Əlaqə Arxiv
news Image
2018.04.04
12:55
| A A A
Substantiv danışıqlardan yayınan İrəvan yeni Qarabağ savaşını körükləyir
Elşən Manafov: “Azərbaycan tərəfi bir neçə kontekstdə Ermənistanı danışıqlar masası arxasına keçməyə məcbur edə bilər”

Bu ay Azərbaycan və Ermənistanda yeni hökumət formalaşdıqdan sonra Qarabağ məsələsində intensiv danışıqlara start veriləcəyi bildirilir. Azərbaycan belə danışıqlara hazır olduğunu bildirsə də, erməni tərəfi hələ də konkret mövqe nümayiş etdirmir, substantiv  danışıqlardan qaçır. Bu hal Qarabağ münaqişəsinin gedişinə nə vəd edir? 

Politoloq Elşən Manafov bildirdi ki, Ermənistan seçkilərdən sonra da konstruktiv danışıqlardan qaçacağı halda, ona qarşı ya təzyiqlər artırılmalı, ya da yeni aprel döyüşlərinə bənzər savaşa start verilməlidir: “Təbii ki, Ermənistanda son seçkilərdən sonra belə hakimiyyətin dəyişməməsilə bağlı amillərin mahiyyətinə varsaq, erməni tərəfinin Dağlıq Qarabağ danışıqları istiqamətində mövqeyində hər hansı dəyişikliyin olacağını istisna edirəm. Ermənistanda mahiyyət etibarı ilə hakimiyyət dəyişmədi. Serj Sarkisyanın baş nazir kürsüsündə əyləşməsi də əslində, erməni iqtidarının mövqeyində Qarabağla bağlı hər hansı bir dəyişikliyin olacağını deməyə əsas vermir. Güman edirəm ki, Ermənistan iqtidarı həmişə olduğu kimi, yenə də danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edəcək. 
Nə qədər ki, ATƏT-in Minsk qrupundakı dövlətlər Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mövqeyini tam və birmənalı şəkildə dəstək verməyərək, münaqişəyə münasibətdə ikili standart mövqeyindən çıxış edəcəklər, Ermənistanın sərgilədiyi işğalçılıq siyasətində də ciddi bir dəyişiklik baş verməyəcək. 
Azərbaycan tərəfi təbii ki, bir neçə kontekst və ampulada Ermənistanı danışıqlar masası arxasına keçməyə məcbur edə bilər. Yəni danışıqların imitasiyası ilə məşğul olmaq deyil, prosesi problemin həlli istiqamətinə aparmaq lazımdır. Bu isə ancaq o halda baş verə bilər ki, ATƏT-in Minsk qrupundakı həmsədr dövlətlərin münaqişəyə münasibətdə beynəlxalq hüquqa söykənən mövqe sərgiləsinlər. İkincisi, BMT münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə məsuliyyət daşıyır. Amma görünən odur ki, 25 ildir qəbul etdiyi qətnamələri hələ də icra olunmayıb. Bu beynəlxalq qurum həmin qətnamələrin icrasını Ermənistandan tələb etmir. Ermənistan deməli, arxasında duran hamilərinin dəstəyinə söykənərək BMT qətnamələrinə də hörmətlə yanaşmır, onu saymır. İşğalçı dövlət həmin qərarları yerinə yetirməyəcəyi təqdirdə BMT tərəfindən Ermənistan təcavüzkar dövlət elan olunmalı, elan edilsin və beynəlxalq hüququn nəzərdə tutduğu bütün amillər İrəvana tətbiq olunmalıdır. 
Ermənistan həmçinin iqtisadi sanksiyalara məruz qalmalıdır. Lazım gələrsə, hətta BMT və ATƏT-dəki dövlətlər Ermənistanla münasibətlər yenidən baxmalıdırlar. Eyni zamanda, BMT-nin qüvvədə olan konvensiyası, nizamnaməsi Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyat aparıb, işğal altında olan torpaqlarımızı azad etmək hüququnu da tanıyır. Bu gün müasir dünyada beynəlxalq terrorizmə qarşı mübarizə kifayət qədər aktualdır. Azərbaycanda bildiyiniz kimi, beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşularaq, burada aktiv iştirak edən dövlətlərdəndir. Bu mənada, ən azından beynəlxalq birlik, ATƏT Azərbaycanın Dağlıq Qarabağdakı terroru dəstəkləyən separatçı rejimə qarşı antiterror əməliyyatları aparmaq hüququnu tanımalıdır. Bu mənada hesab edirəm ki, Ermənistanla danışıqları dayandırıb, BMT ilə birbaşa danışıqlara getmək lazımdır. Çünki, ATƏT-dən fərqli olaraq BMT-nin bu sahədə kifayət qədər çeşidli və fərqli imkanları mövcuddur. BMT-nin arsenalında həmçinin hərbi güc də var. Burada təmsil olunan dövlətlərin sayı da çoxdur. Ən azından İslam Konfransı Təşkilatında təmsil olunan Azərbaycanın 50-dən artıq müttəfiq dövləti var ki, BMT-də onların güc və imkanlarından istifadə etmək olar. Adını çəkdiyim bu amillər kontekstində təbii ki, Ermənistanı danışıqlar masası arxasına keçirib, problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail ola bilərik. 
Bakı Dağlıq Qarabağ əhalisinin muxtariyyət hüququnu tanıyacağını, burada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlikəsizliyinə təminat verəcəyini dəfələrlə bəyan edib. Azərbaycan Dağlıq Qarabağ ermənilərinin dil, mədəni, ümumiyyətlə beynəlxalq hüquqda təsbit edilən bütün hüquqlarını tanımağa hazırdır. Amma Ermənistan yenə də bu modeli də qəbul etmir. Belədə, ATƏT-in Madrid prinsiplərinin yerinə yetirilməməsi üçün qeyri-konstruktiv mövqeyini davam etdirir. Beləliklə, Azərbaycan ya iqtisadi potensialını daha da artırıb, maliyyə resurslarını gücləndirib, ölkədə vətəndaş həmrəyliyinin daha da güclənməsinə nail olub, nəhayət, ordunu gücləndirib hərbi güc tətbiq etməklə bu problemi həll etməlidir. Ya da Ermənistanı gerçəkdən danışıqlar masası arxasına otuzdura biləcək diplomatik üsluba müraciət etməklə, həmin kanallar vasitəsilə İrəvana təzyiq imkanlarını artırmalıdır. Problemin həllinin başqa yolu yoxdur”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz