Əlaqə Arxiv
news Image
2018.04.10
07:00
| A A A
Azərbaycan Ordusu ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub
İlqar Vəlizadə: “Yerli istehsal Azərbaycanın ehtiyaclarını ödəməyə kifayət edir” Azad İsazadə: “Azərbaycan daim müharibəyə hazırlıq prosesindədir”

"Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir". Bu fikirlər İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində səslənib. Ekspertlərin fikrincə, orduda silahların yenilənməsi prosesinin praktiki olaraq başa çatması fikrinin açıqlanması bir sıra mesajlar verir. Politoloq İlqar Vəlizadənin fikrincə, bu hal bəzi mətləblərdən xəbər verir: “Əvvəla, Azərbaycan son illər ərzində silah satıcıları arasında əlverişli müştəriyə çevrilib. Silah satan ölkələr arasında Azərbaycan uğrunda mübarizə gedirdi. Görünür ki, artıq Azərbaycan kifayət qədər silah alıb. Yaxın gələcəkdə silah alışını həyata keçirməyəcək. Lakin rəqabət təkcə hərbi yox, siyasi müstəvidə də gedir. 

Artıq vəziyyətin dəyişdiyi müşahidə olunur. Azərbaycanın silahlanması Ermənistanı da buna məcbur edirdi. Bu da regionda hərbi gərginliyi artırır. Buna da bir mesajdır ki, Azərbaycan artıq silahlanmanı dayandırır. Nəzərə alaq ki, Ermənistan həmişə silah alanda Azərbaycanın silahlanmasını önə çəkirdi. İndi biz silah alışını dayandırdıq. Ancaq Ermənistan Rusiyadan yeni kredit alıb və silah alışını davam etdirir. Digər tərəfdən, Azərbaycanın silah istehsalı var. Yerli istehsal Azərbaycanın ehtiyaclarını ödəməyə kifayət edir. Yəni, açıqlamada bir sıra mesaj var. Əsasən də siyasi xarakter daşıyan fikirlərdir. Ancaq o demək deyil ki, Azərbaycan silah alamyacaq. Əgər cəbhədə vəziyyət dəyişməsə, silah alışını bərpa edəcək. Vasitəçilər regionda silahlanmanın, müharibə ehtimalının artmasını istəmirlərsə, hansısa tədbirlər görməlidirlər. Eyni zamanda Azərbaycan hər zaman müasir müharibəyə hazır olduğunu deyir”.
Hərbi məsələlər üzrə ekspert Azad İsazadə bildirdi ki, artıq silah alıb anbarlarda saxlamaq məqsədəuyğun deyil: “Ehtiyat üçün yığmağın mənası yoxdur. Hər silahın ömrü var. Hər il bazara yeni texnologiya, yeni silah çıxır. Azərbaycan Ordusu isə tam formalaşıb, silahlanıb. Yəqin ki, söhbət silahdan yox, sursatdan gedir. Döyüş vaxtı sursata tələbat yarana bilər. Eyni zamanda daha müasir silah çıxarsa, Azərbaycan onu niyə də almasın?! Yəni, o demək deyil ki, Azərbaycan ümumiyyətlə, silah almayacaq. Sadəcə, sürətli silahlanma prosesini dayandırıb. Lakin ehtiytac yaranacağı təqdirdə dərhal bu proses davam edəcək”.
Ekspert əlavə etdi ki, Azərbaycan daim müharibəyə hazırlıq prosesindədir: “İşğal olunmuş torpaqlar azad edilənə qədər bu proses dayanamayacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz