Əlaqə Arxiv
news Image
2017.12.06
09:40
| A A A
Ordumuz cəmi bir həmlədə düşmən silahlı qüvvələrini darmadağın edəcək
Elşən Manafov: “Keçən ilin aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu problemi qısa zaman kəsiyində güc yolu ilə həll etmək iqtidarındadır” Tərlan Eyvazov: “Azərbaycan Ordusunun ən müasir silahlarla təmin olunması imkan verir ki, qısa zaman ərzində düşmən ordusu darmadağın edilsin”

Dekabrın 2-də Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərində təlimlər keçirdi. Təlimlərdən yayılan kadrlarda çoxdan köhnəlmiş və Azərbaycanın malik olduğu tank əleyhinə silah sistemləri qarşısında tamamilə müdafiəsiz olan T-72 tanklarından, BMP-2 piyada döyüş maşınlarından və sınıq-salxaq QAZ-53 avtomobillərindən başqa ciddi nəsə gözə dəymədi. Bu fonda demək olarmı ki, Azərbaycan Ordusu elə bir həmlədə düşmənin silahlı qüvvələrini darmadağın edəcək?

Politoloq Elşən Manafov qeyd etdi ki, Azərbaycan ordusunun bir həmlə ilə düşməni darmadağın edəcəyi birmənalı şəkildə hamıya tam şəkildə aydındır: “Təlimlər ərəfəsində prezident Serj Sarkisyanın hərbi libasda işğal olunmuş Azərbaycan torpağı olan Dağlıq Qarabağa gəlməsi onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Çünki faktiki olaraq, Azərbaycanla razılaşdırılmadan xarici bir dövlərin rəhbərinin ölkəmizin ərazisini pozması beynəlxalq hüquq normaları baxımından anlaşılmaz və qəbuledilməz haldır. 
İkinci bir tərəfdən, Ermənistan ordusunun hərbi təlimlərə hazırlaşması erməni cəmiyyətinə hakimiyyətin verdiyi mesaj baxımından qəbul olunmalıdır. Çünki Ermənistanın getdikcə dərinləşən ağır sosial-iqtisadi vəziyyəti kontekstində İrəvan rejimi xalqı və ictimaiyyəti psevdomillətçilik ruhuna, müharibə ovqatına kökləmək istəyir. Bununla da Ermənistanın artmaqda olan sosial-iqtisadi problemlərinin mahiyyətini ölkənin artmaqda olan hərbi xərclərilə əlaqələndirirlər ki, belə vəziyyətin baiskarı qismində də Azərbaycanı göstərməyə çalışırlar. Ermənistan bu təlimlərlə həmçinin qarşıdurmaya guya hazır olan tərəf təsiri bağışlamaq istəyir və Azərbaycan dövlətinə belə mesajları ilə problemin hərbi yolla həlli variantının mümkün olmadığını göstərmək istəyirlər. Yəni, bu kimi hərəkətlərilə özlərinin guya güclü olduğu orbazını formalaşdırmağa çalışırlar. Amma hər kəsə tam şəkildə bəllidir ki, belə hay-küy qaldırmalarına baxmayaraq, Ermənistanın bu mesajları özünün sosial-iqtisadi imkanları, ordusunun gücü baxımından reallıqları özündə ehtiva etmr. 
Azərbaycan Ordusunun hərbi gücü və hərbi vəsaiti bütövlükdə Ermənsitanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Habelə, keçən ilin aprel döyüşlərilə Azərbaycan Ordusu nəyə qadir olduğunu təkcə ermənilərə deyil, onlara havadarlıq edən məlum dairələrə də göstərdi. Məlum oldu ki, Azərbaycan tərəfi güc yolu ilə problemi həll etmək qüdrətinə malikdir. BMT-nin qüvvədə olan nizamnaməsinin 51-ci maddəsində də göstərilir ki, işğala və təcavüzə məruz qalmış dövlətlər öz ərazilərini məhz hərbi yolla azad etmək hüququna malikdir. Amma Azərbaycan sivil dövlət olduğundan və bölgədə sülh, sabitliyin təmin olunmasında maraqlı olan tərəf kimi Qarabaq konfliktinin də danışıqlar yolu ilə həllində maraqlıdır. Ermənistan tərəfi isə öz əməlilə göstərir kİ, onlar bölgədə sabitliyin və sülhün olmasında maraqlı deyillər və onların sabitliyi pozmaq istiqamətində fəaliyyətləri də daha çox himayədarlıq edən dairələrin maraqlarından qaynaqlanır. Bu mənada Ermənistan tərəfinin keçirdiyi hərbi təlimlər və bu zaman qarşı tərəfə mesajlar verməsi gülünc doğurur və Azərbaycan dövləti, xalqı tərəfindən ciddi qəbul olunmur. Keçən ilin aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu problemi qısa zaman kəsiyində güc yolu ilə həll etmək iqtidarındadır. Erməni tərəfinin hərbi təlim məşqlərinə başlaması əminəm ki, Azərbaycan Ordusu tərəfindən cavabsız qalmayacaq”. 
Ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Tərlan Eyvazov da vurğuladı ki, Azərbaycan Ordusu zəif silahlanmış düşməni qısa zaman ərzində tar-mar etməyə qadirdir: “Ermənistanın maliyyə imkanları həddən artıq kasaddır. Ona görə də işğalçı ölkə silahlı qüvvələrini ən müasir silahlarla təmin etmək gücündə deyil. Hətta onlara himayədarlıq edən Rusiyada istehsal olunan müasir silahları almağa belə imkanı çatmır. Rusiyadan silahı dilənçi yolu ilə aldığından da şimal ölkəsi onlara ancaq köhnəlmiş silah-sursatı verir. Hətta ermənilər işğal etdikləri torpaqlarımızda hərbi təlimlər keçirən zaman Azərbaycan hərbi hava qüvvələrinə məxsus qırıcıların ərazidə dövrə vurmasından sonra təvacüzkar hərbi dəstələr qurbağa gölünə daş atılan kimi dərhal dayandılar. 
Ermənistan sadəcə, belə təlimlər keçirməklə öz-özünü aldatmaq, ictimaiyyətin fikrini yayındırmağa çalışır. Belədə fikir formalaşdırmağa çalışırlar kİ, işğal etdikləri torpaqları guya qorumağa qadirdirlər. Ona görə də həmin tədbirləri sadəcə, daxili auditoriyaya yönəldilən aksiyalardır. Geniş hərbi əməliyyatlar başlasa və Azərbaycan hərbi hava qüvvələri, artileriya, raket qüvvələrindən istifadə etsə, düşmən bir dəqiqə də davam gətirə bilməyəcək. Onlar da bunu yaxşı bilir. Ona görə də belə təlimləri təşkil etməklə arxa duran dövlətlər vasitəsilə təsir etmək istəyirlər ki, münaqişənin sülh yolu ilə həllindən başqa guya başqa variant yoxdur. Təbii ki, Azərbaycan Ordusunun ən müasir silahlarla təmin olunması imkan verir ki, qısa zaman ərzində düşmən ordusu və onun cəmləşdiyi istehkamlar darmadağın edilsin”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz