Əlaqə Arxiv
news Image
2018.04.11
09:50
| A A A
Suriyada böyük güclər dünya savaşını başladırlar
Vüqar Zifəroğlu: “Dünya gücləri arasında belə bir toqquşma təkcə Yaxın Şərq deyil, bütün dünya üçün böyük bir fəlakətə səbəb ola bilər”

Suryiada vəziyyət yenidən gərginləşir. Qərb Bəşər Əsəd rejimini yenidən Şərqi Qutanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silah işlətməkdə ittiham etməyə başlayıb. Kimyəvi silahdan istifadəyə görə Əsədi “heyvan” adlandıran ABŞ prezidenti Donald Tramp buna görə həmçinin İran və Rusiyanı da günahlandırıb. Tramp bunun böyük bədəlinin olacağını bildirib. Fransa prezidenti Emmanuel Makron da həmin hadisə ilə bağlı olaraq Suriyaya zərbə endirməklə hədələyib. Əsəd və onun arxasında dayanan Rusiya isə bu ittihamları rədd edir. Vəziyyətin gərgin olmasının nəticəsidir ki, bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ başda olmaqla daha 8 ölkə məsələni ayrı-ayrılıqda BMT-yə çıxarıblar. 

Xatırladaq ki, keçən ilin aprelində Əsəd ordusunun Xan Şeyxun məntəqəsində kimyəvi silahdan istifadə etməsinə cavab olaraq ABŞ Hums əyalətindəki hərbi bazanı bombalamışdı. Bu azmış kimi, son proseslər göstərir ki, İsrail də Suriya məsələsinə müdaxilə etməyə başlayıb. Livan ərazisindən hərəkət edən İsrailə məxsus F-15 təyyarələri Suriyanın Hums vilayətində yerləşən Tiyas (T4) hərbi hava bazasını raket atəşinə tutub. Bombardman nəticəsində 14 hərbçi öldürülüb ki, onlardan da 3-ü İranlı hərbçilər olub. Son məlumatlara görə isə Amerikanın Donald Kuk  adına "Tomahawk" raketi ilə təchiz edilən eskadra mina gəmisi Suriya sahillərinə yan alıb. Bütün bu hadisələr onu göstərir ki, Suriya ətrafında gərginlik pik həddinə çatıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq, bölgədə ABŞ-İsrail, Rusiya-İran-Türkiyə üçbucağı arasında savaşın hər an başlanması ehtimalı gözlənilir. Bu hal Yaxın Şərqə , dünya təhlükəsizliyinə nə vəd edir? 
 "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu sözügedən dövlətlər arassında birbaşa savaşın olacağına inanmadığını dedi. Bununla belə onun fikrincə, bu beşlik arasında gərginliyin artaraq pik həddinə çatması təkcə Yaxın Şərqə deyil, bütün dünya üçün ciddi təhdid mənbəyidir: “Suriya məsələsində bir tərəfdən ABŞ-la İsrail, digər tərəfdən isə Rusiya-Türkiyə və İran üçlüyü arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, onlar arasında birbaşa savaşın olacağını gözləmirəm. Düzdür, bu adı çəkilən dövlətlər arasında münasibətlərin gərgin olması Yaxşı Şərqə müsbət heç nə vəd etmir. Əksinə, bu gərginlik orada cərəyan edən konfliktin daha da dərinləşməsi, münaqişələrin daha da alovlanması deməkdir. Bu fonda bölgədə fəaliyyət göstərən müxtəlif qruplaşmalar bir-birinə daha aktiv şəkildə silah çevirməyə başlayacaqlar. Amma heç bir halda yaranmış növbəti gərginlik ABŞ-İsrail, digər tərəfdən Türkiyə-Rusiya-İran birliyinin bir-birinə müharibə elan etməsi və ya açıq qarşıdurmaya gedəcəklərini ifadə etmir. 
Yaxın Şərqdə adını sadladığınız 5 ölkənin və sadalamadığımız daha bir neçə ölkənin maraqlarını ifadə edən kifayət qədər silahlı qruplaşmalar onsuz da var. Burada Avropanın dəstəklədiyi qruplaşmalar mövcuddur. ABŞ-ın da hansı qruplaşmalara dəstək verdiyini bilirik. İran, Rusiya və Türkiyənin də dəstəklədiyi qruplaşmalar burada fəaliyyət göstərir. Belədə demək istəyirəm ki, ABŞ-la Rusiya arasında münaqişə birbaşa öz aralarında deyil, həmin qruplaşmalar arasında olan toqquşmalarla aparılır. Yəni, bu ölkələr dolayısı ilə zatən bir-birilə müharibə vəziyyətindədir. Amma bütün hallarda onlar arasında birbaşa toqquşmalar olmayacaq. Çünki belə bir toqquşmanın olması təkcə Yaxın Şərq deyil, bütün dünya üçün böyük bir fəlakətlə nəticələnə bilər. 
Son zamanlar fikir verirsinizsə, Ukranyada da hərbi müstəvidə bir qədər aktivlik nümayiş etdirilir. Ona görə düşünmürəm ki, ABŞ və Rusiya liderləri belə  bir risqə getsinlər. Trampın bu fonda Suriya ilə bağlı böyük bir qərar verəcəyilə bağlı dediyi fikirlərə gəldikdə, fikrimcə, bu sözdə ABŞ qoşunlarının Suriya ərazisindən çıxarılması ilə bağlı qərar ola bilər. Çünki, hətta belə bir bəyanat verilsə də belə, bu, o demək olmayacaq ki, ABŞ əməldə də Suriyada öz hərbi mövcudluğuna son qoyacaq. Buna şəxsən inanmıram. Bölgəni bilən, ABŞ-ın Yaxın Şərq siyasətindən anlayışı olan heç kəs buna inanmaz. Çünki, Suriyadan çəkinmək ABŞ-ın zatən İraqda çox aşağı səviyyədə olan mövcudluğunun da sona yetməsi demək olacaq. Bu, həm də bütyövlükdə bölgəni İrana təhvil vermək deməkdir. Vaşinqton isə heç bir şəkildə bu addıma getməyəcək. Mümkündür ki, ABŞ sözdə Suriyadakı hərbi mövcudluğuna son qoyduğunu bəyan edərək, orada dəstəklədiyi silahlı dəstə və təşkilatlara hərbi və maliyyə dəstəyini daha da artıracaq. Bu avtomatik olaraq həm də kürd qruplaşmalarına dəstəyin artacağını özündə ehtiva edir. Əlavə olaraq, Vaşinqton Suriya prosesinə ərəb ölkələrini daha aktiv şəkiıdə cəlb etmək üçün onlara da ciddi dəstək verəcək. Bu da öz növbəsində ərəb-İran münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilər. Trampın 1-2 günə Suriya məsələsində böyük bir qərarın verilə biləcəyi açıqlaması ilə Səudiyyə Ərəbistanı vəlihədi Məhəmməd ibn-Salmanın İranla bağlı son açıqlaması arasında bir bağlılıq var”.  
Məhşur rusiyalı ideoloq Aleksandr Duqin bildirir ki, dünya yeni jahan savaşı astanasındadır: “İndi tamamilə aydındır ki, Qərbdə - ABŞ-da, İngiltərədə, İsraildə müəyyən dairələr əsl dünya müharibəsi başlatmaq niyyətindədirlər. Skripal işi və şərqi Qutadakı Duma şəhərində kimyəvi silahla hücum təqlidi onu başlatmaq üçün arqumentlərdir. Bu, Rusiyanın Suriyadakı böyük zəfərinə reaksiyadır”. Duqin bəşəriyyətin üçünjü dünya müharibəsinə heç zaman bu qədər yaxın olmadığını bildirib: “Müharibə baş verəcək? Biz heç vaxt dünya müharibəsinə bu qədər yaxın olmamışıq. Biz indi ona Krımda, Abxaziyada və 2008-ci ildə Osetiyadakı hadisələr zamanı olandan daha yaxınıq.Bu, o deməkdir ki, indi bu baş verə bilər, əks halda, onlar “Skripal işi” və Suriyada kimyəvi hücumla həmlə etməzdilər”. Ekspertin sözlərinə görə, bu tip addımlar boş yerə atıla bilməz, çünki əgər indi müharibə başlamırsa, o zaman buna görə cavab verməli olacaqsınız. Bu isə NATO-nun parçalanması və qlobal dominantlığın itirilməsi ilə nəticələnə bilər: “Vəziyyət çox ciddidir. İlk dəfədir ki, o, həqiqətən ciddidir”.   

Rüfət NADİROĞLU 
 

Sizin Reklam Yeriniz