Əlaqə Arxiv
news Image
2017.12.11
16:37
| A A A
Heydər Əliyevsiz 14 il: Ulu Öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır

Movqe.az YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun ümummilli lider Heydər Əliyevin ildönümü ilə bağlı Trend üçün xüsusi məqaləsini təqdim edir:

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baximindan Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib.

Ulu Öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi isrimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır. Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır və siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük.

XX əsrdə Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyət - ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan ulu öndər Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlı idi. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" - deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir mərhələsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Bildiyimiz kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı.

Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı. Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər.

Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi. Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: "O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan".

Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də Onun xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini göstərən mühüm mərhələdir. Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiyada idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anlamaq üçün sadəcə, bir neçə fakta nəzər yetirmək kifayət edir. Belə ki, milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə görülən işlər sırasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

O zaman Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək, sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin "marionetka"ları qismində çıxış edən hakimiyyətdəki "piyada"lar Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Amma Ulu öndər Heydər Əliyevin siyasi məharəti sayəsində bəhs edilən çevriliş cəhdlərinin qarşısı alındı. Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi. Bütün bunlarla yanaşı, Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda rasional strateji münasibətlər sistemi formalaşdırmaq lazım idi ki, Ümummilli lider Heydər Əliyev bu yöndə strateji addımlar atdı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət töhfə oldu. Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına müvafiq olaraq, formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt Respublikaya "rəhbərlik" edən subyektlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında, "kölə psixologiyası" ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı.

Bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq "əlinə silah alan" hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin "piyada"sı kimi çıxış etməkdən başqa, xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər. Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi, ölkədə vətəndaş müharibəsi, separatizm təhlükəsi artdı. Bu durum 1993-cü ilə, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı.

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Müstəqillik əldə etdikdən sonra xaotik və antaqonist siyasi proseslərin fonunda ölkəmizin qarşısında duran başlıca strateji vəzifələrdən biri də ictimai-siyasi institutlaşma prosesinin həyata keçirilməsi idi. Bunun başlıca istiqamətlərindən biri də plüralist prinsiplər əsasında müxtəlif orientasiyalara malik olan siyasi partiyaların təsis edilməsi və onların fəaliyyət mexanizmlərinin milli maraqlar və dəyərlər əsasında təşkilinə şərait yaradılması idi. Beləliklə, hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın əsasında siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi. Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın Əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı.

Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu. Bu baxımdan, qürur və minnətdarlıq hissi ilə xüsusi vurğulamaq istərdik ki, Azərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri də məhz dövlətçiliyin təməl prinsiplərdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda gələcəyə yönəlib. Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil və xalq səfərbəredici ideyaya söykənmədən irəli gedə bilməz. Dünyanın aparıcı dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq, onların müəyyən prinsiplərə söykəndiyini görərik. Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji cəhətdən altı təməl prinsipini müəyyənləşdirib. Bunlardan birincisi müstəqil dövlətçilik prinsipidir. Müstəqil dövlətçilik prinsipinin qayəsini Azərbaycanın müstəqilliyinin hər şeydən uca olması, suverenliyinin qorunması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyi ideyası təşkil edir. Müstəqil dövlətçilik prinsipi - hər şey dövlət naminə şüarına söykənir. Azərbaycanda müstəqil dövlətin qurulması yolunda Heydər Əliyevin hələ sovetlər dönəmindən başladığı işlər nəticə etibarilə bu prinsipin reallaşması ilə başa çatdı. Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi tam təmin olundu.

Azərbaycançılıq prinsipi - bu prinsip bütövlükdə Heydər Əliyev ideologiyasının ana xəttini təşkil edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda Azərbaycanda yaşayan hər bir vətəndaşın dövlətə, xalqa bağlılığını zəruri edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər edir. Qanunçuluq prinsipi - qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir. Varislik prinsipi - burada söhbət siyasətin varisliyindən gedir. Belə ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən böyük siyasət davamlı olmalıdır. Konstruktiv əməkdaşlıq prinsipi - bu prinsip vətəndaş həmrəyliyini özündə əks etdirir. Vətəndaş həmrəyliyi dünən də lazım idi, bu gün də lazımdır, sabah da lazım olacaq. Çünki istənilən cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, bu və ya digər məsələdə fikir ayrılığı ola bilər. Bu mübarizə konstruktiv şəkildə, qanun çərçivəsində getməlidir. Bu mübarizə eyni zamanda, vətəndaş həmrəyliyində özünü büruzə verməlidir. Bir-birinə əks ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə ölkəmizin maraqları naminə birləşməli, vətəndaş sülhünü, həmrəyliyini qorumalıdırlar. Bu prinsip daim Heydər Əliyev tərəfindən qorunub.

Heydər Əliyevin yaratdığı, qurucusu olduğu Yeni Azərbaycan Partiyası 1992-ci ildən siyasi arenadadır. YAP müxalifətdə olduğu dövrdə də konstruktivlik nümayişi etdirmiş, vətəndaş sülhünə və həmrəyliyinə əməl etmişdir. Heydər Əliyevin müəyyən etdiyi bu siyasət YAP-ın fəaliyyətində həmişə özünü büruzə verib. Sosial ədalət prinsipi - Heydər Əliyev siyasətində sosial ədalət önəmli yer tutur. Sosial ədalət olmayan cəmiyyətlərdə insanlar arasında hansısa bir sülhdən, əməkdaşlıqdan söhbət gedə bilməz. Cəmiyyətdə bazar münasibətlərinin inkişafı sosial ədaləti inkar etmir. Dövlətin sosial müdafiə siyasəti həmişə qorunub saxlanılmalıdır. Sosial ədalət vətəndaşın daim dövlətin himayəsində olması deməkdir. Heydər Əliyev böyük şəxsiyyət olaraq Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğu üçün zəruri əsaslar formalaşdırmaqla kifayətlənməmiş, həmçinin bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi kursun davamlılığını bütün sahələrdə təmin edəcək lider yetişdirmişdir.

Son səkkiz ildə ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev qısa müddətdə xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə edilmiş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində dəfələrlə haqlı olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ulu öndərin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən lideri var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından böyük rəhbər Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır. Qürur və məmnunluq hissi ilə deyə bilərik ki, Heydər Əliyev siyasi kursu 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlarımız ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini xatırlatmağı zərurətə çevirir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Prezident kimi fəaliyyətə başladığı gündən görəcəyi işlərin prioritetlərini açıqlayan, "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" - söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir. 2003-2008-ci illərdə verilən hər vədin konkret işlərdə öz əksini tapması, ayrı-ayrı sahələri əhatə edən Dövlət Proqramlarının uğurlu icrası, iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapması Xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirdi, 2008-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə stimul verdi.

Həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını qeyd edən dövlət başçısı İlham Əliyev Dövlət Proqramlarının uğurlu icrasında da bu dəstəyin rolunu xüsusi vurğulayır. Güclü sosial siyasətə yol açan iqtisadi tərəqqinin artması üçün bütün imkanlar mövcuddur. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də əldə olunan uğurlara söykənir. Neft gəlirlərindən səmərəli istifadə nəticəsində iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına səbəb oldu.

"Biz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik". Prezident İlham Əliyevin on il bundan əvvəl səsləndirdiyi bu istək artıq reallığa çevrilib. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi qeyri-neft sektorunun inkişafına yönələn diqqətin bariz nümunəsidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq beynəlxalq standartlara və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Bu gün Azərbaycanın ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, üçrəngli bayrağının dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, sosial dövlət kimi nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Qurumda ilk olaraq ədaləti müdafiə edəcəyimizi bəyan edən dövlət başçısı İlham Əliyev bu uğuru tarixi hadisə kimi dəyərləndirdi.

Müstəqilliyinin 20-ci ilində Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv seçilməsi keçilən yola, əldə edilən uğurlara verilən dəyər kimi qəbul olundu. Bu uğurumuzun yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz müsbət təsirini göstərəcəyi inkaredilməzdir. Ümumiyyətlə, hər bir sahənin inkişafı dövlətin siyasətində əsas yer tutur. Bu diqqət hər ili bu və ya digər sahənin adı ilə bağlayaraq, həmin il çərçivəsində həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsindən də aydın görünür. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da deyilənlərin təsdiqidir.

Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində bildirmişdir ki, Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır: "Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir".

Qeyd edək ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın 205 dövlət arasında 30-cu yeri tutması da böyük uğur olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi idi. London Yay Olimpiya Oyunlarında 10 medal qazanan idmançılarımız Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, bir daha ölkəmizin təqdimatına öz töhfələrini verdilər. Ötən ilin mayında 42 ölkənin öz məşəlini Azərbaycanda alovlandırması da ölkə həqiqətlərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Hər bir ölkəni dünyada tanıdan siyasəti ilə yanaşı, mədəniyyətinin də olduğunu nəzərə alsaq, Azərbaycanın "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etməsinin ölkələr arasında əlaqələrin inkişafında körpü rolunu aydın görərik.

Uğurlarımız davamlıdır. Bu davamlılığı şərtləndirən əsas amil möhkəm təmələ əsaslanan inkişaf strategiyasıdır. İnkişafın Azərbaycan modelinin mövcudluğu, onun başqa ölkələrə nümunə göstərilməsi böyük uğurdur. Dövlət başçısı İlham Əliyevin ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı illər üçün hədəfləri və onlara nail olmağın yollarını müəyyənləşdirməyə xidmət edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yüksək dəyərləndirildi. Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyini ortaya qoyan Prezident İlham Əliyev bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Ölkəmiz keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqeyini gücləndirməsi üçün Prezident İlham Əliyevin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Sülh və inkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir. Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq aydın dərk olunur ki, düzgün seçilən yol, möhkəm təmələ əsaslanan siyasət ölkənin davamlı inkişafını təmin edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Xalqımız tam əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha böyük uğurlara imza atacaq.

Ümumiyyətlə, Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.

Sizin Reklam Yeriniz