Əlaqə Arxiv
news Image
2017.12.12
07:00
| A A A
Avropa hələ də ikili standartlar şakərindən xilas ola bilmir
Azər Həsrət: “Azərbaycana siyasi müstəvidə Qərbin dəstək verməməsi onların ikili standart siyasətindən qaynaqlanır” Məmməd Əlizadə: “Qərbin Azərbaycana siyasi müstəvidə ikili standartdan yanaşması ölkəmizin dünya miqyasında artan nüfuzunu həzm edə bilməmələrindən qaynaqlanır”

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında, sərfəli nəqliyyat marşrutlarına çıxışında mühüm rol oynayır. Bakının patronajlığı altında olan Bakı-Tiflis-Ceyhan neft kəməri, ardınca da TANAP, TAP kimi qaz layihələri “köhnə dünya”nın enerji təhlükəsizliyində olduqca mühüm əhəmiyyətə malik layihələrdəndir. Buna Bakı-Tiflis-Qars dəmir yolunun əlavə edilməsilə Azərbaycan əlverişli nəqliyyat marşurutu rolunu da öz üzərinə götürmüş olur. Yəni Qərb enerji məsələləri və nəqliyyat marşurutları məsələsində özü üçün yaşana biləcək bu və yaxud digər problemləri məhz Azərbaycanın əsas iştirakçı olduğu iqtisadi layihələr hesabına neytrallaşdıra bilir. Bu da ondan xəbər verir ki, iqtisadi amillərlə bağlı məsələlərdə Avropa Azərbaycana öz maraqlarına cavab verdiyindən dəstək verir. Avropa özü də bütün bunları alqışlayır. Amma maraqlıdır ki, Avropanın bu dəstək və alqışını siyasi məqamlarla bağlı məsələlərdə müşahudə etmirik. 

Azərbaycan həyata keçirdiyi siyasi fəaliyyətilə bağlı olaraq dəfələrlə yersiz və haqsız olaraq Qərbin ikiüzlü siyasətilə üzləşib. Xüsusən də ərazi bütövlüyü məsələsində Azərbaycan Qərbin tam dəstəyini almayıb. Qərbdə bir tərəfdən, dövlətlərin ərazi bütövlüyü məsələsi önə çəkilir. Lakin digər tərəfdən də başqa dövlətin ərazisini işğal edən ölkəyə qarşı heç bir təzyiq və təsir mexanizmlərini işə salmırlar. Əksinə, bir çox hallarda təcavüzkarı öz əməllərilə işğalı davam etdirməyə şirnikləndirirlər. Bəs nədən siyasi müstəvidə, ərazi bütövlüyü məsələsində Avropa hələ də Azərbaycana qarşı ikili standartlara son qoymur?
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Avropanın başqa dövlətlərə, o cümlədən Azərbaycana münasibətdə siyasətində ikili standartlar həmişə əsas yer tutub: “Avropa əlbəttə ki, enerji məsələləri sahəsində ölkəmizə birmənalı dəstək verir. Avropa Birliyinə daxil olan 27 dövlətin hər birinin özünə məxsus siyasəti var və məhz özlərinə sərf edən siyasət  üzrə də hərəkət edirlər. Digər tərəfdən, Avropa Birliyinin ayrı-ayrı strukturlarında müxtəlif ölkələrin təmsilçiləri iştirak edir. Təbii ki, onlar da həm təmsil etdikləri ölkələrin mənafeyi baxımından, həm də bütövlükdə qlobal trendləri nəzərə alaraq Azərbaycan və digər dövlətlərlə münasibətlərini qururlar. Ona görə də Avropa ölkələrinin Azərbaycanla münasibətlərdə ümumi strateji xətti münasibətlərin yüksək səviyyədə olmasıdır. Çünki onlar Azərbaycanın enerji, nəqliyyat məsələlərində əhəmiyyətli rolunu anlayırlar. Amma müxtəlif təşkilatları təmsil edən, fərqli düşüncələrə söykənən siyasət adamları siyasi proseslərə həm özlərinin, həm  təmsil olunduqları dövlətlərin, həm də üzvü olduqları qurumların mənafeləri prizmasından yanaşırlar. 
Avropadan Azərbaycan, onun rolu, önəmi, yeri barədə müsbət fikirlər eşidirik. Amma bununla bərabər təəssüf ki, Azərbaycanla bağlı arzuolunmaz və çox zaman ikili standartlara əsaslanan addımların da şahidiyik. Bu da bəzi Avropa ölkələrində hakimiyyətdə olan ayrı-ayrı fərdlərin fərqli qruplara bağlı olması, müxtəlif dövlətləri təmsil etməsilə bağlıdır. Ümumilikdə götürdükdə, Azərbaycana siyasi müstəvidə Qərbin dəstək verməməsi onların ikili standart siyasətindən qaynaqlanır. Lakin bütün bunlar bizi narahat etməməlidir. Çünki Azərbaycan doğru bildiyini edir. 
Bakı-Tiflis-Ceyhan neft boru kəməri tikiləndə də bir çox ölkələr Azərbaycana təzyiq mövqeyindən yanaşırdı. Amma bu gün hər kəs görür ki, BTC tam günü ilə işləyir. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiy yolu ilə bağlı da xaricdən gələn müəyyən tənqid və sancmaların şahidi olurduq. Lakin bu problem də həllini tapdı. TANAP və TAP layihələrinin işə salınması ərəfəsində də kimlərsə yenə də ortanı qarışdırmağa, Azərbaycanın əl-qolunu bağlamağa çalışır. Amma bütün bunlar əbəs yerə edilir. Çünki Azərbaycan elə bir dövlətdir ki, onunla kimsə zor dilində danışa, nəyisə diktə edə bilməz. Digər tərəfdən də kimsə bizi doğru bildiyimiz layihələrin gerçəkləşdirilməsi, eləcə də Avropa ilə sız münasibətlərin qurulmasından çəkindirə bilməz. Bunlar baş verir, amma Azərbaycan da zəif deyil ki, onların qarşısında geri çəkilsin”.
Politoloq Məmməd Əlizadə düşünür ki, Azərbaycanın imicinin artması Avropanı narahat etdiyindən onlar siyasi müstəvidə ölkəmizə ikili standartlar prizmasından yanaşırlar: “Avropa dövlətləri əksər hallarda digər ölkələrə münasibətdə ikili standartlara söykənən siyasi xətt yürüdürlər. Siyasi xəttin təməl prinsiplərində isə dövlət maraqları önəmli yer tutur. Avropa üst fonda Azərbaycanla iqtisadi əlaqələr qurur, onunla dostluq münasibətləri yaradır. Amma altdan-altdan Qərb müsəlman ölkələrinə münasibətdə xristian təəssübkeşliyi prizmasından yanaşırlar. Məhz xristian təəssübkeşliyi məqamı gələndə bu amil özünü büruzə verir. 
Qərb Azərbaycanın dünya miqyasında artan nüfuzunu həzm edə bilmir. Son zamanlar Azərbaycan iqtisadi cəhətdən güclənib. Həmçinin siyasi anlamda da ölkəmizin dünya miqyasında nüfuzu artmaqdadır. Azərbaycanın nüfuzunun artması isə digərləri kimi Avropanı da qıcıqlandırır. Ona görə də ölkəmizin əldə etdiyi uğurlara, ərazi bütövlüyümüzün təmin edilməsi sahəsində atdığımız addımlara Avropa xristian gözü ilə baxır. Ona görə də iqtisadi cəhətdən Qərblə ciddi əməkdaşlıq etsək də, siyasi məsələlərdə fərqli mövqe sərgiləyir, xristianların könüllərinə dəymirlər. Dünyada terror və korrupsiyanın əsası da məhz Avropada qurulub. Amma bir ərəb bir insanı öldürən kimi bütün dünya onu müzakirə edir. Lakin Avropa ölkələrində baş verən belə hadisələrin üstündən sükutla keçməyə üstünlük verirlər».
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz