Əlaqə Arxiv
news Image
2018.01.20
08:00
| A A A
Qarabağ münaqişəsinin həllnin uzanması regional fəlakətlərə gətirib çıxaracaq
Elçin Mirzəbəyli: “Bu ehtimal ilk növbədə beynəlxalq güclərə verilən mesajdır ki, münaqişənin həll olunmaması fonunda fəlakətin regional mistəviyə sirayət etməsi də istisna deyil” Hikmət Babaoğlu: “Həmsədrlərin mövqesizliyi, problemin həllində qətiyyət göstərməməsi məhz gərginliyi artıran və bu fəlakətin regional müstəviyə keçə biləcəyinə səbəb olacaq səbəblərdən biridir”

 "Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər". Bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində qeyd edib. Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional miqyasda hansı fəlakətlər yarada bilər?

BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, Beynəlxalq Böhran Qrupu həmin məqalə ilə diqqətə çatdırır ki, Qarabağ münaqişəsinin həll olunmayaraq qalması son nəticədə regional miqyasda da fəlakətlərə gətirib çıxaracaq: “2016-cı ilin  aprelində baş verən döyüşlərin miqyası əsasında prinsip etibarı ilə müharibənin yenidən alovlana biləcəyi ehtimalını gördük. Hansı ki, yenidən alovlanan müharibə birmənalı şəkildə Ermənistan üçün acınacaqlı nəticələrə səbəb olacaq. Azərbaycan Silahlı Qüvvələri indiki şəraitdə Ermənistanın aqressiv siyasətinə qarşı adekvat tədbirlər görmək və torpaqlarımızı azad etmək gücü və əzmindədir. Bu baxımdan hesab edirəm ki, Beynəlxalq Böhran Qrupu bölgədəki qüvvələr nisbəti, Ermənistandakı durumu, işğalçı ölkə ordusunun vəziyyəti, onun yürütdüyü siyasətin konstruktiv olmadığını, eyni zamanda bölgədə müharibənin alovlanmasında maraqlı olan qüvvələrin istək və arzularını, habelə Azərbaycanın uzun illər boyu işğalçılıq siyasətinə dözməyəcəyini nəzərə alaraq, belə qəbildən olan bəyanatlarla çıxış edirlər. 
Qeyd edim ki, bu hesabat Beynəlxalq Böhran Qrupu tərəfindən verilən heç də yeni hesabat deyil. Mütəmadi olaraq həmin qrup  bölgədə müharibənin alovlanması və onun böyüyərək regional fəlakətə səbəb olacağı ilə bağlı  ehtimallar irəli sürür. Bu ehtimal da ilk növbədə beynəlxalq güclərə verilən mesajdır ki, münaqişənin həll olunmaması fonunda regional miqyasda fəlakətin olması da istisna deyil. Ermənistan işğalçılıq siyasətini davam etdirərək, danışıqlar prosesində konstruktiv mövqe sərgiləməkdən yayınmaqda davam edərsə, heç şübhəsiz, müharibə qaçılmaz olacaq. Azərbaycan Silahlı Qüvvələri erməni xalqını da Ermənistandakı işğalçı rejimdən azad edəcək. Bu halda onun miqyasının haqqında daha çox ATƏT-in Minsk qrupu həmsədrləri, ilk növbədə Ermənistan özü düşünməlidir.  Şübhəsiz ki, müharibə böyük dağıntılar deməkdir və yenidən alovlanmaqla digər regionlara yayılmasına da gətirib çıxara bilər. Amma belə vəziyyət yaranarsa, onun  da günahkarı Ermənistandır”.  
Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Qarabağ problemi həll olunmayana qədər regional gərginlik də qalacaq: “Çünki Azərbaycan istənilən şəkildə öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır. Regionun iqtisadi, siyasi, enerji, nəqliyyat sabitliyi birinci növbədə məhz Azərbaycanla bağlıdır. Heç şübhəsiz ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, Azərbaycan müxtəlif məcburetmə vasitələrinə əl atacaq. Həmin məcburetmə vasitələrindən biri də hərbi-siyasi gücün tətbiq edilməsi ola bilər. Bu isə əlbəttə ki, bölgədə gərginlik yaradacaq. Ona görə düşünürəm ki, Beynəlxalq Böhran Qrupunun həmin mövqeyi problemi həll etməyə vəzifələndirilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün dəyərləndirəcək fikir kimi də nəzərə alınmalıdır. 
Bu günlərdə xarici işlər nazirləri səviyyəsində növbəti bir görüş oldu. Təəssüf ki, yenə də ATƏT-in Minsk qrupunun bəyanatında problemin həllindən daha çox, ATƏT sədrinin xüsusi nümayəndəsinin təmas xətindəki ofisinin daha da genişləndirilməsilə bağlı bəyanatını eşitdik. Bu isə yolverilməzdir. Təmas xəttində ofis yaratmaq və onu genişləndirmək heç bir halda münaqişənin həllinə töhvə verəcək vasitə kimi görünə bilməz. Təmas xətti müvəqqətidir, bu gün var, sabah olmayacaq. Çünki Azərbaycan bu işğalla barışmayacaq. Ölkəmizin nüfuzu günü-gündən artır, böyük müqalayihələr həyata keçirir.Ona görə yaxşı olarkı həmsədrlər daha çox işğalçı ölkənin işğal etdiyi torpaqlardan çıxarılması barədə düşünsünlər. Həmsədrlərin bu mövqesiz mövqedə olması, problemin həllilə bağlı lazımi qətiyyət göstərməmələri də məhz gərginliyi artıran və bu fəlakətin regional müstəviyə sirayət edə biləcəyinə səbəb olacaq səbəblərdən biridir. Hazırki beynəlxalq şərtlər göstərir ki, Avropanın cənub sərhədi və Rusiyaya sərhəd region kimi yerləşdiyimiz bölgə xüsusi əhəmiyyətli bir ərazidir. Ona görə burada gərginliyə ehtiyac yoxdur. Bu səbəbdən həmsədrlər daha fəal olmalı, həll istiqamətində daha ciddi addımlar atmalıdırlar”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz