Əlaqə Arxiv
news Image
2013.03.14
10:10
| A A A
Radikal müxalifətə erməni lobbisindən göstəriş
Elşən Musayev: “Proseslərdə beynəlxalq və ya maliyyələ alınan təşkilatlarla əlaqəni görürük” Mais Səfərli: “İcazəsiz aksiyaların təşkilatçılarının kimliyi araşdırılmalıdır”

Hadisələrin cərəyanı son zamanlar aksiya baxımından aktivləşən müxalifətin xarici təşkilatlarla əlbirliyi olduğunu göstərdi. Bu amil məxsusi olaraq 10 mart aksiyasında açıq hiss olundu. Gəncliyin timsalında meydan çıxan radikal müxalifət kimlərdən dəstək aldıqlarını gizlədə bilmədi. Bu pis əməldə müxaliflərin məhz cəmiyyətin həssas hissəsini - gəncləri önə verməsi hərəkətləri tənqiddən kənarda qala bilməz.

Radikal müxalifəti qınayanlardan biri də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oldu. Millət vəkili bildirdi ki, bu aksiyalar radikal müxalifətlə Azərbaycanın əleyhinə olan xarici qüvvələrin birliyinin təzahürüdür: "10 mart aksiyası, eyni aksiyaların həmin gün ABŞ və Almaniyada keçirilməsinə cəhdlər, bunun bir sıra xarici mətbuatda anti-Azərbaycan ruhunda işıqlandırılması bir daha sübut edir ki, bu, əslində, Azərbaycan gəncliyinin mövqeyi deyil. Bu, Azərbaycanla əməkdaşlıq edən ölkələrdə dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən, erməni lobbisinə bağlı dairələrin əməlləridir". Başqa söz sahibləri də müxalifətin bu cür əlbirliyini tənqid "atəş"inə tuturlar.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirir ki, müxaliflərin konkret ermənilərlə əlbirliyini demək çətin olsa da, proseslərdə beynəlxalq və ya maliyyələşdiyi təşkilatlarla əlaqəni görürük: "Çünki, son aksiyaların əsas məğzini, "əsgər ölümünə son" şüarı təşkil edir. Bu da sırf sentimental, milli ruha yaxın olan məsələdir. Belə aksiya ilk dəfə keçirilərkən, burda müxalifətlə iqtidar deyil, cəmiyyətin bütün təbəqələri var idi. Amma növbəti aksiyalar göstərdi ki, bu aksiya müxalifətin bəlli bir "qanad"ının xüsusi siyasi maraqlara xidmət edir. Bundan sonra da cəmiyyət imtina etməyə başladı. Yəni, burda siyasi oyunun olduğunu gördü".

Politoloq bildirir ki, burda Əli Hüseynli siyasətçi kimi deyil, sırf peşəkar hüquqşünas nöqteyi-nəzərindən danışıb: "Azərbaycan qanunlarının tələb etdiyi göstərişlər var. Peşəkar hüquqşünasın da sərgiləyəcəyi mövqe yalnız bundan ibarət olmalıdır ki, hər kəs qanun qarşısında bərabərdir. Qanun pozulan zaman da həmin qanunun nəzərdə tutduğu sanksiya, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə tətbiq edilməlidir".

Partiya sədri onu da əlavə etdi ki, bir dəfə Ruslan Bəşirli ilə bağlı Əli Kərimliyə sual verilmişdi: "O da belə cavab vermişdi ki, bizə bu cür - siyasiləşməmiş, təhsilsiz gənclər lazımdır ki, biz onlardan belə kütləvi aksiyalarda istifadə edək. Yəni, məntiq bu idi ki, ağıllı gənclərin bizim yanımızda heç bir işi ola bilməz. Təbii, bu gün həmin siyasi liderlərin öz mövqelərini ortaya qoya bilməməsi və Azərbaycan gəncinin bəlli təbəqəsindən siyasi "kamikadze" kimi istifadə etmələri o anlama gəlir ki, Azərbaycan gəncliyinin həmin kiçik kütləsi yalnız və yalnız bəlli müxalifət liderlərinin siyasi maraqlarına xidmət edilmək üçündür. Onlar siyasi xətt üzrə tam tükəndiyini dərk ediblər. Ona görə də cəmiyyəti, kütləni ayağa qaıdırmaq üçün lazım ola biləcək sentimental nöqtələri hesablayırlar. Bunun üçün də ən yararlı vəsaitə, həmin savadsız, təhsilsiz həyatını mitinqlərdə keçirən gənclik kütləsidir. Əli Kərimlinin, İsa Qəmbərin onların timsalında bu cür düşünən insanların Azərbaycan gəncliyindən özləri üçün istifadə etmək cəhdidir".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, bu gün Azərabaycanda aksiya keçirilməsinə icazə verilir: "Amma sonuncu keçirilən aksiyalar icazəsiz aksiyalar idi. Millət vəkili Əli Hüseynli əgər belə bir müddəa ilə çıxış edibsə, bu, diqqət cəlb etməlidir. Belə icazəsiz aksiyaların təşkilatçılarının kimliyi araşdırılmalıdır. Nəyə görə, məhz icazəsiz aksiya keçirirlər? Bəli, orduda belə hallar olur. Amma axı, Azərbaycan ordusunda belə kütləvi hallar yoxdur. Ordunu cəmiyyətin gözündən salmaq lazım deyil. Biz müharibə şəraitində olan dövlətik. Ona görə də təşkilatçılar haqqında çox ciddi hüquqi araşdırılmalar aparılmalıdır. Bunların kimlərlə əlaqəsi olub – olmadığı araşdırılmalıdır. Söhbətlər var ki, onlar xarici dairələr tərəfindən maliyyələşir. Bunların hamısı ortaya qoyulmalı, hüquqi qiymət verilməlidir".

Partiya sədri qeyd etdi ki, müxalifət partiyalarının aralarında gənclərin olması normal haldır: "Amma gəncləri məhz belə qızışdırmaq, ortaya salmaq, qanuna zidd hərəkətlərə təhrik etmək yolverilməzdir. Demokratik – hüquqi cəmiyyətdə normal siyasi kadrlar normal siyasi partiyaların daxilinidə yetişir. Amma gəncləri məhz belə təhriklə qabağa vermək, qanuna zidd hərəkətlərə sövq etmək həmin missiyadan kənara çıxmaqdır. Gəncləri düzgün yönəltmək demək deyil. Ona görə də siyasi liderlər gəncləri qanunsuz kütləvi aksiyalara sövq edirsə, həmin gənclərin talehi üçün də məhz onlar məsuliyyət daşıyırlar".

Sizin Reklam Yeriniz