Əlaqə Arxiv
news Image
2017.12.11
12:10
| A A A
Heydər Əliyev: Böyük ömrün anları FOTOKOMPOZİSİYA

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin cismani yoxluğundan 14 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib. Azərbaycan 14 il əvvəlki Azərbaycan deyil. Onun simasına hər il yeni naxışlar vurulur: şəhər və kəndlərimiz abadlaşır, möhtəşəm binalar ucaldılır, fabrik və zavodlar tikilir, yeni yollar çəkilir, bağ və parklar salınır. Azərbaycan bu gün qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır: Azərbaycan qazını Avropaya çatdıracaq TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi... Vaxtilə xəyal hesab olunanlar reallığa çevrilir: Azərbaycanın səsi mötəbər beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız daha uca zirvələrdə dalğalanır.

İllər çox şeyi dəyişib. Fəqət, sevgi dəyişmir: söhbət Heydər Əliyevə olan tükənməz sevgidən, xalqın öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramından gedir. Heydər Əliyev aramızda olmasa da, ideyaları yaşayır və gələcəyə aparan yolumuzu işıqlandırır. Ulu Öndərə bəslənilən ümumxalq sevgisi ilin iki günündə - dekabrın 12-də və mayın 10-da özünü daha qabarıq büruzə verir. Heydər Əliyevin vəfat etdiyi gün və doğum günü onun uyuduğu Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edir.

      

                 

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq.

Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir. Dünyanın məşhur simalarının onun barəsində necə heyranlıqla, ehtiramla danışdıqlarının canlı şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Onun keçdiyi böyük ömür yolu zaman və məkan anlayışına sığmır. Bu barədə çox yazılıb, çox deyilib. Odur ki, diqqəti Heydər Əliyevin xalqına bağışladığı ömrün ayrı-ayrı məqamlarını, tarixi anları əks etdirən fotoşəkillərə yönəltmək istərdik.

AZƏRTAC-ın arxivində qorunub saxlanılan çoxsaylı fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər öncəyə çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənir, xatirələrə dalırıq.

 

              

 

 

                

 

Sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba

Heydər Əliyev hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb, istirahət nə olduğunu bilməyib. Yaşlı nəslin yadında olar: onun Prezident Aparatındakı iş otağının işığı bəzən gecə yarısınadək sönmürdü. İnanılmazdır: bu qədər iş-gücün qabağında ailəsinə necə vaxt ayırırdı? Buna fotoşəkillər şahidlik edir: biz Heydər Əliyevi ailə üzvləri arasında, övladlarının, nəvələrinin əhatəsində görürük. Sanki bu tarixi fotolar dil açaraq Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan xəbər verir. Oğlunun və qızının gözündə o, dünyanın ən yaxşı atası, nəvələrinin gözündə dünyanın ən yaxşı babası idi. Nəvəsi Leyla “Elegiya” şeirində babasını dağa bənzədir. Əziz insanın itkisindən doğan kədəri bəlkə də heç bir şair bu qədər səmimi ifadə edə bilməzdi:

Dağ idin, çiynimi dağlara verdim,

Dağların dərdini çəksə, dağ çəkər,

Sənə məhəbbətim dağlar qədərdi,

Yerini dağlardan soruşum bəlkə?.

 

 

 

 

                 

 

 

 

AzərTac

Sizin Reklam Yeriniz