Əlaqə Arxiv
news Image
2018.04.10
12:11
| A A A
"Söyüş kampaniyası"nın daha çirkin tərəfləri üzə çıxır

Bir qrup mühacirin Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərinə və onların ailə üzvlərinə qarşı sosial mediada apardığı söyüş kampaniyası ictimaiyyətin sərt təpgisi ilə qarşılandı. Bununla bağlı açıqlama verən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına da münasibət bildirib.

Ə. Həsənov deyib ki, son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi  dəyərlərə zidd,  söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və şəxsən onun adının hallandırılması cəhdləri təəssüf doğurur: “İstər şəxsi həyatımda, istərsə də siyasi fəaliyyətimdə qeyri-etik davranışı yolverilməz hesab etmişəm və milli mənəvi-əxlaqi dəyərlərə zidd leksikondan daim uzaq olmuşam.  Sosial mediada və KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam, belə cəhdləri isə tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan və küçə leksikonundan istifadəni davam  edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək böhtan və iftiradan başqa bir şey deyil. Birmənalı şəkildə bəyan edirəm ki, ayrı-ayrı şəxslərin öz tərbiyəsinə uyğun açıqlama və çıxışlarının guya mərkəzləşmiş şəkildə mənim tərəfimdən təşkil olunması, “rəhbərlik etdiyim”  hansısa  “troll”  və digər uydurma “qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar məqsədyönlü şəkildə Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır. Prezidentin köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri kimi nə mən, nə də tabeçiliyimdə olan strukturlarda çalışan insanlar bu cür əməl sahibi olmamışıq və deyilik. Kimlərinsə öz təşəbbüsü və səviyyəsinə uyğun şəkildə yaydığı təhqir və söyüşlərin mənimlə əlaqələndirilməsi cəhdini birmənalı şəkildə təxribat hesab edirəm!”.  

Ə. Həsənov daha sonra bildirib: “Yox əgər bu iddianı irəli sürənlər məni söyüş kampaniyasına qarşı ictimai müqavimətin təşkil olunmasına görə hədəfə götürürlərsə, onda onu da bilməlidirlər ki, hakimiyyət nümayəndəsi kimi bu, bilavasitə mənim vəzifə səlahiyyətlərimə aid məsələdir. “Söyüş kampaniyasını” təşkil edənlər ciddi ictimai qınaqla qarşılaşdıqlarına və bütün cəhdlərinin iflasa uğradığını anladıqlarına görə, indi məsuliyyəti öz üzərlərindən atmağa və kənarda günahkar axtarmağa çalışırlar”.
Millət vəkili Fəzail İbrahimli Movqe.az-a açıqlamasında bu çirkin kampaniyanı başladanların hakimiyyətin, iqtidardakı rəhbər vəzifədəki şəxslərin adının hallandırmasının daha bir çirkin oyunun başlanğıcı olduğunu söyləyib: “Söyüş söymək dövlətini, millətini sevən, ziyalı insanların əxlaqına zidd elementlərdir. Bu söyüş kampaniyasını ziyalı şəxslərlə əlaqələndirmək, onların adını hallandırmaq, mən deyərdim ki, ortaya atılmış daha bir çirkin oyundur. Buna siyasət də demək olmaz. Çünki, söyüşlə haqqı çatdırmaq hələ dünya siyasi elmində, siyasətşünaslığında, siyasi leksikonluqda rast gəlinməyib. Öz xalqını, dövlətini sevən, ziyalı insanlar bu üslübda olan şeyləri heç vaxt qəbul edilə bilməz. 
Mən deyərdim ki, sosial şəbəkədə bu çirkin kampaniyanı başladanlar, dövlətinə, onun başçısına qarşı sadiq olan şəxslərin adlarını hallandırsalar da öz layiqli cavablarını aldılar. Azərbaycan cəmiyyəti heç vaxt söyüşü özünə yaxın buraxmayıb. Cəmiyyət olaraq biz məhlədə də, kollektivdə də söyüşlə danışan insanlardan uzaq durmuşuq. Onlara sərt təpкi göstərmişik. Belə halda virtual söyüş söyənlər də bilməli idilər ki, Azərbaycan xalqı bu hərəkətlərinə görə onları qəbul etməyəcək. Nəinki qəbul etmək, heç yaxınlarına buraxmayacaqlar. Çünki, dədə-babadan bizdə söyüş söyənə, ağzının danışığını bilməyib ona-buna hədyan yağdıranlara qarşı nifrət olub. Söyüş söyənlər də bu mənada özlərinə nifrətdən başqa bir şey qazanmadılar. Söyüş söyməklə milləti öz düşüncələrinə sahib etmək mümkün deyil. Biologiya elmində özü-özünü şikəst etmə deyilən bir anlayış var. Söyüş söyən insanlar da özlərini şikəst edirlər. Belə insanlar auditoriyasını itirirlər. Belələrinin audotiriyası da əsasən söyüş söyməyi, onu dinləməyi özünə rəva görənlər olur. Söyüş söyməklə haqqı car çəkmək, cəmiyyətə təqlid etmək olmaz. Özünə  hörmət edən şəxs emosiyalarına hakim olmağı bacarmalıdır. Əgər bu gün bu çirkin kampaniyanı başladanlar bunu bacarmırlarsa, onlar heç vaxt sağlam beyinlə düşünən, ziyalə kütləni öz arxasınca apara bilməzlər. Söyüş söyən bizim cəmiyyətdə ancaq nifrət qazana bilər”.


Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov da söyüş kampaniyasının iflasa uğradığını bildirir: “Ötən müddət ərzində dövlətimizə qarşı ən müxtəlif formalarda qarayaxma kampaniyaları aparıldı. Avropa ölkələrində məskunlaşmış xain qruplar tərəfindən ölkə rəhbərliyinə və şəxsən dövlət başçısına qarşı təhqir elementləri ilə müşayət olunan xətt yürütdülər. Sosial şəbəkələrdə müxtəlif səhifələr açıldı, «Youtube» üzərindən çağırış videoları yaydılar, müxtəlif aksiylar düzənlədilər, ölkəni qarışdırmağa, insanları qarşıdurmalara həvəsləndirməyə hesablanmış mesajlar ötürdülər. Lakin bütün bunlar heç bir nəticə vermədi. Azərbaycan vətəndaşları söyüş makinasını dəstəkləmədi və bu iyrənc “mübarizə” metoduna qarşı mütəşəkkil şəkildə etiraz səsi ucaldıldı. Bəli, biz ölkəmizə qarşı açılmış virtual savaşdan qalib çıxdıq. Azərbaycanı hədəf götürənlər gördülər ki, bu ölkədə istədiklərini həyata keçirə bilməyəcəklər”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz