Əlaqə Arxiv
news Image
2018.04.11
09:23
| A A A
Moskva Qarabağ məsəəlsində aktiv fəaliyyətə keçir
Qabil Hüseynli: “Rusiya prezidenti Vladimir Putin seçkilərdən əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmağın vacibliyini vurğulayaraq, bu istiqamətdə vəd vermişdi” Rasim Ağayev: “İndiki vəziyyət Rusiya üçün özünün beynəlxalq aləmdə böyük rol və imkanlarını göstərmək baxımından yaxşı məqamdır”

"Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamzıslıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildirib: "Ən vacibi inamsızlıqdan çəkilmək və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir". 

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri tərəfindən buna bənzər açıqlamalar dəfələrlə eşidilib. Bu tip açıqlamalar həmin üç ölkədə keçirilən müxtəlif seçkilər dönəmində və ondan sonra daha çox səslənir.  Gah onlar münaqişənin həllinin vacib olduğunu deyərək, bu istiqamətdə vasitəçi olaraq səylərini artıracaqlarını deyir, gah da danışıqlarda irəliləyişin olmamasını münaqişə tərəfləri arasında bir-birinə inamın olmamasında axtarırlar. Belədə isə öz məsuliyyətlərini bir növ kənara atırlar. Belə bir vəziyyətdə Moskvanın birdən-birə Qarabağ münaqişəsinin həllinin vacibliyini gündəmə gətirməsi nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli Rusiyanı münaqişə ilə bağlı ədalətli mövqe tutmağa çağırdı: “Rusiya prezidenti Vladimir Putin seçkilərdən əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmağın vacibliyini vurğulayaraq, bu istiqamətdə vəd vermişdi. Ona görə indi həmin vədi formal da olsa yerinə yetirməlidirlər. Amma Lavrovun tərəfləri bir-birinə inamsızlıqdan əl çəkməyə çağırması fikri çox qəribədir. Torpağı işğal edilən, böyük itkilərə məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, müharibədə 30 mindən çox insanını itirən ölkə işğalçıya necə inana bilər?  Yaxud da ki, hansı inamsızlığı göstərə bilər? 
İşğal edilmiş torpaqlarımızın azad edilməsini istəyirik. Qarşı tərəf, işğalçı isə dirənərək həyasız iddialar irəli sürür. Bəzən onlar elə iddialar səsləndirirlər ki, ona bizlərdə deyildiyi kimi, “bişmiş toyuğun da gülməyi gəlir”. İşğalçı adı ilə çağırılmır, ona qarşı dünya praktikasında tətbiq olunan sanksiyalar tətbiq edilmir. Azərbaycanın işğala məruz qalması faktı da birmənalı şəkildə deyilmir. Torpağımızı işğal edən tərəf həyasızlığından və işğaldan əl çəkməyincə, əlbəttə ki, ortada qarşılıqlı anlaşma olmayacaq. Ona görə də yaxşı olar ki, Rusiya tərəfi münsif kimi ədalətli mövqe tutsun. Hər kəsi əməlinə görə düzgün dəyərləndirsin. Ermənistan işğalçı olduğundan Moskva da onu işğalçı kimi çağırmalı və onun bu hərəkətinin beynəlxalq hüquq normalara uyğun gəlib-gəlmədiyini açıq söyləməlidir. Bir sözlə, bu məsələdə ortalığı qarışdıran, yanan ocağı daha da qızışdıran Rusiya tərəfi nədənsə hələlik tam olmasa da heç olmasa yarıhəqiqəti söyləməkdə belə çətinlik çəkir. Bu da problemin həll olmayaraq uzanmasına səbəb olan amillərdən biridir”. 
Politoloq Rasim Ağayevin fikrincə, Moskvanın birdən-birə Qarabağ münaqişəsinin həlli vacibliyini gündəmə gətirməsi özünü artıq super dövlət qismində görməsindən qaynaqlanır: “Zənnimcə, Rusiya tərəfinin Qarabağla bağlı növbəti bəyanatına heç də böyük ümidlər bəsləmək lazım deyil. Hazırda Rusiyanın xarici vəziyyəti xeyli gərgindir. Moskva çalışır ki, yenidən özünü beynəlxalq aləmdə super dövlət kimi göstərsin. ABŞ isə Rusiyaya adi dövlət kimi yanaşmaqda davam edir. 
İndiki vəziyyət Rusiya üçün özünün beynəlxalq aləmdə böyük rol və imkanlarını göstərmək baxımından yaxşı məqamdır. Ancaq bəyanatla problem düzələn deyil. Rusiya Ermənistanı yerində otuzdurmalıdır ki, işğalçı işğala son qoysun. Yəni, bu məsələdə Moskva seçimini etməlidir. Görünən odur ki, keçmiş SSRİ məkanı ilə bağlı Rusiyanın dəqiq planı yoxdur. Rusiya özü ağır durumdadır. Hakimiyyətin bütün fikri məhz bu istiqamətə yönəlib. Ona görə də onlar üçün hələlik Qarabağ məsələsi ən aktual məsələlərdən deyil. Bu mənada Lavrovun həmin açıqlamasına da ehtiyatla yanaşmaq lazımdır”. 

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz