Əlaqə Arxiv
news Image
2017.12.19
18:09
| A A A
Heydər Əliyev adına Neft Emalı Zavodu beynəlxalq şirkətlə müqavilə imzaladı - FOTO

SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib.

Movqe.az Trend-ə istinadən bildirir ki, müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə Baş direktoru Enrique Alsina Massana imzalayıblar.

NEZ-da İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPCEPCm) mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin İdarəedilməsi üzrə Podratçı SOCAR-KBR şirkəti tərəfindən müvafiq Seçim Proseduru keçirilib. 10 beynəlxalq şirkətin iştirak etdiyi Seçim Prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlib. Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:

• yeni qurğuların inşası və

• mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.

TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini əhatə edir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik edib: "Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-da yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, Tecnicas Reunidas şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcəkdir".

İmzalanma mərasimində çıxış edən TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua deyib: "Tecnicas Reunidas şirkətinə göstərilən etimada görə SOCAR rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirirəm. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram".

 

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək "Avro-5" keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək "Avro-5" keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri "Avro-5" standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş "Azərneftyağ" NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

Tecnicas Reunidas beynəlxalq podratçı şirkətdir. TR neft-qaz sektorunda mühəndislik və tikinti üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Fəaliyyət sahələri: mühəndislik, sənaye obyektlərinin tikintisi və dizaynı, neft-kimya sənayesi, bərpa olunan enerji, gübrə və qeyri-üzvi kimya, ətraf mühitin mühafizəsi, metallurgiya və s. Şirkət Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Yunanıstan, Meksika, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Viyetnamda fəaliyyət göstərir. Beynəlxalq layihələr şirkətin illik dövriyyəsinin 70%-ni təşkil edir. Şirkət indiyədək 1000-dən artıq sənaye müəssisəsini layihələndirərək inşa etmişdir.

Baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən "KBR" mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Ötən dövr ərzində enerji, karbohidrogen, elektrik enerjisi, sənaye və mülki infrastruktur, minerallar, dövlət orqanları və kommersiya sektorlarının qabaqcıl təminatçılarından birinə çevrilmiş "KBR" şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi Hasilatın Pay Bölgüsü Sazişləri üzrə xidmət göstərir. "KBR" şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin "SOCAR-KBR" -in təsis edilməsi haqqında Saziş 2015-ci il martin 18-də Bakıda imzalanmışdır. Yaradılan yeni müştərək müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), layihə idarəetmə və tikinti xidmətlərini həyata keçirir.

 

Sizin Reklam Yeriniz