Əlaqə Arxiv
news Image
2018.04.27
09:30
| A A A
Qardaş ölkələrin uğur formulu
Musa Qasımlı: “Prezident İlham Əliyevin Türkiyəyə bu səfəri bir daha göstərir ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikləri təqdirdə əksər məsələləri uğurla həll edə bilirlər”

Prezident İlham Əliyevin  son Türkiyə səfəri, burada keçirdiyi  görüşlər iki ölkə arasında münasibətləri daha da dərinləşdirir. Getdikcə güclənən əlaqələr fonunda Azərbaycan və Türkiyəyə qarşı yönələn xarici təhdilərin daha uğurla neytrallaşdırılımasını, eləcə də regionda tərəflərin mövqeyinin daha güclü hala gəlməsini gözləmək olar. 

Politoloq Elşən Manafov da əminliklə qeyd etdi ki, iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi ilə regionda tərəflərin mövqeyi daha da güclənəcək: “Təbii ki, Azərbaycan Prezidentinin seçkilərdən sonra Türkiyəyə baş tutan səfəri tamamilə anlaşılandır. Artıq Ankara ilə Bakı arasındakı münasibətlərdə dövlət başçılarının hər seçkidən sonra ilk olaraq bir-birinə səfər etməsi ənənəvi hal alıb. 
Dövlətlərarası münasibətlər “bir millət, iki dövlət” ampulası üzərində qurulub, inkişaf edir və dərinləşir. Təbii ki, hər iki dövlət həm regional, həm də qlobal kontekstdə sıx əməkdaşlıq edən dövlətlərdir. Həmin əməkdaşlıq da təkcə iqtisadi sahəni deyil, o cümlədən enerji təhlükəsizliyi sahəsini də əhatə edir. “Şahdəniz-2” yatağının istismara verilməsindən sonra Azərbaycanın Türkiyənin enerji təhlükəsizliyində oynadığı rol kifayət qədər artacaq. Düzdür, bu istiqamətdə Türkiyə yenə də Rusiya ilə əməkdaşlıq edir, “Türk axını” məsələsi var. Amma etiraf etmək lazımdır ki, tədricən Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın qardaş dövlət olaraq gücü artacaq. Bütün bu layihələrin həyata keçməsi və realizə olunması bölgə dövlətlərinin marağına cavab verir, Ermənistan istisna olmaqla. Ermənistan da məhz Azərbaycan və Türkiyəyə münasibətdə sərgilədiyi mövqeyinə görə indiki durumdadır. Təbii ki, İrəvan işğal olunmuş ərazilərdən qoşunlarını çıxararsa, Azərbaycan və Türkiyə onunla çox münasibətlərə gedə bilər. Bu baş verərsə, bölgədə təhlükəsizlik məsələsi daha intensiv şəkildə öz həllini tapacaq”.   
Milli Məclisin deputatı, professor Musa Qasımlı da vurğuladı ki, iki qardaş ölkə arasında əlaqələrin güclənməsi fonunda regiondakı mövqeləri də daha güclü hala gəlir: “Azərbaycana və Türkiyəyə qarşı xaricdəki müəyyən mərkəzlərin və ölkələrimizi sevməyən qüvvələrin məkirli planları baş tutan deyil. Çünki, həm  Azərbaycanda, həm də Türkiyədə yürüdülən siyasət hər iki ölkə xalqının maraqlarına, dövlətlərimizin güclü olmasına, vətəndaslarımızın sabit və təhlükəsiz şəraitdə yaşamasına yönəlib. 
Azərbaycan və Türkiyə xalqları yaxşı başa düşür ki, ən böyük nemət sabitlikdir. Sabitlik olmayan yerdə xeyir-bərəkət də olmaz. Xalqlarımız bilir ki, dövlətləri güclü olduqda onlar da rahat şəkildə yaşayacaqlar. Cənab Prezident İlham Əliyevin Türkiyəyə prezident seçildikdən sonra ilk səfəri dərin məna daşıyır. Bir daha göstərir ki, Azərbaycan və Türkiyə bərabər  hərəkət etdikləri təqdirdə əksər məsələləri uğurla həll edə bilirlər. Ötən illərin təcrübəsi də bunu göstərir. Düşmənlərimizin heç bir məkirli planları baş tutmayacaq. Azərbaycan və Türkiyə öz yolları ilə gedəcək”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz