Əlaqə Arxiv
news Image
2017.12.07
10:55
| A A A
Azərbaycan Xəzərdə istədiyinə nail oldu
Məhəmməd Əsədullazadə: “Xəzərin hüquqi statusunun müəyyən edilməsi əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyır” Qabil Hüseynli: “Xəzər dənizinin statusuna dair konvensiya layihəsi hazırdır”

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər. Bunu Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Qeyd edək ki, region ölkələrinin dövlət başçılarının növbəti sammitinin gələn il Qazaxıstanda keçrilməsi nəzərdə tutulub.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin  7-ci konfransı Xəzərin hüquqi statusunun müəyyən edilməsində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyır: “Xəzərin statusu ilə bağlı Azərbaycan, Rusiya və Qazaxıstan razılığa gəlib, müqavilə bağlayıblar. Amma Türkmənistan və İran Xəzərdə daha çox paya sahib olmaq üçün dənizin yenidən bölüşdürülməsini irəli sürür. Təbii ki, bu da Xəzər hövzəsində problemlərə yol açır. 
Xəzər dənizinin təbii ehtiyatları və neft-qazla zənginliyi sahil dövlətlərin və digər kənar güclərin maraq dairəsindədir. İranın Xəzərdə indikindən daha çox paya sahib olmaq istəyi əsasən onun hərbi imkanlarını genişləndirməkdən irəli gəlir. Çünki, İran Xəzərdə Azərbaycan-ABŞ birgə əməkdaşlığından daima narahat olub. Ötən ay Rusiya Azərbaycan və İran prezidentlərinin Tehran konfransında Xəzərlə bağlı ortaq mövqeyin dəqiqləşdirilməsi istiqamətində müəyyən razılıq əldə olunub. Hazırda nazirlər  yekun statusla bağlı sənəd üzərində işləyirlər və prezidentlərə bu haqda məruzə olunacaq. Dövlət başçılarının Astana Zirvə görüşündə dənizin hüquqi statusu ilə yekun müqavilə bağlansa, bu, Xəzərdə problemin həllinə son verəcək. Burada İranın mövqeyi əsas rol oynayır.  
Azərbaycanla İran arasında son illərdə müxtəlif sahələrdə, xüsusilə nəqliyyat və iqtisadi sahədə əməkdaşlığın perspektivləri baxımından genişlənməsi, Azərbaycanın barışmaz mövqeyi İranı müəyyən razılığa gəlməyə vadar edir. Görünür, ortada kompromis də var. Beş dövlətin XİN rəhbərlərinin zirvə görüşündə yekun statusla sənəddə razılığın olması barədə ümumi fikirdədirlərsə və bunu S. Lavrov da qeyd edirsə, onda problem həllini tapıb və yekun status bağlana bilər.  Azərbaycanın hazırda Xəzərdə güzəştsiz mövqeyi, öz ərazi sularını qoruması istiqamətində atdığı addımlar və yekun sənəddə Azərbaycanın maraqlarının qorunması alqışa layiqdir. Pinsipiallığımız  nəticəsində ərazi sularında suverenliyimiz, digər ölkəyə güzəştə gedilməməsi nəticəsində Azərbaycanın mövqeyi güclənir”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Xəzər dənizinin statusuna dair konvensiya layihəsi hazırdır: “Bu barədə S. Lavrov məlumat verib. Onun sözlərinə görə, beş dövlətin xarici işlər nazirlərinin görüşündən sonra konvensiyanın mətni razılaşdırılıb və rəhbərləin müzakirəsinə təqdim olunub. Rəhbərlər də bunu təsdiq edərlərsə, statusa dair konvensiya sazişi razılaşdırılmış olacaq. Lakin S. Lavrov ətraflı məlumat açıqlamadığına görə proqnoz vermək çətindir. 
Çox istərdik ki, Xəzərin status orta xətt prinsipinə görə müəyyənləşdirilsin. Bu zaman hər bir dövlətin maraqları təmin edilmiş olar. Yəni, prinsip açıqlanmadığından bu barədə birmənalı şəkildə fikir bildirmək çətindir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz