Əlaqə Arxiv
news Image
2018.04.18
09:40
| A A A
Qarabağ probleminin həllində iqtisadi diplomatiya
Münaqişənin çözümündə hərbi güclə yanaşı, iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə ediləcək

İrəvanda baş verən hadisələr gözlənilən idi. Serj Sarkisyanın 10 illik hakimiyyəti xalqa heç nə verməyib, ölkənin olan-qalan müstəqilliyi bu müddətdə itirilib, varidatın sürətli təmərkküzləşməsi baş verib və indi hakimiyyətdə oturan bir ovuc məmur-oliqarxlardan başqa hamı Sarkisyandan narazıdır. Çünki, müxalif “Yelk” fraksiyasının Sarkisyan əleyhinə keçirdiyi mitinq və küçə yürüşlərinə münasibətdə digər qruplaşmalar loyal münasibət bəsləyir. Bu ona görə deyil ki, onlar Serjin əleyhinədirlər, yox, sadəcə bilirlər ki, Sarkisyan o qədər mənfi imicə malikdir ki, baş nazir vəzifəsini davam etdirməyə bilər. Buna görə də Nikol Paşinyanın başçılıq etdiyi mitinqləri insanların hüququ kimi qiymətləndirirlər. 

İndi Ermənistan gündəmini zəbt edən əsas dilemmalardan biri tüğyan edən kütlə etirazlarının siyasi qrupların fikirlərinə təsir edib-etməyəcəyidir. “Sarukyan” fraksiyasının nümayəndəsi Qevorq Petrosyan bu xüsusda bildirir: “Bir vətəndaş, hüquqşünas kimi deyə bilərəm ki, insan konstitusion hüquqlarından istifadə edirək mitinqə çıxıblar”. “Sarukyan” fraksiyası oliqarxların qrupudur. Amma belə görünür ki, onlar da Sarkisyan məsələsində tərəddüd edirlər.  “Mənim addımım” təşkilatının üzvləri olan minlərlə tələbə isə artıq mitinqçilərə qoşulub. 
Aprelin 16-da saat 13:36-da parlamentdə hakim partiyadan Serj Sarkisyanın namizədliyi irəli sürülüb. İkinci bir namizəd olmayıb. Bununla əlaqədar ayın 13-dən başlanmış mitinqlərin əhatəsi daha da genişlənib. Etirazçıların sıralarının genişlənməsi onların başında duran “Vətəndaş müqaviləsi” partiyasının “Çıxış” parlament blokunun sədri Nikol Paşinyana imkan verib ki, xalqa yeni müraciət eləsin: “Biz qalib gəlirik, erməni xalqını qüvvələri üçqat artırmağa çağırıram”.
Serjin namizədliyi seçimlə yox, tapşırıqla həyata keçirilir. Ermənistanın müstəqilliyi kağız üzərində olduğu üçün Kremlin qərarları bu ölkədə ən uğurlu seçim hesab edilir. Hadisələrin gedişatı göstərir ki, Sarkisyan Moskvanın razılığını almağı bacarıb. Bundan sonrası asandır. Sarkisyan qanla olsa da narazılığı yatıracaq. İstənilən halda onun baş nazirliyi ölkənin başı üzərindəki qara dəliyi daha da dərinləşdirəcək. Çünki, S.Sarkisyan elə bir şərtlərlə hakimiyyətə gəlib ki, o, başqa cür ola bilməz. Əgər cızığından çıxsa, bu, ona nəinki hakimiyyəti, həm də həyatı bahasına başa gələ bilər. Artıq o, çoxdan öz cinayətkar əməllərinin qiyabi məhkumudur.   
Ermənistanda konstitusiya islahatı baş verib və hakimiyyətin əsas fiquru artıq baş nazirdir.  Amma bu, əslində ölkədəki vəziyyəti dəyişməyə qadir olmayan formal dəyişiklikdir. Düzdür, dövlətin əsas funksiyaları prezidentin yox, baş nazirin əlində cəmləşəcək. Ancaq nə faydası, yenə də Sarkisyan ölkəni idarə edəcək, hakim komanda da onun dəstəsinin eyni üzvləri olacaq. Lakin bu o demək deyil ki, hadisələr əvvəlki kimi davam edəcək. Azərbaycanın səyləri vəziyyəti dəyişmək üçün yetərli gücə sahibdir. 
Akademik Ramiz Mehdiyev bu günlərdə çap etdirdiyi “İlham Əliyev və onun iqtisadi siyasətinin əsas istiqamətləri” məqaləsində ərazi bütövlüyümüzün bərpası istiqamətində Azərbaycan dövlətinin apardığı mübarizənin əsas konturlarından birinin iqtisadi siyasətimizlə bağlayır: “Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirir. O, həm də Ermənistanı işğalçı mövqedən çəkindirmək üçün iqtisadi təzyiq üsullarından geniş istifadə edilməsi fikirlərini də səsləndirir. Bu, o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllində hərbi güclə yanaşı, iqtisadi gücdən, iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə ediləcəkdir”. 
Akademik ölkəmizin hazırkı durumunu təhlil edərək fundamental nailiyyətlər qazanıldığını və iqtisadi diplomatiya ilə ümumi inkişaf strategiyasının bağlılığına toxunur: “MDB məkanında iqtisadi diplomatiya sahəsində Azərbaycan qədər geniş manevretmə imkanlarına malik olan ikinci ölkə yoxdur. Biz bu imkanlardan hərbi münaqişənin həllində maksimum istifadə etməliyik. İqtisadi diplomatiya və iqtisadi gücün tətbiq edilməsi bir çox hallarda siyasi diplomatiyadan və hərbi gücün tətbiqindən daha təsirli və dağıdıcı olur. Məhz bu baxımdan ölkəmizin iqtisadi siyasətində Ermənistanla hərbi münaqişə amili nəzərə alınır, işğalçı ölkəyə qarşı iqtisadi təzyiqin müxtəlif forma və üsullarından istifadə edilir”. 
Bu fikirlər indiki halda Azərbaycan diplomatiyasının yeni mübarizə üsullarını gündəmə gətirir və torpaqlarımızın qaytarılması yolunda yeni sülhpərvər cığırların açılmasına xidmət edir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz