Əlaqə Arxiv
news Image
2017.12.21
09:00
| A A A
Azərbaycan- Avropa İttifaqı əməkdaşlığı yeni səviyyəyə yüksəlir
Aydın Mirzəzadə: “Avropa İttifaqı ilə Azərbaycanın yeni sazişi regionda stabillik və təhlükəsizliyin daha da güclənməsinə xidmət edir” Asim Mollazadə: “Yeni saziş təhlükəsizlik, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızı təmin edəcək”

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasındakı yeni saziş onların əməkdaşlığını yeni səviyyəyə yüksəldəcək. Bunu nu Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ATƏT-in Vyanada keçirilən Daimi Şurasında deyib: "Biz Azərbaycanla yeni saziş üzrə danışıqlar aparırıq. Bu saziş əməkdaşlığımızı yeni səviyyəyə yüksəldəcək". Bəs, burada söhbət hansı səviyyədən gedir və bu, Azərbaycana nələr verəcək?

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Avropa İttifaqı  ilə Azərbaycan arasında olan yeni saziş ilk növbədə ölkəmizin maraqlarına cavab verir: “Azərbaycan Avropa Tərəfdaşlıq Proqramına qoşulduğu zaman Avropa İttifaqına proqramın üzvü olan hər bir ölkə ilə xüsusi saziş imzalanmasını təklif etmişdi. Yəni, hər bir ölkə öz inkişafında özünəməxsus problemlərlə üzləşir, özünəməxsus inkişaf yollarından keçirlər. Bu amillər də tərəfdaşlıq prosesində nəzərə alınmalıdır. Təəssüf ki, uzun müddət  Avropa İttifaqı  Azərbaycanın həmin təklifini nəzərə almadı. Ancaq son dövrlər münasibətlərin inkişafı sonda Avropa İttifaqının Azərbaycanın təklif etdiyi variant üzərində dayanmasına gətirib çıxartdı. 
Düzdür, yeni sazişin detalları açıqlanmır. Amma ümid etmək istərdim ki, məhz bu məsələlər yeni sazişdə öz əksini tapacaq. Həmin məsələlərin yeni sazişdə öz əksini tapması ilə ilk növbədə Azərbaycanın maraqları nəzərə alınır. Azərbaycan və Avropa İttifaqı ümumi maraqlar üzərində qurulan münasibətlərdən yararlanırlar. Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənir. Ölkəmiz öz problemlərini Avropa İttifaqının diqqətinə çatdırır. Ən əsası yeni saziş regionda stabillik və təhlükəsizliyin daha da güclənməsinə xidmət edir”.
Milli Məclisin deputatı Asim Mollazadə düşünür ki, yeni saziş Avropa İttifaqı  ilə Azərbaycan arasında çoxsahəli əməkdaşlıqda yeni səhifələr açacaq: “Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Azərbaycan bu qurumla enerji sahəsində tərəfdaşlıq sazişinə malikdir. Bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyində böyük rol oynaması ilə bağlıdır. Yeni saziş isə bu mənada təhlükəsizlik, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızı təmin edəcək. 
Əminəm ki, yeni sazişdən irəli gələn əməkdaşlıq həm tərəfdaşlıq sazişi, həm də dəyərlər üzərində qurulan bir əməkdaşlıq olacaq. İqtisadi, həm humanitar sahədə Avropa İttifaqı Azərbaycanın əsas xarici tərəfdaşıdır. Ona görə də yeni saziş çoxtərfəli, çoxşaxəli əməkdaşlığımızda mühüm rol oynayacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz