Əlaqə Arxiv
news Image
2018.04.14
09:30
| A A A
Prezident seçkiləri xalq-iqtidar birliyinin daha da möhkəmləndiyini göstərdi
Nəzakət Məmmədova: “Azərbaycan xalqı müdrik xalqdır, praktiki düşünməyi bacarır, yaxşını pisdən seçə bilir”

Məlumdur ki, xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsas amilidir. Son prezident seçkilərinin nəticələri isə bu birlyin daha da möhkəmlənməkdə olduğunu sübut etdi. Cənab İlham Əliyevin 86 faiz səs çoxulu ilə mütləq qələbə qazanması xalqın böyük hissəsinin ona etibar etdiyinin göstəricisidir. Qarşıdakı 7 il ərzində də bu birliyin daha böyük uğura imza atacağı istisna edilmir. 

Politoloq Nəzakət Məmmədova bildirdi ki, 11 aprel seçkiləri Azərbaycanda hakimiyyətin yeganə mənbəyinin xalq olduğunu bir daha sübut etdi: “Məhz xalqın istəyi ilə ölkəni qarşıdakı 7 ildə idarə edəcək şəxs prezident seçildi. Hər kəsə məlumdur ki, xalq İlham Əliyevdən başqa heç bir siyasətçini bu vəzifəyə layiq bilmir. 
Xalq bilir ki, indiki üzləşdiyimiz bu mürəkkəb beynəlxalq şəraitdə yalnız onun kimi dövlətçilik təcrübəsi olan şəxs ölkəni çətinliklərdən xilas edə bilər. Ən böyük legitimlik xalqdan, onun səsindən, öz iradəsini ifadə etməsindən gəlir. Heç bir beynəlxalq təşkilat xalqın özündən daha artıq hakimiyyətin legitim yolla seçilib-seçilməməsinə qərar verə bilməz. Çünki beynəlxalq təşkilatların özləri də müstəqil deyillər. Onlar elə ona görə yaradılıb ki, dövlətlərin daxili işlərinə müdaxilə etsinlər, onları asılı vəziyyətə salmağa çalışsınlar və bununla da müəyyən güc mərkəzləri üçün güzəştlər qoparmağa nail olsunlar. Bu təşkilatları Qərb ona görə düşünüb, beynəlxalq münasibətlər sisteminə tətbiq edib. ATƏT də onlardan biridir. 
26 ildə Ermənistanı işğalçı kimi tanımayan, üstəlik də danışıqlarda onların tərəfini tutan ATƏT necə oldu ki, dərhal seçki qutusunda qüsurlar tapdı?! Bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulması, Ermənistanın işğalı, 1 milyona yaxın insanın hüquqlarının pozulmasını görmək istəmir, ancaq seçkilərdə guya qüsurlar olduğunu sübut etməyə çalışır. Əvvəla, dünyanın heç bir yerində mütləq ideal seçki yoxdur. Hətta ABŞ kimi ölkədə belə seçkilərdə indiyədək araşdırılan pozuntuların baş verdiyi deyilir. Seçkilərə kiber müdaxilələr olunur, seçkinin nəticələri böyük beynəlxalq qalmaqallara səbəb olur və s. Lakin bununla bərabər, ATƏT həmin seçkiləri demokratik seçki kimi tanıyır. Məsələn, ABŞ-da keçirilən prezident seçkilərində Texas ştatının prokuroru heç ATƏT müşahidəçilərini seçkilərə yaxın buraxmamışdı. Digər hallarda da təşkilat qalmaqallarla üzləşib. Bununla belə, əgər ATƏT-ə lazımdırsa, o, hansısa  ölkədə seçki  zamanı  baş verən nöqsanlara göz yumur, istəsə də qərəzli yanaşma ortaya qoyur. Axı, İlham Əliyevə onunla şansları müqayisə oluna biləcək ikinci bir rəqib yox idi ki, həmin rəqibin, yaxud rəqiblərin sıxışdırılmasından söhbət getsin. Özünü guya şanslı hesab edən radikal müxalifət uduzacağını bildiyi üçün seçkini boykot etdisə, bu prosesdə iştirakdan imtina etdisə, burada hökumət günahkar deyil. Onlar seçkini boykot etdi, seçkiyə digər müxalifət liderləri qatıldılar. Onlar da seçkinin nəticələrini qəbul etdilər. Əgər müxalifətin bir qismi özü seçkidən kənarda qalmağı üstün tutubsa, bu, dövlətin onları sıxışdırması şərait yaratmaması demək deyil. 
Tarix boyu elə bir hal olmayıb ki, bir siyasi qüvvə digər siyasi qüvvənin xeyrinə hakimiyyətdən imtina etsin. Siyasi mübarizə meydanında hər bir siyasi lider hakimiyyəti əldə saxlamağa çalışır. Bu, çox təbiidir. Hakimiyyətə iddialı digər siyasi qüvvələr sivil mübarizə yolu ilə onu əldə etməyə çalışırlar. Hakimiyyət heç kəsə qızıl məcməyidə gətirilib verilmir. Müxalifət iqtidarı nədə ittiham edə bilər? Onların təşkilatlanmasına, fəaliyyət göstərməsinə axı heç bir maneçilik yoxdur. Mitinqə çağırış edilir, insanlar həmin mitinqlərə, etiraz aksiyalarına qatılmırsa, bu, iqtidarın günahı deyil. Müxalifətin işini düzgün qura bilməməsinin nəticəsidir. Digər tərəfdən, ən əsası ona görə ki, əgər xalq öz prezidentindən razıdırsa, görürsə ki, bütün dünyada müharibələr, terror, qarşıdurma olduğu vaxtda Azərbaycanda əmin-amanlıq hökm sürür, niyə mitinqə getməlidir?! Azərbaycan xalqı müdrik xalqdır, praktiki düşünməyi bacarır, yaxşını pisdən seçə bilir. Yaxşı başa düşür ki, bütün bu mitinqlər, şüarlar sadəcə, kimlərinsə şəxsi hakimiyyət davasından başqa bir şey deyil. Nağd sakitliyi, əmin-amanlığı qoyub, nisyə vədlər dalınca qaçmır. Ona görə seçimini edib və ölkə prezidentinə səs verənlərin 86 faizdən çoxu öz səsini verib, onu qarşıdakı 7 ildə ölkə rəhbəri kimi görmək istədiyini bildirib. İlham Əliyevin heç bir səsləri saxtalaşdırmağa ehtiyacı yoxdur. Çünki, hətta özünü ən populyar hesab edən müxalifət liderləri də seçkiyə qatılsaydılar belə, onsuz da qalib gələcək namizəd İlham Əliyev idi. Onun qalib gəlmək şansının yüksək olduğunu bildikləri üçün radikallar seçkiyə qatılmadılar. Odur ki, İlham Əliyevin qazandığı 86 faiz səs təmiz qələbədir. Yüzlərlə müşahidəçilərin, quraşdırılmış kameraların qarşında seçkiyə hər hansı müdaxilə mümkün deyil. Buna heç ehtiyac da yox idi. ATƏT əvvəlcə işğalçını Azərbaycan torpaqlarından çıxarsın, sonra bəlkə Azərbaycan xalqı qarşında söz deməyə mənəvi haqqı çatar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz