Əlaqə Arxiv
news Image
2017.12.05
09:35
| A A A
Azərbaycan-Pakistan-Türkiyə yeni vacib blokun təməlini qoyurlar
Azər Həsrət: “Azərbaycan təklif edəcəyi təqdirdə istənilən anda Türkiyə ilə Pakistan köməyimizə gəlməyə hazır dövlətlərdir” Elşən Mustafayev: “Türkiyə, Pakistan və Azərbaycan birgə hərbi ittifaq yarada bilərlər”

Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində birgə işləyə bilərlər. Bu barədə Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif deyib.

Azərbaycanı bütün sahələrdə, o cümlədən torpaqlarının işğaldan azad olunması məsələsində tam və tərəddüdsüz dəstəkləyən azsaylı dövlətlərdən biri Türkiyə, digəri isə Pakistandır. Bu ölkələr həm də Ermənistanla heç bir əlaqə saxlamadıqları və onu işğalçı olaraq tanıdıqları üçün rəsmi Bakının başqa müttəfiqlərindən fərqlənirlər. Ümumiyyətlə, Pakistan Ermənistanı rəsmi şəkildə dövlət kimi də tanımır. Bu baxımdan, işğalçı Ermənistana belə prinsipal münasibət göstərən və 25 ildə mövqeyini dəyişməyən ölkələrlə işğala məruz qalan Azərbaycanın iştirakı ilə yeni əməkdaşlıq formatının yaranması həm məntiqidir, həm də faydalı olar.

Siyasi icmalçı Azər Həsrətin fikrincə, Pakistanla Türkiyə Azərbaycana hərbi sahədə daha geniş dəstək verə bilərlər: “Azərbaycan, Türkiyə və Pakistanın Qarabağ münaqişəsinin nizamlanmasında birgə işləməsi mümkündür.

Bildiyiniz kimi, Pakistan müharibə və münaqişələr üzrə təcrübəli ölkələrdəndir. Uzun illərdir ki, Pakistanda münaqişə var. Ona görə də Pakistan bu istiqamətdə alovları söndürmək üçün ciddi təcrübəyə malikdir. Məhz həmin təcrübənin Azərbaycanda tətbiq edilməsi baxımından İslamabad ölkəmizə yardımçı ola bilər. Bir çox ölkələr haqlı mübarizəsində Azərbaycanın ədalətli mövqeyi və mübarizəsini dəstəklədiyini bəyan edib. Amma işə gələndə bu ölkələrin hansısa real addımlar atdığını görmürük. Pakistan bu mənada həmin ölkələrdən çox fərqlənir.

Azərbaycan təklif edəcəyi təqdirdə istənilən anda Türkiyə ilə Pakistan köməyimizə gəlməyə hazır dövlətlərdir. O baxımdan Pakistan rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi həm də düşmənlərimizə mesaj olmalıdır. Yəni, birmənalı şəkildə əminəm ki, sabah Qarabağda müharibə başlasa Pakistan ordusu gəlib bizim qədər burada ürəklə vuruşmağa hazırdır. Digər tərəfdən, Pakistan qlobal səviyyədə özünün yeri və gücü olan bir dövlətdir. İslamabad beynəlxalq tribunalarda da bu günə qədər Azərbaycanı bütün anlamlarda dəstəkləyib. Pakistan xarici işlər nazirinin belə bir bəyanatından sonra İslamabadın Azərbaycana açıq şəkildə hərbi dəstək verməsi daha da reallaşa bilər. Bütövlükdə Türkiyə, Azərbaycan və Pakistan üçlüyü birgə təşəbbüslə çıxış edəcəkləri təqdirdə, ölkəmizin həm siyasi, həm də hərbi qüdrəti birə beş artacaq”.

Politoloq Elşən Mustafayev isə düşünür ki, İslamabadla Ankara Qarabağ konfliktinin həllinə Türkiyə, Pakistan və Azərbaycan arasında birgə hərbi ittifaqın yaradılması fonunda ciddi töhfə verə bilərlər: “Pakistanın indiki halda münaqişənin həllinə yardım göstərməsi Rusiya ilə görüşdə danışıqlar prosesində məsələni qaldırmasından ibarət ola bilər. Amma hesab edirəm ki, Azərbaycanın, Türkiyə və Pakistanla üçtərəfli formatda hərbi ittifaq yaratması prosesə daha çox kömək edə bilər, nəinki belə bir ittifaq olmadan. Pakistan regionda nüvə dövləti olaraq xüsusi çəkiyə malik olan ölkələrdəndir.

Sözsüz ki, İslamabad Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəsə, bununla bağlı onun variantları da var. Bilirik ki, Pakistan məhz Dağlıq Qarabağı işğal etdiyinə görədir ki, hələ də Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bunun özü də onun göstəricisidir ki, Pakistanla Türkiyə Azərbaycanın ərazi bütövlüyünü real olaraq tanıyan və bu istiqamətdə ona real dəstək verən tək-tük ölkələrdəndirlər. Pakistan keçirilən beynəlxalq təşkilatlarda, tədbirlərdə Dağlıq Qarabağla bağlı fikirlərini ifadə edə, problemin həllilə bağlı istəklərini dilə gətirə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Putinlə görüşlərində Qarabağ məsələsini də qaldırır. Eyni addımları Pakistan rəsmiləri də ata bilərlər. Lakin bütün hallarda burada ən vacib məqam üç dövlətin hərbi ittifaqının yaradılması ola bilər. Belə bir ittifaqın yaradılması Azərbaycanın təhlükəsizliyi baxımından uğurlu addım oladı. Hazırda Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Ermənistan isə Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycanın bunun müqabilində NATO-ya üzv olması indilikdə mümkünsüzdür. Çünki buna nə Rusiya imkan verməyəcək, nə də ki, indiki halda sözügedən hərbi blok ölkəmizi qəbul etməz. Bu mənada Türkiyə, Azərbaycan və Pakistandan ibarət üç dövlətin hərbi blokunun yaradılması ən optimal variantdır. Bu fonda Rusiyanın təpkisi də Azərbaycanın NATO-ya üzvlüyü məsələsində olduğu qədər olmayacaq.

Pakistan rəsmisinin Bakıda keçirdiyi görüşdən sonra hesab edirəm ki, yaxın gələcəkdə bu üç ölkənin dövlət başçılarının birgə görüşü baş tuta bilər. Ona görə də nədən sözügedən üç ölkə arasında hərbi ittifaq yaranmasın? Düşmən hər hansı bir hərbi ittifaqda təmsil olunursa, Azərbaycan niyə hansısa bir hərbi bloka qoşulmasın. Pakistan problemin həlli istiqamətində təkliflərlə çıxış edə bilər. Amma problemin daha real həllinə Pakistan, Türkiyə və Azərbaycanın birgə hərbi ittifaq yaratması daha çox xeyir verə bilərdi”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz