Əlaqə Arxiv
news Image
2018.04.04
09:40
| A A A
Radikalçıların arzuları çiçək açmaq əvəzinə solur
Avropadakı anti-Azərbaycan qüvvələrin əsl niyyətləri əyan olur

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi Qərbdə müxalifət adına fəallaşmış qrupların əsl məqsədləri getdikcə daha aydın şəkildə üzə çıxır. Bu, açıq-aşkar Azərbaycanın mövcud hakimiyyətinə təzyiq etmək məqsədi daşıyır. İlk növbədə hay-küyçü zümrənin tərkibinə nəzər salanda onların ciddi bir nüfuza malik olmadıqları, sosial bazadan məhrum, Avropada yaşamaq üçün çalışan, amma buna icazə ala bilməyən insanlar olduğu üzə çıxır. Hətta onların içərisində elələri var ki, ayrı vaxt vətəndən, eldən-obadan dəm vurur. Bəs niyə indiki seçkilər dövründə bu adamlar belə canfəşanlıq eləməyə başlayıblar. 

Qəribə mənzərə yaranıb: daim Avropa strukturlarından Azərbaycan iqtidarına yönələn yersiz və əsassız ittihamlar bu dəfə müsbət rəylərlə ifadə olunur. Yəni, Avropada artıq həqiqət dərk edilməyə başlanıb. Azərbaycanın inkişafı, demokratik istiqaməti prioritet olaraq seçməsi opponentlərimizin diqqətini cəlb edib və onlar bu yolun asan olmadığını bildiklərindən hadisələrin inkişafını daha rasional qiymətləndirməyə üstünlük verirlər. Konkret olaraq, seçki prosesinə hazırlığın gedişi barədə tərtib olunan hesabat bu münasibətin aydın göstəricisidir.
Amma əvəzində bir qrup, hətta sərrast danışıq qabiliyyətinə malik olmayan şəxslər Azərbaycana qarşı təhqir, şantaj, söyüş, hədə-qopxuyla dolu virtual terror yürüşünə başlayıblar. Bəli, bu, terrordur-mənəvi terror. Amma, sadəcə üzdən belə görünür. Əslində isə kütləvi itaətsizlik aksiyalarına çağırmaqla İŞİD-in Yaxın Şərqdə törətdiklərini Azərbaycana sürükləmək məqsədini daşıyır. Ola bilər, bu adamların özləri bu tendensiyanı hiss etməsinlər. Lakin gedişat bunu təsdiqləyir. 
Belə olan təqdirdə məntiqi sual doğur: bu “ştreykbrexerlər” əməllərinin nəticəsi barədə düşünə bilirlərmi? Bunu dəqiq bilmək olmur. Dəqiq bilinən odur ki, kimlər Azərbaycanda sabitliyin pozulmasında, dağıntıların baş verməsində, vətəndaş qarşıdurması yaratmaqda maraqlıdırlar. İlk növbədə bu, xaricdəki erməni lobbisidir. Çünki, Qarabağın azad edilməsi üçün hərəkətə keçiləcəyi tarix anbaan yaxınlaşır. Xarici və yerli ekspertlər, hərbi mütəxəssislər bu barədə artıq müvafiq xəbərdarlıqlar ediblər. Azərbaycan Ordusunun da qüdrəti bu fikri tamamilə bölüşür. Azərbaycan Prezidenti İlham Əliyevin dəqiq və qətiyyətli mövqeyi də düşmənlərimizin yuxusuna haram qatıb. Bu səbəblərdən Azərbaycanda qarışıqlığın yaranması, xüsusilə seçkidə İlham Əliyevin qəlbəsinə mane olmağa yönələn əməllər birbaşa olaraq ermənilərin siyasətinə yarayır. Onlar təhlükədən sovuşmaq üçün Avropaya sığınan və pulu vətəndən üstün tutan bəzi azərbaycanlıların mənəviyyatsızlığını maliyyələşdirmək yolu ilə istəklərinə çatmağı düşünürlər. Bunun üçün sadəcə maliyyə buraxmaq yetərlidir. Pulgirlər dərhal işə başlayacaqlar. Çünki, belələri dolanışıq xərclərini belə satqınlıqdan çıxarmağı öyrəniblər. Erməni lobbisi isə xaricdə qazandığı pulla ölkəsini işğalçılıq siyasətinə görə cəzalanmaqdan xilas edə bilər. Bu bir variantdır.
Başqa bir variant Azərbaycan hesabına var-dövlət qazanan və demokratik quruculuğun gedişində qazanc mənbələrindən məhrum olan hansısa keçmiş korrupsioner məmurların fitvası da ola bilər. Lakin maliyyə mənbəyi dəyişsə də məqsəd dəyişmir və Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmiş olur. Bütün hallarda hazırda Qərb ölkələrində “soydaşımız” adına ləkə olan bəzi azərbaycanlıların boğazlarını böhtanla yırtmaqları mənasız olduqları qədər də məyusedicidir. Azərbaycan mənəviyyatı dövlətçilikdə monolit mövqeyə malikdir və hər yoldan keçən bu birliyi sarsıda bilməz.
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz