Əlaqə Arxiv
news Image
2018.02.02
13:40
| A A A
Sona Vəliyeva: “Ulu öndər Cavidin nəşini Azərbaycana gətirməklə türkçülüyü ölkəmizə qaytardı”

Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkilatçılığı ilə “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
Movqe.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının dəyərli şəxsiyyəti olduğunu deyib və onun keçdiyi çətin həyat yolundan danışıb:
“Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan şəxsdir. O, yalnız “Şeyx Sənan” əsəri və ya “Azər” poemasını yazsaydı, ədəbiyyat tariximizdə qalacaqdı. Belə bir müsabiqəni təşkil etdiyinə görə Sona xanım Vəliyevaya təşəkkür edirəm. Çünki bu cür tədbirlər tarixi şəxsiyyətinin adının əbədi yaşamasına xidmət edir”.
“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva bildirib ki, belə böyük bir xalqı olduğuna, belə anıldığına görə Hüseyn Cavid çox xoşbəxt ədəbiyyatçıdır:
“Cavid bəşəri ideyalarla yaşayan sənətkar olub. Hesab edirəm ki, sənətkarı məhz mühit yetişdirir. Cavidin də övliya kimi yetişməsində yaşadığı həyat və mühit mühüm rol oynayıb. Məfkurənin haradan başladığını, sənətdə tətbiqini dəyərli müəllimlərindən mənimsəyib. Cavidin bütün yaradıcılığında turançılıq və Allaha bağlılıq var. Tarixi şəxsiyyətlər yaradarkən belə onun Allaha bağlılığı hiss olunur. Cavidin yaradıcılığında onun şəxsiyyətinə xələl gətirəcək heç bir izə rast gəlinmir. Cavidin yaradıcılığını oxuyan xalqı onunla hər zaman qürur duyur. Çünki o hər zaman məfkurəyə, öz əqidəsinə sadiq qalıb. Bu gün bizi Cavidə qaytaran səbəb də məhz budur. Ulu öndər Heydər Əliyev onun nəşini Azərbaycana qaytarmaqla dövrün ideologiyasına qarşı çıxdı, həm də bununla türkçülüyü Azərbaycana qaytardı, həm də Cavidin başına gələnlərin haqsız qərar olduğunu dövrün rəhbərlərinin üzünə vurdu. Ulu öndər Cavidi Azərbaycana gətirməklə həm də o ailədən olduğunu göstərdi”.
Müsabiqə barədə məlumat verən S.Vəliyeva bildirib ki, qaliblərin seçilməsində ədalət prinsipi əsas götürülüb:
“Müsabiqəyə 108 müraciət olmuşdu. Yazılar dəyərli söz adamlarından ibarət münsiflər heyəti tərəfindən qoymətləndirilib. Münsiflər heyəti qarar verərkən Hüseyn Cavidin əsas prinsipi olan ədalət əsas götürülüb”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məməmmədli bildirib ki, həyatda bəzi müqəddəs anlar var, Hüseyn Cavidin Azərbaycana gətirilməsi müqəddəs anlardan idi:
“Bu müqəddəs qərarı da ümummli lider Heydər Əliyev verdi. Təkcə bu cəsarətli addım Heydər Əliyevi ümummilli lider adlandırmağımız üçün kifayət edir. Hüseyn Cavid də Azərbaycan tarixində müqəddəs şəxsiyyətlərdəndir. Dahi klassikimizə verilən bu dəyərə görə Sona xanıma da təşəkkür edirik”.
Müsabiqənin münsiflər heyətinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı milli kimliyimizə ayırdıqları diqqətə görə “Kaspi” təhsil mərkəzinə və şəxsən Sona Vəliyevaya təşəkkür etdiyini bildirib:
“Cavidin Azərbaycana qaytarılması tarixi bir gün idi. Hesab edirəm ki, bu barədə danışmağa hər kəsdən çox Cavidin nəşini Azərbaycana gətirən Həmid Cəfərovun haqqı var. Bu gün tarixi bir gündür. Hər hansı şair və yazıçının yubileyinə müsabiqə təşkil edilməsi və bu qədər çox müraciətin olmasını xatırlamıram. Cavid Azərbaycan tarixində iz qoymuş və əbədi yaşayacaq sənətkardır”.
Tədbirin sonunda müsabiqənin qaliblərinə diplom və pul mükafatları təqdim edilib.

Sizin Reklam Yeriniz