Əlaqə Arxiv
news Image
2017.12.29
09:00
| A A A
Xəzərin status probleminə son qoyulur
Məhəmməd Əsədullazadə: “Xəzərin hüquqi statusunun müəyyən olunmasından sonra Azərbaycan öz ərazi sularında iqtisadi və enerji layihələrini tam şəkildə həyata keçirəcək” Sədrəddin Soltan: “Belə bir vacib problemin həlli ilk növbədə təhlükəsizliklə bağlıdr”

Xəzər dənizinin bölgüsünün razılaşdırılması ilə bağlı yeni maraqlı məlumatlar yayılıb. Belə ki, Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant"a müsahibəsində Xəzər dənizinin bölgü prinsipinin razılaşdırıldığını bildirib: “Bəli. Lakin indi detallara varmaq istəməzdim”,- deyə Rusiya XİN başçısının müavini Xəzərin bölgü prinsipi razılaşdırılıbmı sualına cavabında bildirib. Siyasilər isə Rusiya tərəfindən gələn bu açıqlamaya birmənalı yanaşmırlar. Ancaq bölgü prinsipi razılaşdırıldığı təqdirdə bölgənin təhlükəsizliyi və əməkdaşlığın təmin olunması baxımından bütün dövlətlər üçün sərfəli olacağı düşünülür. 

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki,  Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üçün 20-ildən artıqdır danışıqlar davam edir: “SSRİ-nin  süqutundan sonra əsasən İran və Türkmənistan dənizin pay bölgüsündən narazı olaraq, yenidən özlərinə daha çox ərazi ələd etmək üçün iddialar irəli sürdülər. Bu iki ölkənin daha çox paya sahib olması, əsasən Azərbaycanın ərazi sularını təhdid edirdi. 
Azərbaycanın prinsipial mövqeyi, Türkmənistan və İrana qarşı heç bir güzəştə getməməsi ölkənin suverenliyinin möhkəmləndirilməsinə xidmət edirdi. Uzun illər aparılan danışıqlar nəticəsində Rusiya və Qazaxıstanla orta xəttin müəyyənləşdirilməsinə nail olundu və onlarla müqavilə imzalandı. Türkmənistan və İranın ziddiyyətli yanaşmaları isə Xəzərdə ümumi əməkdaşlığı sual altına qoyur. Aparılan danışıqlar nəticəsində son illər Aşqabad və Tehranın mövqeyində yumşalma nəzərə çarpdı. Azərbaycanın geosiyasi və nəqliyyat sahəsində əhəmiyyətli bir ölkə olması, “Transxəzər” qaz kəmərinin çəkilməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin tikilməsi, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Tehran səfəri çərçivəsində iki ölkə liderləri ilə aparılan danışıqlar nəhayət ki, Xəzərin hüquqi statusunun müəyyən olunmasında əlverişli şərait yaratdı. Ötən ay Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə yekun konvensiya hazır oldu. İmzalanması gələn il beş sahilyanı dövlətin prezidentlərinin Astana görüşündə həyata keçiriləcək. 
Hazırda Konvensiyada Azərbaycanın ərazi sularına heç bir təhdid və digər ölkəyə güzəştə getmək bəndi yoxdur. Xəzərin hüquqi statusunun müəyyən olunmasından sonra Azərbaycan öz ərazi sularında iqtisadi və enerji layihələrini tam şəkildə  həyata keçirəcək.  Nəzərdə tutulan “Transxəzər” qaz boru kəməri yekun konvensiyanın imzalanmasından sonra çəkiləcək. Azərbaycan Xəzər dənizinində öz ərazi sularını qorumaqla, siyasi və iqtisadi gücünü ortaya qoymuş oldu”.
“Kaş, Karsinin dedikləri düz olaydı”. Bu sözləri siyasi şərhçi Sədrəddin Soltan bildirdi: “Ancaq Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən demişdi ki, mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Əsas məsələ İran və Türkmənistanla delimitasiyasıdır. Gələcəkdə onların istifadəsi beynəlxalq hüquq normaları əsasında həll olunacaq. 
Su məkanı baxımından Konvensiyada hər şey aydın göstərilib və beştərəfli razılaşma olacaq. Q. Karasin Rusiyanın xairic işlər naziri Sergey Lavrovun dekabrın 5-də keçirilən görüşdən sonrakı bəyanatını təkrarlayıb. S. Lavrov demişdi ki, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik. İran Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir və s. Moskva görüşündən sonra İran XİN sözçüsü bəyan etdi ki, Xəzərin statusu ilə bağlı mövqeləri dəyişməyib”. 
Ekspet əlavə etdi ki, Xəzərin bölünməsinin başa çatması bu akvatoriyada olan dövlətlərin su sərhədlərinin həlli məsələsidir: “Belə bir vacib problemin həlli ilk növbədə təhlükəsizliklə bağlıdr. Başqa sözlə, problem həll olarsa, qonşu dövlətlərdən heç biri Azərbaycananın su sərhdinin qanunsuz poza bilməz. Düzdür, bunu son zamanlar pozan olmayıb. Ancaq əvvəllər İran bu istiqamətdə dəfələrlə cəhdlər göstərib. Odur ki, Xəzərin bölünməsi bölgənin təhlükəsizliyi və əməkdaşlığını təmin olunması baxımından bütün dövlətlər üçün sərfəli sayıla bilər. Azərbaycan üçün də iddialı qonşu dövlətlər problem yarada bilməzlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz