Əlaqə Arxiv
news Image
2018.04.07
11:00
| A A A
Qarabağa görə Ermənistana sanksiyaların tətbiqi qaçılmazdır
Nazim Cəfərsoy: “İşğalçıya sanksiyaların tətbiqi məsələsinə bir necə mqamdan baxa bilərik” Aydın Ağayev: “Əvvəl-axır, işğalçı dövlət layiq olduğunu almalıdır”

“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində  Prezident İlham Əliyev  bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüququn normalarına uyğun həllinə dair Qoşulmama Hərəkatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələr qəbul edib. Prezident vurğulayıb ki, bu qətnamələrin həyata keçirilməsi mexanizmi yoxdur və Ermənistana qarşı sanksiyalar tətbiq olunmur. Ümumiyyətlə, Azərbaycan son dövrəldə bir çox beynəlxalq tədbirlərdə Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını aktual şəkildə gündəmə gətirir. Bunlar fonunda belə sanksiyaların tətbiqi reallaşa bilərmi?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy bildirdi ki, sözügedən sanksiyaların tətbiqi onu həyata keçirən dövlətin gücü və əlaqədar qurumların tutduğu mövqedən asılıdır: “İşğalçıya sanksiyaların tətbiqi məsələsinə bir necə mqamdan baxa bilərik. Sanksiyalar diplomatik arenada Ermənistanın küncə sıxışdırılması üçün taktiki addımlardan biridir. İkincisi, işğalçını sülhə gətirmək üçün atılan addımdır. Bu cür sanksiyaların tətbiqi həm sanksiyanı tətbiq edən ölkənin gücündən, həm də əlaqədar qurumun həmin məsələdə tutduğu mövqeyindən asılıdır. 
Azərbaycanın  Qoşulmama Hərəkatında iştirakı müsbət haldır. Amma həmin qurum tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsi bir qədər çətindir. Bununla belə, diplomatik həmlələr, Ermənistanın işğalçı mövqeyinin ortaya qoyulması, onun diplomatik manevr imkanlarını məhdudlaşdırmaq baxımından işğalçıya sanksiyaların tətbiq edilməsi istiqamətində atılan təşəbbüslər vacibdir. Lakin indiki şərtlər daxilində reallaşması bir qədər çətindir. 
Digər tərəfdən, məsələnin gerçəkləşməsi üçün beynəlxalq təşkilatların hüquqi strukturu bu cür sanksiyaları tətbiq etməyə imkan verməlidir. İkincisi, həmin təşkilatların aparıcı üzv dövlətləri sanksiyaların tətbiqində ciddi şəkildə maraqlı olmalıdırlar. Bu iki kriteriyanın olması çox əhəmiyyətlidir. Məsələn, BMT-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı 4 qətnaməsi var. Onun həyata keçməsi üçün BMT-nin hüquqi və institusional strukturu buna imkan verir. Lakin qərarın reallaşmasının əngəllənməsində BMT-də aparıcı rol oynayan, veto hüququ olan dövlətlərin sanksiyaların tətbiq edilməsində maraqlı olmamaları dayanır. Hansısa bir qərarın həyata keçməsində maraqlı olurlar, dərhal da sanksiyalar tətbiq olunur. Məsələn, Liviya, İranda maraqlı idilər, ona görə də sanksiyalar həyata keçdi. Amma Suriyada ABŞ başda olmaqla Qərb ölkələri Bəşər Əsədə sanksiya tətbiq etməkdə maraqlı olsa da, Çinlə Rusiya bunda maraqlı olmadı və belədə ona münasibətdə sanksiyalar tətbiqi keçmədi. Ukrayna ilə bağlı Rusiyaya sanksiya tətbiqi məsələsi BMT-də həyata keçmədi. Çünki Rusiya burada veto hüququna malikdir. Yəni sanksiyaların tətbiq edilməsində böyük dövlətlərin maraqlı olması əsas, həlledici amil hesab olunur”. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev də qeyd etdi ki, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsini tələb etməyə tam haqqımız var: “Çünki bu ilk növbədə ədalətin bərpası, təntənəsi olardı. İkincisi, bu istiqamətdə Azərbaycan məqsədyönlü şəkildə fasiləsiz çalışır. Əvvəl-axır, işğalçı dövlət layiq olduğunu almalıdır. 
Azərbaycan həmçinin Qoşulmama Hərəkatının üzvüdür. Bu hərəkatda üzv olmağımızın əhəmiyyətli olduğunu da vurğulamaq lazımdır. Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur. Bu isə BMT-yə üzv ölkələrin əksəriyyəti deməkdir. Orada olmağımız ölkəmizə üstünlük verir. Azərbaycan özünün əsas problemini burada 120 ölkənin  diqqətinə çatdırır. Deyirlər ki, işğal olunmuş torpaqları müharibə yolu ilə qaytarmaq olmaz. Məsələ dinc, danışıqlar yolu ilə həll olunmalıdır. Razıyıq. Amma sakit oturmamalıyıq ki, dinc danışıqlar haçansa, hardasa başlasın və nəticə versin. Bunun üçün çalışmaq lazımdır. Onun üçün də beynəlxalq tribunalar çox vacib və əhəmiyyətli meydançalardır. 
Digər tərəfdən, Azərbaycan həmişə elan edib ki, heç bir dövlətin daxili işlərinə, münaqişəli məsələlərə qarışmır və öz ərazisinə də belə konflikt, münaqişəli məsələlərin daxil olmasına qətiyyən icazə vermir. Bunun bariz nümunəsi məhz Qoşulmama Hərəkatında təmsil olunmağımızdır. Dünyada hazırda güclü qarşıdurma prosesləri gedir. Əsasən də Qərblə Rusiya və Qərblə İran arasında. Azərbaycan da çox həssas coğrafi-siyasi məkanda yerləşir. Ölkəmizin çoxvektorlu siyasəti, həm şimal, həm cənub istiqamətdə, eyni zamanda, Avropada Qərblə Azərbaycanın milli maraqlarının tələb etdiyi prinsiplər əsasında münasibətlərini genişləndirməsi bütün istiqamətlər üzrə dövlətimiz üçün yarana biləcək təhlükələri sovuşdurur. Bu da doğru siyasətdir. Azərbaycan öz müdafiəsini gücləndirir. Hərbi, iqtisadi cəhətdən qüdrətimiz də günbəgün artır. Dünyaya da sivil dövlət olduğumuzu hər an çatdırırıq. Bunu artıq dünya da qəbul edir. Azərbaycan hazırda dünyada etimad göstərilən ölkələrdən biridir. Belə bir şəraitdə bu yolla siyasətimizi davam etdiririk. Qarabağ məsələsində ədalət bərpa, Azərbaycanın ərazi bütövlüyü təmin olunana qədər, bu istiqamətdə  mübarizəni davam etdirəcəyik”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz