanın artan rolu
Müsəlman ölkələrinin birliyi dünyada sülh və əmin-amanlığın bərqərar olmasında böyük əhəmiyyətə malikdir

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bu məqsədin inkişafına xüsusi töhfə verib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması və onun ilk təsisat iclasının keçirilməsi məhz Bakının bu çağırışından sonra baş verib və həmrəylik yolunda təqdirəlayiq hadisə sayıla bilər.

Rohinqa müsəlmanlarının öz vətənlərində sıxışdırılması və qovularaq qaçqınlara çevrilməsinə görə onlara yardımlar göstərməsi Azərbaycanın humanizmi ilə yanaşı öz çağırışlarına sadiqliyinin nümunəsidir. Bu cür addımlar həm də terrorizmə və islamofobiya meyillərinə qarşı mübarizə vasitəsi kimi əhəmiyyətlidir.

Azərbaycan cəmiyyətinin multikultural inkişaf yolu bu gün həmrəylik forması kimi bütün dünyaya nümunədir. Adətən, müsəlman ölkələrində İslamın mahiyyətindəki bütövlük anlayışı sünni və şiə deyə iki yerə parçalanıb və bəzi yerlərdə bu məsələ hətta düşmənçilik səviyyəsinə çatıb. Təbii ki, bu hal xarici düşmənlər və digər dinin təəssübkeşləri tərəfindən yaradılmış süni maniələrdir və əsasən “parçala, hökm et” prinsipindən qaynaqlanır.

Bu ilin ortalarında Bakıda keçirilən və müsəlman ölkələrindən gəlmiş 3 mindən çox idmançının və çoxlu sayda nümayəndə heylərinin iştirak etdiyi İslam Həmrəylik Oyunları da birliyin gücləndirilməsi və zəruriyyəti haqda fikirləri inkişaf etdirib. Belə ki, İslam dünyasının təmsilçiləri Azərbaycanda tamamilə yeni, daha çox sülhsevər, daha çox humanizm və dostluq nümunəsi ilə qarşılaşdılar. Ölkəmizdəki yaşam tərzi, dinlərarası münasibətlər, dini təriqətlərin inteqrasiyası tanış olanları yaxşı mənada gücləndirirdi. Məsələn, Qusar rayonu ərazisində sünni müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, şiə mənsubu Şeyx Heydərin məqbərəsinin bütün əhali üçün ziyarətgaha çevrilməsi bir sıra müsəlmanlar üçün heyrətamiz yenilikdir. Yaxud, Qazax rayonunda dini dünyabaxışın qatı olduğu dövrlərdə şiə Şeyx Yasinin qəbri ilə yanaşı sünni Şeyx Mahmud ağanın yanaşı olması, bu məlumatı öyrənən və bilavasitə gösləri ilə görən müsəlmanları riqqətə gətirir. İnsanlar getdikcə daha çox anlayır ki, süni bölgülər İslamın bütövlüyünü zədələməməlidir. Bu gün Azərbaycanın Heydər məscidindən başlayan və sonradan bütün məscidlərə sirayət edən sünni və şiə əhalinin birgə camaat namazı qılması mərasimi bütün İslam dünyasının həmrəy olması üçün önəmli aksiyaya çevrilib. 

Noyabrın 30-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfransın təşkili “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş vacib tədbirlərdəndir. Çünki, siyasi istiqamətlərinə, məzhəb və təriqət ayrılıqlarına görə müsəlman xalqları parçalayan, bəzən onları düşmənə çevirən bu ayrılıqların aradan qaldırılması üçün həmrəyliyin yaranması tarixi zərurətə çevrilib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov konfransda çıxış edərək deyib: “Tarixboyu Azərbaycanda dinlərarası və məzhəblərarası həmrəylik mövcud olub. Deyə bilərik ki, Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yarada bilib. Azərbaycanın bu təcrübəsi İslam aləmində diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərə mənsub olan insanların eyni məsciddə birgə ibadət etmələri dünyadakı islamofob dairələrə verilmiş ən gözəl cavabdır”.

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin əməkdaşı Rasim Abdulla İslam ölkələri arasında həmrəyliyin önəmini, həmrəyliyin möhkəmləndirilməsi haqda deyib: “Bu gün İslam dünyası inkişafa nail olmaq, terrorizmin qarşısını almaq kimi yeni çağırışlarla üz-üzədir. Bəzi dairələr müxtəlif yollarla dünyada mövcud olan islamofob meyilləri gücləndirməyə çalışırlar. Bu cür meyillərin gücləndiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çox önəmli çağırış olub. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam dünyasının birliyinin güclənməsinə mühüm töhfə verib”.

N.NOVRUZ

Sizin Reklam Yeriniz