Əlaqə Arxiv
news Image
2018.04.06
08:00
| A A A
Cəbhədə genişmiqyaslı hərbi əməliyyatlar
Elman Məmmədov: “Düşmən həlledici zərbə almalı, Azərbaycan torpaqlarından məhv edilib çıxarılmalıdır” Akif Nağı: “Düşmən sakit dayanmırsa, Azərbaycan əvvəl-axır hərəkətə keçməlidir”

Cəbhədə atəşkəsə yenə düşmən tərəfindən əməl olunmur. Mövqelərəimiz getdikcə daha çox atəşə tutulur. Hər gün düşmən cəbhənin müxtəlif istiqamətlərindən atəşkəsi az qala yüz dəfədən də çox pozur. Bununla erməni işğalçıları hətta beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun atəşkəs rejiminə əməl etmək barədə çağırış və tələblərinə də məhəl qoymadığını nümayiş etdirir. Bu hal bir daha onun təsdiqidir ki, münaqişənin həll olunmasında maraqlı olmayan, status-kvo vəziyyətinin saxlanılmasını istəməklə bölgədə hər zaman gərginliyin qalmasına çalışan tərəf də məhz İrəvanda oturan işğalçı rejimdir. 
Hər kəsə bəllidir ki, atəşkəs rejiminin pozulması əvvəl-axır cəbhədə gərginliyin yenidən alovlanması ilə nəticələnməlidir. Həmsədr ölkələr buna yol vermək istəmirlərsə, mütləq Ermənistana atəşkəsin pozulması hallarına son qoyulması və danışıqlarda konstruktiv mövqeyə gəlməsi üçün təzyiqlər etməlidirlər.
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, düşmən layiqli cavabını almalı, həlledici zərbə ilə darmadağın edilməlidir: “Bütün Azərbaycan xalqı atəşkəsin erməni işğalçıları tərəfindən mütəmadi olaraq pozulması hallarını izləyir. Fikir verirsinizmi, təsadüfi hallarda düşmən tərəfin atəşkəsin  pozulması ilə müşayiət olunan əməlləri gündəlik olaraq yüzdən az olur. Əksər hallarda, işğalçı ölkə atəşkəsi gündə yüz və daha çox hallarda pozur. Bu isə o deməkdir ki, təmas xəttində bir növ müharibə gedir. Təbii ki, belə vəziyyət əbədi davam edə bilməz. Ona son qoymaq lazımdır. Son qoymağın da yeganə yolu var. Düşmən həlledici zərbə almalı, Azərbaycan torpaqlarından süpürülüb, məhv edilib çıxarılmalıdır. 
Azərbaycanın ərazi bütövlüyü sərhədləri tam bərpa olunmalıdır. Ondan sonra atəşkəs məsələsindən danışmaq olar. Bu gün isə vəziyyət elədir ki, düşmən münaqişənin həlli istiqamətində heç bir razılığa gəlmir. Bu fonda danışıqlar da heç bir fayda vermir, əhəmiyyəti və nəticəsi yoxdur. Danışıqları aparanların da məqsədi Azərbaycanı öz ziyanına olan sülhə təhrik etməkdir. Azərbaycan buna getməyib və getməyəcək. Ona görə də problemin həllinin yeganə bir yolu qalır. Güclü Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrətindən istifadə edib, düşmənə həlledici zərbəni vurub, torpaqlarımızdan çıxardıb atmaq. Vəssalam”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da düşünür ki, yeni genişmiqyaslı hərbi əməliyyatlar qaçılmazdır: “Atəşkəsin mütəmadi olaraq Ermənistan tərəfindən pozulması hallarının davam etməsi və onların işğal prosesini davam etdirmələri fonunda genişmiqyaslı hərbi toqquşmaların yenidən başlanması sözsüz ki, mümkündür. Atəşkəsin ermənilər tərəfindən tez-tez pozulması hallarını biz də izləyirik. Atəşkəsin pozulması halları gündəlik olaraq yüz dəfədən aşağı düşmüşdü, indi yenidən yüzü keçib. Bu vəziyyət onu göstərir ki, düşmən sakit dayanmır, atəşkəsi müxtəlif istiqamətlərdə həmişə pozur və danışıqlarda nəticənin əldə edilməsini istəmir. Bununla da düşmən bilərəkdən təmas xəttində gərginliyi artırır. Ona görə Azərbaycan Ordusu hərbi əməliyyatlara başlamalıdır. Çünki, problemin həllinin başqa yolu yoxdur. Düşmən tərəf öz məkirli niyyətindən əl çəkmir. Münaqişənin tənzimlənməsini üzərinə götürən həmsədr ölkələr isə Ermənistana işğala son qoymaq üçün hər hansı bir təzyiq göstərmirlər. Əksinə, bir sıra hallarda işğalçıya himayədarlıq edirlər. ABŞ və Fransada olduğu kimi, qondarma rejimin separatçı nünayəndələrini qəbul edirlər. Düşmən sakit dayanmırsa, Azərbaycan əvvəl-axır hərəkətə keçməlidir”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz