Əlaqə Arxiv
news Image
2017.12.06
09:30
| A A A
Dünyada sülhün qorunmasına Azərbaycanın töhfəsi artır
Ölkəmizin sülhməramlı missiyası Əfqanıstanla əlaqələri gücləndirir

Gələn ildən Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayının artırılması planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır: “Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır”.  

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri dünyanın hərbi-siyasi böhran yaşanan ölkələrində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir. Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparan Azərbaycanın Sülhməramlı ordusu  Azərbaycan Silahlı Qüvvələri tərkibində 1997-ci ildə yaranıb, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında formalaşıb. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda xidmət edən hərbçilərimiz post-patrul xidmətini yerinə yetirirlər. 
Azərbaycan əsgərinin Əfqanıstandakı xidməti həm NATO rəhbərliyi, həm də yerli hökumət tərəfindən həmişə yüksək qiymətləndirilib və təqdir olunub. Amma daha prinsipial məsələ azərbaycanlı sülhməramlıların sadə əfqanlıların səmimi-qəlbdən qəbul etmələridir. Bu hiss müsəlman ölkədə məhz müsəlman əsgərlərin daha həssas davranmaları ilə bağlıdır. Başqa sözlə, Azərbaycanın böyük önəm verdiyi İslam həmrəyliyi Əfqanıstanda səmərəliliyini sübuta yetirir. Bu mənada xarici və daxili terrorçu qrupların fəaliyyətini zərərsizləşdirməklə əfqan xalqının yeni həyat quruculuğunda uğurunu təmin etmək çox böyük humanist addım və beynəlmiləl missiyadır. 
Bu gün əfqan xalqı inkişaf yoluna çıxmaq üçün ciddi siyasi iradə göstərir. Bu işdə beynəlxalq birlik, o cümlədən imkanı olan İslam ölkələri Əfqanıstana yardım edir. Maraqlıdır ki, sahəsinə və əhalisinin sayına görə Əfqanıstandan geri qalan Azərbaycan dost ölkəyə öz yardımını əsirgəmir. Bunun birinci səbəbi odur ki, Azərbaycan sürətli inkişaf yolundadır və artıq xeyli uğurları var. Bir az da dəqiqləşdirsək, ölkəmiz geriliyin daşını çoxdan atıb və əldə etdiklərini daha da artırmaq istiqamətində yoluna davam edir, eyni zamanda qazandığı təcrübəni digərlərinin inkişafə naminə  bölüşməyi də unutmur. İş burasındadır ki, bu iki ölkəni birləşdirən bəzi ortaq məsələlər də var. Belə ki, Əfqanıstanda qeyri-rəsmi məlumatlara görə 1 milyondan çox etnik azərbaycanlı yaşayır. Bu adamlar vaxtilə xarici təcavüzkarların müdaxilələri zamanı öz vətənlərini tərk edib əfqan torpaqlarında məskunlaşıb, yerli əhali ilə qaynayıb qarışıblar. Azərbaycan türklərini əfqanlarla yaxınlaşdıran İslamın ülvi dəyərləri də böyük məna daşıyır. 
Bu günlərdə Əfqanıstan prezidentinin Azərbaycana səfərində iki ölkə arasında bağlanmış sazişlər qarşıya yeni vəzifələr qoyur. Tezliklə azərbaycanlı investorların bu ölkənin iqtisadiyyatına sərmayələr yatırmalarının şahidi olcağıq. Çox güman ki, dövlətimiz həmişə olduğu kimi yenə öndə gedəcək, Əfqanıstanda çox ciddi layihələrə maliyyə himayədarlığı göstərəcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artacaq. Hələ də terrorların tez-tez baş verdiyi Əfqanıstanda Azərbaycan sərmayədarlarının və sərmayələrin təhlükəsizliyi məsələsi daha da dərinləşəcək. Bu səbəbdən sülhməramlı qüvvələrin sayının artırılması zərurəti də aktuallaşacaq. Prezident İlham Əliyevin Azərbaycandan Əfqanıstana daha böyük kontingentdə sülhməramlının göndərilməsi barədə qərarı uzaqgörənlik nümunəsi kimi çox önəmlidir. Bu addım tək təhlükəsizliyin qorunması ilə məhdudlaşmayacaq, eyni zamanda iki dost ölkənin əlaqələrinin genişlənməsinə, beynəlmiləlçiliyin və İslam həmrəyliyinin güclənməsinə xidmət edəcək.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz