Əlaqə Arxiv
news Image
2017.12.07
09:00
| A A A
Azərbaycan-Rusiya-İran üçbucağında münasibətlər möhkəmlənir
Elman Nəsirov: “3 dövlətin qanunverici orqanları arasında əməkdaşlıq mühitinin yaradılması nəticə etibarı ilə regionda mövcud problemlərin həllinə təkan verə bilər” Tahir Kərimli: “Siyasi cəhətdən Azərbaycan, Rusiya və İran arasında parlament üçlüyünün yaradılması əhəmiyyətlidir”

 Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski aktual məsələlərin müzakirəsi üçün Rusiya, İran və Azərbaycandan ibarət parlament üçlüyünün yaradılmasını təklif edib. Bu təklif komitənin İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsi ilə birgə iclası zamanı səsləndirilib.

L.Slutski qeyd edib ki, üç ölkə rəhbəri nəqliyyat və energetika məsələləri üzrə birgə işləyir: "Bizim üçün bu ölkələrin parlament rəhbərləri ilə də üçlüyün yaradılması maraqlı olardı". Azərbaycan-Rusiya-İran üçbucağında münasibətlərin inkişaf edərək dərinləşməsi tərəflərə, o cümlədən Azərbaycana hansı siyasi, iqtisadi üstünlüklər vəd edir?

Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan, Rusiya və İran arasında parlament üçlüyünün yaradılmasına müsbət yanaşdı: “Rusiya Dövlət Dumasının komitə sədri Slutskinin Moskva, Bakı və Tehran üçlüyündən ibarət parlament qrupunun yaradılması təklifi hesab edirəm ki, kifayət qədər maraqlı təklifdir. Ən azı o səbəbdən ki, onun reallaşması yolunda elə bir maneə yoxdur.

Azərbaycanın ikitərəfli, üçtərəfli və çoxtərəfli formatda həm Rusiya, həm də İranla münasibətləri inkişaf tempinə malikdir. Müxtəlif istiqamətlər üzrə əlaqələrimiz inkişaf etməkdədir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, üç dövlətin qanunverici orqanları arasında əməkdaşlıq mühitinin yaradılması və inkişafı nəticə etibarı ilə regionda mövcud problemlərin həlli üçü yeni imkanlar yarada bilər. Yəni, siyasi və iqtisadi sahədə mövcud olan əlaqələrimizə həm də üç dövlətin parlamentlərarası əlaqələrinin yeni formatının əlavə edilməsi bu istiqamətdə daha münbit şəraiti təmin etmiş olacaq. Ona görə də, verilən təklif kifayət qədər cəlbedici ideyadır.

Üç dövlətin parlamentarilərinin ortaq nöqtədən çıxış edərək, bu və ya digər problemin həlli istiqamətində konkret mövqe ortaya qoyması, təşəbbüslərlə çıxış etməsi nəticə etibarı ilə mövcud problemlərin həlli yollaırna da müsbət təsir göstərə bilər. Bunu indidən proqnozlaşdırmaq mümkündür. Eyni zamanda, öz-özlüyündə parlamentlərarası əlaqələrin inkişafı digər sferalarda mövcud əlaqələrimizin inkişafı yolunda da yeni imkanlar açacaq. Bu üç ölkə arasında siyasi dialoq mühiti var, iqtisadi-ticari, humanitar əlaqələrimiz inkişaf edir. Təhlükəsizlik sahəsində də əlaqələrimiz var. Bu nöqteyi-nəzərdən qanunvericilik orqanları arasında üçtərəfli əlaqələrin yaradılması nəticə etibarı ilə müsbət rol oynayacaq. Təkcə üç dövlətin mənafeyi baxımından deyil, həm də bütövlükdə regionda problemlərin həllinə, eyni zamanda bizi ən çox narahat edən Dağlıq Qarabağ konfliktinin çözümü məsələsində öz müsbət rolunu oynaya bilər.

Düşünürəm ki, perspektivdə üçtərfəli parlamentlərarası əlaqələrə, qardaş Türkiyə də qoşula bilər ki, bu zaman parlamentlər arasında dördtərəfəli əlaqələr  yaranacaq. Bunun baş verməsi sonrakı əlaqələrin tempindən asılıdır. Türkiyənin də bura qəbul edilməsinə indiki reallıq fonunda baxdıqda, hesab edirəm ki, Azərbaycanla Rusiya buna razılıq verəcək. Moskva ilə Ankara arasında münasibətlər bütün istiqamətlər üzrə, eyni zamanda hərbi nöqteyi- nəzərdən bərpa edilmək üzrədir. Son aylar ərzində hətta Ərdoğanla Putin iki dəfə ğörüş keçirib. Bu fonda da sözügedən əlaqələrin tam bərpa edildiyindən artıq bəhs etmək olar. Belə olan təqdirdə, sözügedən parlamentlərarası formatda Türkiyənin də iştirakı məsələsi nəzərdən keçirilə bilər. İranın isə mövqeyini bilmək lazımdır. Hər halda perspektivi olan bir ideyadır”.

Milli Məclisin deputatı Tahir Kərimli hüquqi baxımdan sözügedən üçlüyün yaradılmasını ancaq tövsiyə və məsləhət xarakteri daşıdığı halda mümkün hesab etdi: “Məsələyə öncə hüquqi baxımdan yanaşmaq istərdim. Azərbaycanda vaxtilə qəbul edilən Müstəqillik Haqqında Konstitusiya Aktı və Konstitusiyamız dövlətüstü orqanların yaradılmasına imkan vermir. Bu mənada 3 ölkənin parlamentlərarası hər hansı bir orqanı yaransa da, o, ancaq məşvərət, məsləhət xarakterli ola bilər. Konstitusiyamız ölkənin suverenliyini hansısa dövlətüstü orqanlara ötürməyə imkan vermir. Bu mənada şübhəsiz ki, ali hakimiyyət orqanı kimi parlamentlərarası birlik dövlətlərarası orqan kimi nəzərdə tutula bilməz.

MDB nəzdində də buna çalışıblar, amma əslində, görürük ki, həyata keçirilə bilmir. Lakin siyasi cəhətdən Azərbaycan, Rusiya və İran  arasında parlament üçlüyünün yaradılması əhəmiyyətlidir. Son bir ildə şimal ölkəsi rəsmilərinin də vurğuladığı kimi, Rusiyada Azərbaycana etimad artıb. Bu etimadın artmasında sözsüz ki, Türkiyə-Rusiya münasibətlərinin də rolu vardır. Həmçinin, Qərb tərəfindən sanksiyalara məruz qalandan sonra Rusiyanın üzünü Şərqə çevirməsi və Azərbaycan kimi dövlətlərlə sıx əlaqələrə maraq göstərməsi dövlətlərarası münasibətlərdə yaxşı nümunə olacaq misallardandır.

20 ildən artıqdır ki, Xəzərin statusu həll olunmurdu. Ama artıq 2014-cü ildə məsələ ilə bağlı Həştərxanda bağlanan müqavilənin müddəaları işə düşüb. Dövlət başçılarının ratifikasiyası ilə nəhayət ki, Xəzərin statusu məsələsi də öz təsdiqini tapar. İranla Rusiya arasında da sıx münasibətlər var. Həmçinin, İran, Rusiya və Azərbaycan arasında üçlük görüşlərinin keçirilməsi, Şimal-Cənub Dəhlizinin yaradılması, Rusiyanin özünün həmin dəhliz vasitəsilə isti dənizlərə çıxmaq istəyi hazırda Moskvanın starateji hədəflərinə çevrilib. Bu nöqteyi-nəzərdən yaxşı haldır ki, Azərbaycan ərazicə kiçik olmasına baxmayaraq, daha böyük dövlətlər ölkəmizlə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu mənada üç dövlətin parlamentlərarası birliyinin yaradılması mümkündür. Amma həmin qurumun dövlətüstü imperativ qərarlar vermək səlahiyyəti olmamalıdır. Ancaq məsləhət və tövsiyyə xarakterli məsələlərlə məşğul ola bilərlər. Qonşularla münasibətlərimizin gücləndirilməsi bütövlükdə ölkəmizin manefeyinə cavab verir, həmçinin  Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz