Əlaqə Arxiv
news Image
2017.12.05
10:26
| A A A
Ocağın üzərinə yağ tökənlər…
İranın ölkəmizə münasibətdə ikili standartları siyasi korazehinlikdən başqa bir şey deyil

Bəzi  İran ayətullahları Azərbaycandan Kərbəla ziyarətinə gedənlər arasında  hələ də ölkəmizə qarşı təbliğat aparır. Səfərlərini İranın bir neçə şəhəri üzərindən salanlarla isə Ərdəbil və Qumun Azərbaycan əleyhinə danışmaqda ixtisaslaşmış mollalarıyla, o cümlədən adı Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşlər təşkil edilib, həmin görüşlərdə Azərbaycan hakimiyyəti əleyhinə sərt ifadələr işlədilib, xüsusən də hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat pislənib. Bu təbliğatın məqsədi açıq-aşkar Azərbaycanda hakimiyyət-vətəndaş qarşıdurması yaratmağa hesablanmışdı. Çıxışçılar bir ağızdan deyiblər ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalmır, onları həbsə atır.

İran regionun güclü dövlətlərindən sayılır və zəngin dövlətçilik təcrübəsi bu dövlətə siyasi və iqtisadi proseslərdə fəal oynamağa imkan verir. Ancaq dövlətçilik və maliyyə sarıdan varlı olmaq güclülük sindromunun əlamətləri sayılmır. Əgər belə olsaydı, onda ABŞ dünyanın ən güclü dövləti sayılardı. Halbuki, İranın da daxil olduğu bir qrup dövlət bunu qəbul etmir, baxmayaraq ki, ABŞ-ın maliyyə qüdrəti onu bu statusa çox yaxınlaşdırır. Belə olan təqdirdə görəsən, İranda Azərbaycana qarşı olan bəzi qüvvələr nəyi əsas götürərək özlərini casus kimi aparırlar, məlum deyil. Əgər, özlərinin dediyi kimi Nardaran hadisələrinə görə anti-Azərbaycan mövqe sərgiləyirlərsə, onda tamamilə səhv yoldadırlar. Əvvələn, bu, Azərbaycanın daxili işidir. Heç kim iranlı mollalara icazə verməyib ki, bizim işimizə qarışısınlar. İkincisi, Nardaran hadisələri xarici kəşfiyyatın dövlətçiliyimiz əleyhinə yönəltdiyi cinayət əməli idi. Günahkarlar və vətənə dönüklər də lazımı şəkildə cəzalandırılıb. Bu haqda məhkəmə təhqiqatı və sübutedici sənədlər mövcuddur. Bütün bunların müqabilində İranda Azərbaycan əleyhinə təbliğat aparılırsa, bu artıq hansısa mollanın fitnə-fəsadı ola bilməz. Sadə İran vətəndaşının bu təbliğatda nə marağı ola bilər?! Əksinə, iranlılar Azərbaycanı sevir və ölkəmizə ürəklə turist və ya qonaq gəlirlər. 

Demək, ocağın üzərinə yağ tökən var. Bu isə siyasi dairələrinin və gizli xidmət dairələrinin marağında olan məqsədli fəaliyyətdir. Belə olan halda sual doğur ki, İranı narahat edən nədir? Təbii ki, bu ölkədə yaşayan 30-35 milyonluq etnik azərbaycanlılar toplusu İran rəsmilərinin yuxusunun haram olması üçün yetərincə tutarlı faktdır. Üstəlik də onlar İran torpağında yox, vaxtilə Azərbaycan adlanan öz dədə-baba yurdlarında yaşayırlar. Qorxu da buradan doğur ki, bir gün bu toplu ayağa qalxsa, qarşısını almaq çətin olacaq. Düzdür, Azərbaycan İranın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və bu bir neçə dəfə diplomatik dillə qarşı tərəfə çatdırılıb. Amma Azərbaycanın sürətli inkişafı, dünya çapında müasir, yüksək elmi və irsi texnologiyalara malik dövlət kimi imic qzanıb məşhurlaşması İranın mürtəce dairələrinin maraq dairəsini məhv edir. Tək azərbaycanlılar deyil, İranda yaşayan farslar, ərəblər, kürdlər və digər millətlər və etnik qruplar da dövlətçiliyin Azərbaycan modelinin uğurlarını görür və öz hakimiyyətlərindən bunu tələb edirlər. Bu səbəbdən də mühafizəkar dindarlar bu tendensiyanı qəbul edə bilmirlər. Yəni, məqsəd Azərbaycanın dünyəvi dövlətçiliyini sxolastik struktura qurban verməkdir. Bu işdə yerli qüvvələrdən istifadə etmək məqsədi də gün kimi aydındır. Ancaq bu siyasətin ideoloqları anlaya bilmirlər ki, onlar bu prosesə hansısa ləkə vura bilərlər, məsələn, Nardaran hadisələri kimi, ancaq inkişafın qarşısını almaq heç cür mümkün deyil. İldə bir dəfə məhərrəmlik  ayında “Ərbəyin” mərasimləri üçün İran üzərindən İraqın Kərbəla və Nəcəf şəhərlərinə gedən minlərlə azərbaycanlı zəvvarlar arasında anti-Azərbaycan təbliğatı aparmaq üçün Tehran ayətullahlarının zəvvarların qarşısına çıxaraq işə qarışması İslam dəyərlərinin gözdən salınmasına xidmət edir. Halbuki, Azərbaycan və İran arasında dostluq və əməkdaşlıq bağları hazırda yüksələn xətlə güclənir. Buna xələl gətirənlər çətin ki, ucuz təbliğatları ilə nəyəsə nail ola bilsinlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz