Əlaqə Arxiv
news Image
2018.04.10
13:28
| A A A
Qarabağ münaqişəsinin həllində yeni format
Ekspert: “Suriyada olduğu kimi, sözügedən üç dövlətin Qarabağ danışıqlarında da əməkdaşlığı konfliktin həllinə əlverişli şərait yarada bilər”

Belə iddialar səslənir ki, Qarabağ münaqişəsinin həlli Azərbaycan-Türkiyə-Rusiya-İran formatında öz həlini tapacaq. Qeyd edək ki, Azərbaycanın adları çəkilən ölkələrdən Türkiyə ilə müstəqilliyinin ilk günlərindən başlayaraq sıx əməkdaşlıq qurub. Bu əməkdaşlıq artıq strateji xarakter daşıyır.

Son illər isə Bakının Moskva və Tehranla münasibətlərində də ciddi irəliləyişlər var. Ən azından iqtisadi sferada, Azərbaycanın mühüm nəqliyyat qovşağında yerləşməsi fonunda bu əlaqələr daha da böyük sürətlə inkişaf edir. Digər tərəfdən, görürük ki, Ankara-Moskva-Tehran üçbucağı Suriyada vahid mövqedən çıxış edir və bu istiqamətdə bir-birinə dəstək olurlar. Bu üçbucaq sözügedən ölkəyə Qərbin təsirini sıfıra endirmək uğrunda birgə çalışır. Qarabağ münaqişəsinə gəldikdə, problemin tənzimlənməsilə ATƏT-in Minsk qrupu üçlüyü - ABŞ, Fransa və Rusiya məşğuldur.  Lakin uzun illəri təcrübəsi göstərir ki, bu formatda vasitəçilik missiyası Qarabağ konflikti ətrafında hər hansı cüzi bir nailiyyətə imza ata bilmir və yaxud tərəflərin maraqları toqquşduğundan atmaq istəmirlər. Nəticədə münaqişə həll olunmadan illərdir ki, uzanır. Amma yuxarıda da qeyd edildiyi kimi, son zamanlar Türkiyə-Rusiya-İran üçlüyü Suriya məsələsində eyni mövqe sərgiləməyə başlayıb. Məhz bunu əsas tutaraq, indi iddialar səslənir ki, Qarabağ münaqişəsinin həlli Azərbaycan-Türkiyə-Rusiya-İran formatında öz həllini tapacaq. Azərbaycanın adları çəkilən üç ölkə ilə dinamik əməkdaşlığı fonunda bu mümkündürmü? 

Politoloq Elşən Manafovun fikrincə, Türkiyə, İran və Rusiya Suriyada olduğu kimi, Dağlıq Qarabağ probleminin çözülməsinə də vahid mövqedən çıxış etməklə öz töhfələrini verə bilərlər: “Region dövlətləri olan Türkiyə, İran və Rusiya Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün dəfələrlə vasitəçilik imkanlarına malik olduqlarını bəyan ediblər. Həmin dövlətlərdən ikisi, Türkiyə və Rusiya ATƏT-in Minsk qrupunun üzvləridir. Moskva isə həmçinin həmsədr dövlətlərdən biridir. Təbii ki, bu region dövlətlərinin hər biri ayrı-ayrılıqda regionda sülh və sabitliyin bərqərar olması və  bölgə ilə bağlı layihələrin uğurla həyata keçməsi, bura sərmayə yatırmaqda, region üçün fəsad  yaradan erməni terrorizmi və onun fəsadlarının aradan qaldırılmasında maraqlıdırlar. Lakin erməni terroru və mövcud münaqişə bu baxımdan region dövlətlərinin iqtisadiyyatına ciddi maneələr yaradır. Bu baxımdan adı çəkilən üç dövlətin hər biri ayrılıqda münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsində marağlı olmalıdır. Eyni zamanda adı çəkilən həmin dövlətlər münaqişənin tənzimlənməsində Avropa Birliyi və ABŞ-ın mövqelərinin zəifləməsində, onların bölgənin daxili işlərinə müdaxiləsini minimuma endirməkdə maraqlıdırlar. Yəni, bu kontekstdə də Rusiya, İran və Türkiyənin geosiyasi maraqları üst-üstə düşür. Suriyada adı çəkilən dövlətlərin əməkdaşlığı bu problemin çözümü üçün əlverişli şərait yaratdığından, onların Qarabağ probleminin tənzimlənməsilə bağlı danışıqlarda əməkdaşlığı da konfliktin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müvafiq əlverişli münbit şərait yarada bilər.

Başqa bir tərəfdən, hər halda adı çəkilən dövlətlərdən Rusiya ilə İranın münaqişə ilə bağlı sərgilədiyi mövqe heç də hər zaman birmənalı olmayıb. Rusiya Minsk qrupunda münaqişənin həlli prosesinə daha çox ikili standartlardan yanaşıb. İranın da son zamanlara qədər mövqeyi əslində, iqtisadi blokadada olan Ermənistanı bu buxovdan azad etməyə hesablanmışdı. Düzdür, son vaxtlar regional əməkdaşlıq çərçivəsində Bakı ilə Tehran arasında atılan addımlar sevindiricidir. Bu addımlar da Ermənistan hakimiyyətini kifayət qədər məyus edib.

Amma bir maraqlı məsələ də var ki, onu da qeyd etməliyik. Rusiya xarici işlər naziri Sergey Lavrov verdiyi son müsahibəsində birdirib ki, Moskva hələ də konfliktin 2011-ci ilin Kazan sammitində əldə edilən razılıq əsasında həllini mümkün sayır. Rusiya yenə də münaqişənin tənzimlənməsində ən ciddi problemi konflikt tərəflərinin bir-birinə olan etimadsızlıq mühitilə əlaqələndirir. Halbuki, bu etimadsızlıq mühitinə görə Rusiya, habelə Minsk qrupunun digər iki həmsədr ölkəsi də məsuliyyət daşıyır. Lavrovun bu açıqlaması göstərir ki, həmin məsələdə Rusiya bir o qədər də səmimi mövqedə deyil. Düzdür, ikitrərəfli və prezidentlər arasında olan münasibətlər çərçivəsində problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli imkanları vardır. Düşünürəm ki, Azərbaycan diplomatiyası da məhz bu imkanlardan yararlana biləcək”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz