Əlaqə Arxiv
news Image
2017.12.26
07:00
| A A A
Qarabağ uğrunda son savaş
Elman Məmmədov: “Eməni cəmiyyəti baş verəcək növbəti savaşın Azərbaycan Ordusunun qələbəsilə nəticələnəcəyini bildiyindən təşvişə düşüb” Fərəc Quliyev: “Aİ-nin Azərbaycanın haqq səsini dəstəkləyən qətnaməsindən sonra ermənilər ciddi təşvişə düşüblər”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüş haqda dediyi sözlər İrəvanda narahatlıq yaradıb.

Məmmədyarov Nalbandyanla gələn il planlaşdırılan görüşü haqda danışarkən, “Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun” deyə bildirib.
Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Bakı nəticə deyəndə ərazilərin qaytarılmasını nəzərdə tutur: “Söhbət ilkin mərhələdə Qarabağ ətrafındakı ərazilərin azad olunmasından gedir. İrəvanda görüşün olacağı təsdiq olunur, lakin detallar haqda susurlar. “Aprel müharibəsi”ndən sonra Vyana və Sankt-Peterburq razılaşmaları olsa da, bu yalnız kağız üzərində qaldı. Müharibə istisna deyil, çünki heç bir irəliləyiş yoxdursa və danışıqlar dalana dirənibsə, Azərbaycan vəziyyətlə barışmayacaq. Bu isə müharibənin yenidən alovlanması ilə nəticələnə bilər”. Erməni tərəfinin yeni savaş qorxusu nədən qaynaqlanır və mümkün yeni savaşın həm də Qarabağ uğrunda son savaş olmasını gözləmək olarmı? 
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, işğalçı ölkənin yeni savaş qorxusu onların növbəti dəfə daha ağır və sarsıdıcı məğlubiyyətə düçar olacaqları qorxusundan qaynaqlanır: “Erməni şərhçi Sarkis Artsruni düzgün fikir söyləyib. Hesab edirəm ki, həmin şərhçi Azərbaycan Prezidenti və xarici işlər nazirinin bütün görüşlərdə səsləndirdikləri fikirləri diqqətlə izləyərək ondan düzgün nəticə çıxarır. 
Azərbaycan Prezidenti İlham Əliyev bütün görüş və tədbirlərdə Dağlıq Qarabağ məsələsindən danışarkən birmənalı olaraq vurğulayır ki, ərazi bütövlüyümüzü təmin etmək üçün bütün vasitələrə əl atacağıq. İlk növbədə istəyirik ki, danışıqlar, sülh yolu ilə düşmən ərazilərimizi tərk etsin. Təbii ki, bu olmayanda hərbi gücümüzdən istifadə edəcəyik. Elmar Məmmədyarov da bir daha belə fikir səsləndirib ki, nəticəsi olmayan danışıqlar sonsuzluğa qədər davam edə bilməz. 25 ildən çoxdur ki, müxtəlif səviyyələrdə danışıqlar davam edir. Ancaq nəticə yoxdur. Nəticə o zaman olacaq ki, ərazilərimiz işğaldan azad edilsin. 
BMT özünün qəbul etdiyi 4 qətnaməni icra etdirmir, başqa beynəlxalq qurumlar işğalçının nazı ilə oynayır, həmsədr dövlətlər loyal mövqe sərgiləyərək nəticəyə nail olmursa, son anda Azərbaycan torpaqları azad etmək üçün hərbi gücündən istifadə etməlidir. Bu birmənalıdır. Bu zaman məsuliyyət də artıq Azərbaycanın üzərinə düşmür. Azərbaycan neçə illərdir bəyan edir ki, torpaqlarımızı azad edəcəyik və bunun sülh yolu ilə olmasını istəyir. Ancaq görürük ki, faydası yoxdur. Erməni tərəfinin həyasızlığı, ədalətsizliyi, beynəlxalq qanunlara əməl etməməsi, işğalçılıq siyasətini davam etdirməsi üzündən nəticə yoxdur. Bu olmadığı halda təbii ki, Azərbaycan özünün güclü ordusundan istifadə edərək torpaqları işğaldan qurtaracaq. Məhz bu məsələ erməni cəmiyyətini təşvişə salıb. Çünki onlara da gün kimi aydındır ki, baş verəcək növbəti savaş Azərbaycan Ordusunun qəti qələbəsilə nəticələnəcək və ərazilərimiz işğaldan azad olunacaq”.  
Milli Məclisin deputatı Fərəc Quliyev öncə qeyd etdi ki, problem paket şəklində həll olunmalıdır: “Mərhələli həll planı isə birdəfəlik arxivə verilməlidir. Çünki BMT-dən sonra Avropa İttifaqı da qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qeyd edərək işğalçı ordunun bu ərazilərdən çıxmasını tələb etdi. İşğal olunmuş ərazilər deyəndə də həm Dağlıq Qarabağ, həm də Aran Qarabağ,yəni, bütün zəbt olunmuş ərazilərimizdən söhbət gedir. Aİ-nin qəbul etdiyi bu qətnamə hüquqi cəhətdən ciddi bir sənəddir və ona istinad etmək də mümkündür. Ona görə də erməni tərəfi belə narahat olmağa başlayıb. Yəni, BMT qətnamələrindən sonra Aİ-nin də birmənalı şəkildə Azərbaycanın haqq səsini dəstəkləyən qətnamə qəbul edir. 
Bu qətnamənin həyata keçməsi üçün ya BMT nizamnaməsinin 7-ci bəndi və 45-48 paraqraflara istinad edilməklə lazımı addımlar tətbiq olunmalıdır. Ya da beynəlxalq konvensiyalara görə, beynəlxalq qurumlar iş görməyəcəyi təqdirdə Azərbaycan tərəfi həmin konvensiyaya əsaslanaraq hərbi tədbirlərə əl atacaq. Ölkə Prezidenti də qeyd edib ki, bu cür status-kvo uzun müddət davam edə bilməz. Bununla heç kim barışmayacaq və bütün vasitələrdən istifadə etməklə torpaqları geri qaytaracağıq. Yəni, ermənilər savaşın olmamasına nail olmaq üçün indiyə kimi Avropanın kölgəsinə sığınırdısa, artıq Aİ-nin qətnaməsində işğal olunmuş ərazi ifadəsi varsa, bu, hərbi yolla ərazilərimizin işğaldan azad edilməsinə imkan verir. Ermənilərin narahatlığı və qorxusu da məhz bundan irəli gəlir. Bu narahatlıq da yerinə düşən narahatlıqdır. İstəmirlərsə problem olsun, dinc yolla torpaqlarımızı tərk etsinlər. 
Savaş təbii ki, Azərbaycan Ordusunun qəti qələbəsilə nəticələnəcək. Biriləri Azərbaycanı Rusiya ilə qorxutmaq istəyir ki, Ermənistanın arxasında Moskva dayanıb. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirmir ki, kimsə müttəfiq olaraq prosesə müdaxilə etsin. Üstəlik təmizləmə əməliyyatı beynəlxalq qanun və qətnamələrə əsasən olur. Savaş da artıq biri digərinə əzələ nümayiş etdirmək üçün deyil. Burada söhbət işğal olunmuş ərazilərimizdən yad ünsürləri vurub kənara atmaqdan gedir. Sonuc olaraq torpaqlarımız azad olunacaq”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz