Əlaqə Arxiv
news Image
2018.04.04
12:41
| A A A
Antimilli qüvvələr Azərbaycanı xaricdə təbliğ edənləri də hədəfə alırlar
Mais Səfərli: “Sapı özümüzdən olan baltalar çirkin niyyətlərinin Avropada ifşa olunmasından ehtiyatlanırlar”

Avropada Azərbaycana qarşı kampaniya aparan sapı özümüzdən olan baltalar ölkəmizin nailiyyətlərini xaricdə təbliğ edən, onu barəsində həqiqətləri dünyaya çatdıran soydaşlırımızı da hədəfə almağa başlayıblar. 

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, dövlətimizə qarşı çirkin kampaniya aparanların Azərbaycanı dünyada təbliğ edənləri hədəfə almasının kökündə öz əməllərinin ifşa olunmasından narahat olmaları dayanır: “Dünyanın heç bir demokratik, hüquqi dövlətində söyüş və təhqir qəbul olunmur. Xaricdə özlərinə yer edən sapı özümüzdən olan baltaların son zamanlar atdıqları söyüş və təhqirlə dolu addımları cinayət tərkiblidir. Söyüş söymək, təhqir etmək, kiminsə şərəfini,  şəxsiyətini alçatmaq cinayət tərkibi törədən hərəkətlərdir. Ona görə də bu hərəkətlərə dünyanın bütün ölkələrində, o cümlədən demokratik hüquqi dövlətlərdə hüquqi qiymət verilir. 
Azərbaycan xalqına heç bir aydiyyatı olmayan, sapı bizdən olan üzdəniraq azərbaycanlılar dövlətimizi, milli atributlarımızı təhqir edir, dövlətimizə qarşı işləyir, erməni dəyirmanına su tökürlərsə, deməli, onların Azərbaycan dövləti, xalqı və cəmiyyətinə heç bir bağlılığı yoxdur. Amma bütün bunlarla yanaşı, bir dövlət olaraq öz vətənimizin, xalqımızın şərəfini, vətəndaşlarımızın şərəf və ləyaqətini qorumaq üçün mütləq mənada həmin insanlara qarşı müəyyən hüquqi addımlar atmalıyıq. Beynəlxalq hüquq da imkan verir ki, həmin şəxslər barəsində qanuna uyğun hərəkətlər aparaq. Nəyə görə hüquq-mühafizə orqanları bunu etmir, hüquqşünaslar hüquqi müstəvidə bununla məşğul olmurlar?
Bu antimilli qüvvələr müəyyən xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Ona görə də belə hərəkətə yol verənlər barədə ən mükəmməl yol hüquqi ölçünün götürülməsidir. Onlardan heç olmasa bir neçəsinin ciddi şəkildə cəzalandırılmasına nail olsaq, digərləri üçün dərs olacaq. Bu gün bir çox deputatlarımız da Avropaya, Amerikaya səfərlər edərək beynəlxalq tədbirlərdə iştirak edir, Azərbaycanı, onun uğurlarını layiqincə təbliğ edirlər. Artıq antimilli qüvvələr tərəfindən Azərbaycanımızı təbliğ edən insanlara qarşı da çirkin kampaniya aparılır. Deməli, belə çıxır ki, hər hansı bir Azərbaycan rəsmisi, ölkəmizi sevən vətəndaşımız onların çirkin niyyətləri üzündən Avropaya səfər edə bilməyəcək? Həmin söyüş söyənlər dəstəsinin indi də ölkəmizi dünyada təbliğ edənləri hədəfə götürmələri bir daha göstərir ki, bu çirkin niyyətli sapı özümüzdən olanları heç bir halda Azərbaycan, onun maraqları düşündürmür. Onlar yalnız müəyyən maddi maraq xatirinə xaricdəki hamilərinin Azərbaycan dövləti əleyhinə olan göstərişlərini yerinə yetirirlər. Yəni, maddi marağı dövlətin, xalqının marağından üstün tuturlar. Bu müstəvidə dövlətimizin dünyada tanınması üçün çalışan insanları belə hədəfə götürməkdən çəkinmirlər. Onları da ona görə hədəfə götürürlər ki, özlərinin və başlarının üstündə dayanan hamilərinin çirkin niyyətlərinin Avropada ifşa olunduğundan ehtiyatlanırlar. Ona görə də bu çirkin niyyətli insanlara qarşı hüquqi müstəvidə mübarizə aparılmalıdır. Beynəlxalq hüquq, həm də ölkəmizin qanunları imkan verir ki, belə şəxslər cinayət məsuliyyətinə cəlb edilsinlər. Bundan başqa, onlara qarşı mübarizədə Diaspor Komitəsi də ciddi işlər aparmalıdır. Avropadakı icmalarımızla türk icması arasında böyük əlaqələr var. Bu əlaqələrdən istifadə etməklə həmin yolunu azmışların sivil və qanuni müstəvidə cavabını vermək lazımdır. Onların hüquqi müstəviidə ssudurulması istiqamətində fəaliyyət göstərməlidirlər. Məhz yaşadıqları ölkələrdə onları ifşa etmək gərəkdir. Bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac vardır”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz