Əlaqə Arxiv
news Image
2018.04.19
09:50
| A A A
Ermənistanda hakimiyyət yenə qan üzərində qurulur
Erməni müxalifəti xalqın dəstəyilə “yeni” baş nazirin hakimiyyətini tanımaq istəmir

Aprelin 17-də Ermənistan parlamentində səsvermə ilə Serj Sarkisyan baş nazir seçildi. 77 deputatın dəstəklədiyi bu seçimi İrəvanın küçələrində və Azadlıq meydanında on minlərlə erməni rədd edirdi. Hətta vəzifəli şəxslər arasında da Serjin yenidən hakimiyyətə gətirilməsinə görə tərəddüd edənlər vardı. Çünki, etirazçılar qətiyyətlə hərəkət edirdilər. Bu da səbəbsiz deyil. Sarkisyan qan üzərində hakimiyyətə gəldiyinə görə qan üzərində də işinə davam edib. Onun vaxtında cinayətkarlığın hakimiyyətə inteqrasiyası tam sürətlə gedib və xalqın sosial-iqtisadi vəziyyəti ağır duruma düşüb. Ölkənin gənc nəslinin vətənə tərk etməkdən başqa ayrı əlacı qalmayıb. Demoqrafiya elə bərbad hala gəlib ki, hətta xarici dövlətlərin rəhbərləri, xaricdəki erməni lobbisi və diaspor təşkilatları dilə gəlib, yeri gələndə, Ermənistanın durumunu istehza ilə qarşılayıblar. 10 illik prezidentlik dövründə xalqa bir gün ağlamayan, təcavüzkarlıq siyasəti ilə insanları daim müharibə xofu altında təhdid edən şəxsin yenə də hakimiyyətdə qalması ermənilərin mənafeyinə heç cür cavab vermir. 

Bu gün Ermənistan reallığı onu diqtə edir ki, bu ölkədə hakimiyyətə gəlmək yalnız və yalnız qanla müşayiət olunmalıdır. Ona görə ki, hakimiyyət uğrunda ancaq oliqarxlar, cinayətkar ünsürlər mübarizə aparır. Lakin digər bir sınanmış həqiqət də var ki, azadlıq havayı yox, qanla qazanılır. Erməni müxalifəti meydanlarda “azadlıq qanla alınır” tipli şüarlarla mitinq edirlər. Çünki, sovetlər dağılandan sonra bu xalqın azadlığı şərti məna daşıyıb. Ermənilər öz cinayətkar hakimiyyətlərinin girovluğunda olublar. Serjin başçılığı ilə Qarabağ klanı öz mənafeləri naminə olan-qalanı mənimsəyib, dövlət qurmaq əvəzinə onu tar-mar ediblər.   
“Armenianreport.com” saytı yazır ki, Azərbaycan ərazisinin işğalı zamanı tökülən qanlara görə indi heç kim qonşu dövlətlə sülhə gedə bilmir. Bu qanların tökülməsinə başçılıq edənlərdən biri də Serj Sarkisyandır. Məqalədə təəssüflə qeyd edilir ki, onlar Qarabağı işğal etdilər və orada yaşayan ermənilər guya tökülən qanlar hesabına azad oldular. Amma ermənilər öz vətənlərində süverenliklərinə nail ola bilmədilər. Yəni, əslində ermənilər azadlıq uğrunda heç vaxt qan axıtmayıblar. Buna görə də indi acınacaqlı durumda kölə kimi yaşayırlar. Xalq öz seçimini edə bilmir, çünki hakimiyyətin girovudurlar. Hakimiyyət isə Kremldən birbaşa asılıdır. 
Məqalə müəllifi Ssarkisyanın əleyhinə mübarizə aparanlar haqda təəssüratını yazaraq bildirir: “Mən qana bulaşmış Nikol Paşinyanın şəklini görəndə ona daha çox hörmət etməyə başladım. Düzünü desəm, mən Nikolanı ciddi adam saymır və onun obrazını satirik səpkidə görürdüm. Hətta onun Ermənistanın regionlarından başlayan marafonunu mənasız iş sayırdım. Ona görə ki, bu cinayətkar elita onsuz da Serji yenə də yuxarı başa keçirəcəkdilər”. Bu sözlər erməni siyasi elitasının əsl sifətini açıb göstərir və Sarkisyanın yenə də qan üzərində ölkənin əsas kürsüsünə oturduğunu sübut edir. 
Sarkisyan baş nazir olan kimi Qarabağda saxladığı qaniçən ordu hissəsini İrəvana “ezamiyyətə” gətirib. Rusiyanın “Ekspress qazeta” (EG.ru) nəşri də İrəvandakı mənbələrinə istinadən yayıb ki, Sarkisyanın baş nazir seçilməsinə və nəticədə hakimiyyətinin ömrünü uzatmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatına görə Dağlıq Qarabağdan İrəvana tanklar göndərilib. Məlumatda deyilir ki, İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan tərəfdarlarına bildirib ki, Ermənistanda vətəndaş müharibəsi başlayacaq.
Xəbər verildiyi kimi Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib, inqilab komitəsi yaradıb. Onun bildirdiyinə görə, inqilab komitələri yerlərdə hakimiyyəti ələ alacaq.Artıq  nümayişçilər arasına təxribatçılar salaraq avtomobillərin şinlərini bıçaqla deşdiriblər. Bununla da polisin əlinə nümayişçilərin soyuq silahla cinayət törədən kütlə damğası vurmağa çalışıblar. Hələlik bu təxribatın qarşısını müxalifətçilər ala biliblər. Amma onlar “üzü üzlər görmüş” Sarkisyanın bütün təxribatlarının qarşısında davam gətirə biləcəklərmi?
Bir sıra erməni politoloqları, xüsusilə də “Sarukyan bloku”ndan Qevorq Petrosyan, Ararat Zurabyan bəyan edirlər ki, qan tökülməməsi üçün gecə-gündüz Allaha dua edirlər. Çünki, Serjin qaniçənliyinə yaxşı bələddirlər. Ermənistan yeni qanlı dövranın artıq içərisinə daxil olub.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz