Əlaqə Arxiv
news Image
2018.04.07
10:30
| A A A
Hərb müstəvisində Azərbaycan Ermənistan üzərində əzici üstünlüyünü daha böyük sürətlə artırır
Ədalət Verdiyev: “Ermənilərin özləri də silah-sursat və insan resursları baxımından Azərbaycan Ordusundan çox geridə qaldıqlarını etiraf edirlər” İbrahim Rüstəmli: “Bu böyük fərqin Ermənistan üçün hansı mesaj daşıdığını onlar bizdən də yaxşı bilirlər”

2017-ci ilin nəticələrinə görə, Azərbaycan dünyanın 58-ci ən güclü ordusuna sahibdir. Bu nəticə Qlobal Atəş Gücü şirkətinin hazırladığı reytinq cədvəlində yer alıb. Yeni reytinq cədvəlində Azərbaycan keçən il tutduğu mövqeni dəyişməyib. Bu göstəricisinə görə ölkəmiz Cənubi Qafqazda liderdir. Qafqazdakı qonşularımızdan olan Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə qərarlaşıb. Şirkətin reytinq cədvəlində ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir öz yerlərini qoruyub. Azərbaycanın müttəfiqləri sayılan Pakistan və İsrail 13 və 15-ci, cənub qonşumuz İran isə 21-ci yeri tutub. 

Ekspertlərin fikrincə, bu kimi cəvdəllər ölkələrin döyüş aparmadan belə kimin kimdən güclü, zəif olmasını nəzəri cəhətdən təxmini ortaya qoyur. O baxımdan göstərilən cədvəldə Azərbaycanın Ermənistanı 35 pillə qabaqlaması düşmənə ciddi mesajlar verir. Belə bir vaxtda Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə  müsahibəsində hərblə bağlı çox maraqlı fikirlər səsləndirib və bu, Ermənistan üçün növbəti sərt hərbi xəbərarlıq kimi dəyərləndirilir. Azərbaycanın müasir silahlarla təchiz olunmuş ordusu barədə danışarkən dövlət başçısı bildirib: “Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq və ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir“.
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev qeyd edir: “Ermənilərin özləri də silah-sursat və insan resursları baxımından Azərbaycan Ordusundan çox geridə qaldıqlarını etiraf edirlər. Canlı qüvvə baxımından da Azərbaycan Ermənistandan çox irəlidədir. Bundan başqa, ölkə əhalisinin ehtiyatda olan əsgər sayında 1.5 dəfə fərqimiz var. Əhali baxımından isə ən azından 3 dəfədən çox aramızda fərq var. Ən əsası, hərbi büdcəmiz Ermənistanın dövləti büdcəsi qədərdir. Üç dəfə daha çox orduya səfərbər olunacaq şəxsi heyətimiz var. İki dəfədən çox raket-artilleriya sisteminə malikik. İki dəfədən çox döyüş təyyarələrinin sayında, qırıcıların sayında üç dəfəyə yaxın strateji üstünlüyə malikik. 
Bundan başqa, son illərdə keçirilən kiçik çaplı əməliyyatlar sübut edir ki, 1994-cü ildən bu yana üstünlük Azərbaycan tərəfindədir. Son əməliyyatların heç birində Azərbaycan tərəfi bir addım da geri çəkilmədən əldə etdiyi nailiyyətləri qoruya bilib. Bu parametrlərdən çıxış etsək, Ermənistanla Azərbaycan arasında 35 pilləli fərq yaranıb. Ümid edirik ki, ordumuz çox gec olmadan üstünlük parametrlərindən yararlanıb, bu üstünlüyü torpaqların azad olunmasına çevirə biləcək”. 
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, bu böyük fərqin Ermənistan üçün hansı mesaj daşıdığını onlar bizdən də yaxşı bilirlər: “Söhbət işğal faktından gedir. Hansısa  ölkəninin torpaqlarına soxulmuş düşmənə zaman heç vaxt uğurlu sonluq vəd etməyib. Xüsusilə, qonşu ölkənin. Yəni, hərbi təcavüzlə izlənilən bütün müharibələrin tarixi “qalib” tərəf üçün utanc gətirən ciddi təcrübələrlə doludur. Sadəcə, geci-tezi var. O üzdən bu mesajın daha çox dünya birliyinə ünvanlanmış informasiya yükü haqqında danışmaq daha doğru olardı. Beynəlxalq səviyyədə davamlı təzyiq və təhdidlərə, qeyri-standart və ikili münasibətlərə baxmayaraq, Azərbaycanın işğal faktı ilə barışmaması, öz haqqını qorumaq məqsədilə prinsipial mövqe sərgiləməsi indiki məqamda müəyyənedici əhəmiyyət daşıyır. Təqdim olunan statistika məhz bu baxımdan təkəbbürlü düşmənin yuxusunu ərşə çəkib. Fikrimcə, elə dünyanın özü də Azərbaycanın inadına, tükənməyən gücünə, polad iradəsinə indi heyrətlə tamaşa edir. Çünki bu sayaq planlı təzyiqlərin qarşısında tab gətirmək hər ölkənin öhdəsindən gələbiləcəyi iş deyil. Bu mənada ön sıralarda yer almağımız beynəlxalq ictimaiyyətə ünvanlanan ən ciddi mesajımızdır. Dünya, öz tarixi torpaqlarının yad ayaqları altında tapdanması ilə barışmayan ciddi bir ölkə ilə üz-üzə dayandığını görür. Azərbaycanı böyük güc kimi dəyərləndirir. Və nəhayət, apardığımız haqq mübarizəsində qalib gələcəyimizə asta-asta inanmağa başlayır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz