Əlaqə Arxiv
news Image
2018.04.12
22:00
| A A A
ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyaları Azərbaycanda prezident seçkilərinə dair ilkin rəyini açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb.

 
Movqe.az-ın məlumatına görə, ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena mətbuat konfransında bildirib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib.
 
O bildirib ki, beynəlxalq müşahidəçilər ilkin dövrdə sərbəst fəaliyyət göstəriblər: "Seçki administrasiyası seçkiyə yaxşı hazırlaşıb".
 
O bildirib bu, 2016-cı ildə Azərbaycan Konstitusiyasına düzəlişlərdən sonra keçirilən ilk seçkilər olub: "Mərkəzi Seçki Komissiyası əlavə qaydalar hazırlayıb, lakin bütün prosedural aspektlər təmin edilməyib. Biz gözləyirik ki, bizim və Venesiya Komissiyasının prioritet tövsiyələri nəzərə alınsın".
 
Koordinator, həmçinin, qeyd edib ki, MSK 5,2 milyon seçici qeydiyyata alıb: "Onlar MSK tərəfindən reyestrə daxil edilib. Seçicilər siyahı ilə tanış olmaq imkanına malik olublar. ATƏT DTİHB müşahidəçiləri qeyd ediblər ki, ictimai yayım şirkəti pulsuz efir yayımı vaxtı ayırıb, bu vaxtdan televiziya və radioda dəyirmi masa üçün istifadə olunub, lakin xəbər buraxılışlarının böyük hissəsi hakimiyyətə həsr olunub, digər namizədlərə az vaxt ayrılıb. Dövlət qurumları müşahidəçilərin işinə mane olmayıb. Səslərin sayılmasında müəyyən pozuntular qeydə alınsa da, ümumilikdə səslərin sayılması prosesi müsbət qiymətləndirilir".
 
Nilza de Sena vurğulayıb ki, ATƏT hökumətlə əməkdaşlıq etməyə hazırdır: "Ümid edirik ki, tövsiyələrimiz nəzərə alınacaq. Ölkənin demokratik istiqamətində inkişafı üçün dialoqumuzu əsirgəməyəcəyik".
 
AŞPA müşahidə missiyasının rəhbəri rumıniyalı parlamentar Viorel Rişard Badea  hökuməti insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa çağırıb: "İstəyirik ki, tövsiyələrimiz nəzərə alınsın, əməkdaşlığı davam etdirək".
 
ATƏT DTİHB müşahidə missiyasının rəhbəri, xanım niderlandlı parlamentar Koryen Yonker isə bildirib ki, dövlət qurumları öz öhdəliklərinə əməl etməli, vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdır. O bildirib ki, YAP seçki kampaniyalarında dominantlıq edib, bəzi müxalif partiyalar isə seçkiləri boykot edərək, iki dəfə aksiya keçirib: "MSK müntəzəm olaraq açıq sessiyalar keçirib. Lakin bu görüşlərin protokollarını dərc etmir, bu isə şəffaflığı azaldır. İki namizədin qeydiyyatı MSK tərəfindən qeydə alınmayıb. MSK-nın işçi qrupu imzaların sayılmasının necə aparıldığını göstərə bilməyib".
 
ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri seçki günü müşahidəçilərin müxtəlif yerlərdə müşahidə apardığını, müəyyən pozuntular qeydə aldıqlarını bildirib.
 
Sonda qeyd olunub ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.
 
Qeyd edək ki, mətbuat konfransında iştirak edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" Media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qərəzli olduğunu bildiriblər. Onlar bildirib ki, bu rəy həqiqəti əks etdirmir: "Sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir".
 
Çıxış edənlər qeyd ediblər ki, ATƏT kimi bir qurumun Azərbaycana bu cür qərəzli münasibəti təəssüf doğurur.

Sizin Reklam Yeriniz