Əlaqə Arxiv
news Image
2017.12.21
09:40
| A A A
Düşmən ölkədə hakimiyyət daxilində qanlı savaş
Araz Aslanlı: “Sarkisyan rejiminə qarşı etirazın şiddətləndiyini nəzərə alsaq, bu ölkədə qarşıdakı siyasi proseslər də qanlı hadisələrlə müşayiət olunacaq” Qabil Hüseynli: “Sarkisyan dövrü artıq qapanmaq üzrədir”

Ermənistanda hakimiyyət rəhbərliyi uğrunda Serj Sarksiyanla baş nazir Karen Karapetyan arasında savaş dərinləşir. Verilən açıqlama və informasiyalardan belə görünür ki, artıq işğalçı ölkədə indiki prezidentin gələn il baş nazir olmaq arzusu puç ola bilər. Çünki Karen Karapetyan indiki postunda qalmaqla ölkəni idarə edən əsas şəxs olmaq niyyətinə düşüb və bununla Sarksiyan razılaşmır.  

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, işğalçı ölkədə qarşıdan gələn siyasi proseslərdə qanlı olaylarla müşayiət olunacaq: “Ermənistanda daxili siyasi proseslər, siyasi mübarizə normal şəkildə cərəyan etmir. Burada siyasi proseslər baxımından kifayət qədər məhdud imkanlar var. Həm hakimiyyətə qarşı hansısa bir qüvvənin mübarizə aparması imkanları məhduddur. 
Eyni zamanda hakimiyyətin özünün də siyasi proseslərlə bağlı təkbaşına qərar qəbul etmək imkanları da geniş deyil. Ermənistanda daxili və xarici siyasətlə bağlı proseslərə kənar təsirlər daha genişdir. Burada müəyyən qonşu dövlətlər, həm də xaricdəki erməni lobbisinin təsir imkanları öz sözünü deyir. Məhz bu iki amil daxildəki istər hakimiyyət, istərsə də ona müxalif olan qüvvələrin siyasi imkanlarını məhdudlaşdırır. Yəni, Ermənistan daxilində siyasi prosesləri analiz edəndə bunları da nəzərə almalıyıq. Eyni zamanda, Ermənistanda 1997 və 2008-ci illərdə hakimiyyət uğrunda mübarizədə müəyyən proseslər baş verib. Bu proseslər qanlı hadisələrlə müşayiət olunub. Müəyyən məqamlarda bu qanlı proseslər xarici qüvvələr tərəfindən planlaşdırılıb. 2008-ci ildə Sarkisyan ona etiraz edən dinc əhaliyə qarşı amansızcasına rəftar edərək odlu silahdan istifadə etməklə güc tətbiq etdi. 
Son illər Sarkisyan rejiminə qarşı etirazların daha da şiddətləndiyini nəzərə alsaq, bu ölkədə qarşıdakı siyasi proseslərin də qanlı hadisələrlə müşayiət olunacağı istisna deyil. Ordudakı özbaşınalıqlar, həm də Ermənsitanın sosial-iqtisadi vəziyyətinin acınacaqlı olaraq qalması ilə bağlı yaşanan proseslər fonunda Ermənistanda bütün hallarda güman ki, seçki prosesinin nəticəsini daxili faktorlar müəyyən etməyəcək. İşğalçı ölkə daxilində demokratik proseslərin ancaq normal gedəcəyi təqdirdə, bu proses Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə müsbət təsir edə bilər. Bu fonda Ermənistanda cəmiyyətində Azərbaycan ərazilərini işğalda saxlamağın onlara fayda vermədiyi barədə düşünmək imkanları yaranacaq. Yəni, Ermənistan cəmiyyəti öz vəziyyətini doğru təhlil etmək imkanında olsaydı, bunun danışıqlar prosesinə müsbət təsiri olardı. Ancaq təəssüf ki, Ermənistanda bu hal real görünmür. Amma işğalçı ölkədə hakimiyyət daxili savaşın və qarşıdurmanın güclənməsi Dağlıq Qarabağ münaqişəsinin hərbi-diplomatik yolla həllinə yeni imkanlar yaradar. Bu müstəvidə münaqişənin həlli üçün Azərbaycan qarşısında əlavə imkanlar yarana bilər”. 
Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistanda hakimiyyət arasında çaxnaşmaların münaqişənin həllinə hər hansı bir formada təsiri olmayacaq: “Doğrudan da Ermənistanda prezident Sarkisyanla baş nazir Karapetyan arasında savaş günü-gündən daha da dərinləşir. Bu mübarizədə də qalib tərəf ehtimallara görə, Karapetyan olacaq. Buna şübhəm yoxdur. 
Sarkisyan dövrü artıq qapanmaq üzrədir. Çünki Moskva baş nazirin arxasındadır. Onu da düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə Karapetyan Sarkisyanla müqayisədə daha radikal olacaq. Amma o da var ki, həmin məsələyə münasibətdə ermənilərin əksəriyyəti eyni mövqedədir. Bu mənada Ermənistanda iqtidar daxili çəkişmələrin kəskinləşməsi və hakimiyyət dəyişikliyinin Qarabağ probleminin həllində ciddi nəticələrə gətirib çıxaracağı qənaətində deyiləm. Çünki prosesin başında dayanan Rusiyadır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz