Əlaqə Arxiv
news Image
2018.04.19
19:30
| A A A
Ermənilərin aksiyası və bizim seçki - Düşmənin İlham Əliyev qorxusu
Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyanın baş nazir postuna yiyələnməsinin əleyhinə mitinqlər keçirilir.
 
Ermənistan hakimiyyətinə qarşı keçirilən aksiyalarda Azərbaycanın adının tez-tez səsləndirilməsi diqqətimizdən yayınmır. Mitinq təşkilatçıları “Buranı Azərbaycana çevirməyin...” kimi şüarlar səsləndirirlər. Niyə? Nədir ermənilərin xoşuna gəlməyən? O hansı səbəblərdir ki, işğalçı ölkənin ictimai fəallarına aksiyalarda Azərbaycanın adını çəkməyə sövq edir? Bu sualların cavabı heç də dərində deyil. Gözlə görünən həqiqətlər var ki, onları bir-birinin ardınca düzüb bu suallara cavab tapmaq olar.
 
Şübhə yoxdur ki, Ermənistandakı aksiyalar Qərb dairələri tərəfindən təşkil edilir. Mitinqin təşkilatçılarından biri olan Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını açıqlayıb. Rəngli inqilabların ssenarisi isə yalnız Qərbin xüsusi xidmət orqanları tərəfindən yazılır. Onların yazdığı ssenaridə Azərbaycan əleyhinə şüarların olması isə heç də təsadüfi deyil. Diqqət edək: Qərb dairələri Azərbaycanda istədiklərinə nail ola bilmədilər. Növbədənkənar prezident seçkiləri onların bütün planlarını alt-üst etdi. Seçkilər ərəfəsində xaricdən Azərbaycana qarşı aparılan çirkin kampaniya iflasa uğradı. Seçkinin nəticəsi isə dövlətimizi hədəf götürənlərə tərs şapalaq effekti verdi. Suyu süzülmüş şəkildə əlini ölkəmizdən çəkmək məcburiyyətində qalan dairələr, burada burunlarının yerə sürtülməsinin cavabını indi ermənilərin dili ilə verirlər. Nə qədər rəzil durumdadırlar! İnqilab “ixracatçıları” guya bununla bizi aşağılamağa çalışırlar.
 
Başqa bir məqama da diqqət edək. Seçkilər ərəfəsində Azərbaycana qarşı çirkin kampaniya aparan, dövlətimizə qarşı xəyanət yolunu tutanlar bu gün ermənilərin səsləndirdiyi şüarları böyük həvəslə öz səhifələrində paylaşırlar. Bəli, planlı şəkildədir. Buna psixoloji pressinq deyirlər. Amma keçərmi? Azərbaycanlıların qətiyyəti qarşısında bu sayaq davranışların effekti olarmı? Olmaz, mümkün deyil!
 
Ermənilərin xüsusi məqsəd daşıyan təxribatçı şüarlarını öz səhifələrində əşhədü həvəslə paylaşanlar əmin olsunlar ki, bu cəhdləri də nəticə verməyəcək. Guya biz düşmənin dilindən tərif gözləyirdik. Sanki biz işğalçı ölkənin müsbət rəyinə tamarzıyıqmış... Düşmən hər davranışı, hər addımı və hər kəlməsi ilə düşməndir! Azərbaycanın sürətli inkişafı onların rahatlığını əlindən alır. İşğalçı ölkənin həm iqtidarı, həm də müxalifəti Azərbaycanın tənəzzülünü arzulayır. Hazırkı gedişat isə onların bu arzusunun çin olmasına imkan vermir.
 
Azərbaycandakı prezident seçkisinin nəticələrinə ermənilərin məlum münasibətinin səbəblərindən biri isə prezident İlham Əliyevin apardığı qətiyyətli siyasətdir. Ermənistan hakimiyyəti münaqişəni uzatmaqla Azərbaycanın geri çəkiləcəyini düşünürdü. Amma 2016-cı ilin aprelindən sonra ermənilər anladı ki, bu mümkün deyil. Elə bu səbəbdən də İlham Əliyevin hakimiyyətdə qalması ermənilərə sərf etmir.
 
Aprel döyüşlərindən sonra Ermənistan əhalisi və hakimiyyəti İlham Əliyevdən qorxmağa başladı. Ermənilər özləri etiraf edirlər ki, hakimiyyət onlara aprel döyüşlərinə qədər “Yenilməz  Ermənistan ordusu” nağılını danışıb. Onlar Aprel döyüşlərini “Müasir erməni gəncliyinin məğlubiyyəti” də adlandırırlar. Ermənilər yaxşı bilirlər ki, İlham Əliyev hər an hərbi əməliyyatlara başlaya bilər. Düşmən əmindir ki, İlham Əliyev Azərbaycanın torpaqlarını azad etməyənə qədər öz mövqeyindən çəkilməyəcək.  Prezidentimizin “Əgər ölmək istəmirsinizsə torpaqlarımızdan çıxın” kimi bəyanatı hələ də ermənilərin qulağında cingildəyir.
 
Prezident İlham Əliyev Ermənistandakı iqtisadi geriliyin və səfalətin Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində yarandığını dəfələrlə deyib.
 
Dövlət başçımız ötən gün keçirilən andiçmə mərasimində bir daha açıq şəkildə bəyan etdi ki, Ermənistanı regional layihələrdən Azərbaycan kənarda qoyub: “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq”.
 
Bax, elə bütün bunlara görədir ki, Azərbaycanda keçirilmiş son prezident seçkisinin nəticələri erməniləri qane etməyib. Onlar İlham Əliyevdən qorxurlar. Sadəcə düşmən xisləti ilə qorxularını başqa formada ifadə edirlər.
 
Ramin Əhmədov,
YAP Nizami Rayon Təşkilatının sədr müavini
Sizin Reklam Yeriniz