Əlaqə Arxiv
news Image
2018.04.28
09:30
| A A A
Azərbaycan və Türkiyə düşməni lərzəyə salacaq yeni silahların birgə istehsalına başlayacaqlar
Ədalət Verdiyev: “Silah arsenalımızı davamlı olaraq yeniləmək həm haqqımız, həm də vəzifəmizdir” İbrahim Rüstəmli: «Qarşılıqlı ünsiyyət və anlaşma, səmərəli təcrübə mübadiləsi Azərbaycanı üst mövqeyə çıxaran vacib amillərdəndir»

Bildiyimiz kimi, Prezident İlham Əliyev ənənəyə uyğun olaraq seçkidən sonra ilk səfərini Türkiyəyə etdi. Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müxtəlif məsələlər müzakirə edilib. Bu məsələlərdən biri də iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. 

Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycanla müdafiə sənayesi sahəsində birlikdə yeni addımlar atacağını açıqlayıb. Ekspertlərin fikrincə, yeni addımlar dedikdə müxtəlif silahların birgə istehsalı nəzərdə tutula bilər. Ümumiyyətlə, tarixi yaxınlıq istənilən cür əməkdaşlığın ehtimalını artırır. Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirdi ki, müasir dövrdə Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qurulub: “Bu münasibətlərin genişlənməsi hər iki tərəfin xarici siyasətinin tərkib hissəsidir. Birgə həyata keçirdiyimiz layihələr iki dövlətin əməkdaşlığını sübut edir. Baş tutan son görüşdə çox müzakirə olunan mövzular da güman ki, müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik, neft-qaz layihələri və strateji əməkdaşlıq çərçivəsində yeni layihələrin birgə həyata keçirilməsidir. Nəzərə alaq ki, onsuz əvvəldən də bu əməkdaşlıq yüksək səviyyədə olub.  İndi isə Türkiyə müdafiə sənayesinin əldə etdiyi yüksək uğurlara, döyüşlərdə sınaqdan keçirilmiş yeni silahlara Azərbaycanın marağı təbiidir. 
Bakı bu əməkdaşlıqdan istifadə edərək reaktiv atəşli lazer tuşlama başlığına malik ağıllı sursatları, hava hücumndan müdafiə sistemləri və lisenziya əsasında Türkiyədə istehsal olunan ağıllı sursatların Azərbaycanda istehsalını müzakirə edilə bilər. Bu əməkdaşlıq Ermənistan tərəfinə də mesajlar ötürməmiş deyil. Ermənistandakı qeyri-sabit vəziyyət bəlkə də cəbhədə müəyyən təxribatlara gətirib çıxara bilər. Bunların qarşısını almaq üçün silah arsenalımızı davamlı olaraq yeniləmək həm haqqımız, həm də vəzifəmizdir. Odur ki, bu əməkdaşlıq Azərbaycan üçün vacib və əhəmiyyətlidir. Əslində, əməkdaşlıqdan çox dostluq münasibətidir. Bu dövlətlərdən birinin potensialı digəri üçün əlçatan olmalıdır. Belə bir əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional gücünün artmasına, siyasi nüfuzunun güclənməsinə səbəb olacaq”. 
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan hərtərəfli təzyiq və təhdidlərlə mübarizə apararaq öz siyasi, iqtisadi və hərbi müstəqilliyini qoruyub saxlamağı bacaran və dayanıqlı inkişafa nail olan azsaylı MDB respublikalarındandır: “Ölkəmizin çoxlarına nümunə olacaq qədər möhtəşəm azadlıq mücadiləsi ağır və məşəqqətli yollardan keçib. Bu yollarda kifayət qədər itkilərlə üzləşsək də, siyasi iradəmizlə, müstəqilliyimizlə, sosial, iqtisadi tərəqqimizlə öyünməyə haqqımız var.  Əlbəttə, uğurlarımızda  müdafiə sənayesinin yaradılması və inkişafı xüsusi yer tutur. 
Azərbaycanda silah istehsalı, bu silahların ixracı və beynəlxalq sərgilərdə qazandığı nailiyyətlər haqqında danışmaq dünənədək çoxlarına xülya kimi görünürdü.  Ancaq biz düşmən güclərin təhdidi altında nəinki ordumuzu qura, formalaşdıra, dünya çapına çıxara bildik, həm də bu ordunu silah arsenalı ilə təmin edə biləcək hərbi sənaye müəssisələrimizi  yaratdıq. Bütün bunlar gecəli-gündüzlü ağır zəhmət hesabına başa gəlib. Bü gün  müvafiq istiqamətdə yürüdülən çevik dövlət siyasəti qazanılacaq uğurların diapazonunu daim genişləndirir.  Yəni, aparıcı dünya dövlətlərilə bağlanan müqavilələr, qarşılıqlı ünsiyyət və anlaşma, səmərəli təcrübə mübadiləsi Azərbaycanı üst mövqeyə çıxaran vacib amillərdəndir.  Bu sırada qardaş Türkiyə Cümhuriyyətinin heç bir dövlətlə müqayisə olunmayacaq qədər xüsusi yeri və önəmi var. Çünki Türkiyə dünənlərdə olduğu kimi, bu gün də öz müstəqilliyini döyüşlərdən döyüşə atıla-atıla, səngər-səngər qoruyan ikinci böyük Vətənimizdir. 
Döyüş təcrübəsi onun müdafiə qüdrətinin artırılmasında geniş imkanlar yaradır. Bu sırada müdafiə sənayesinin inkişafı da, heç şübhəsiz, ən önəmli yerlərdə dayanır. Yəni Türkiyə müvafiq yöndə kifayət qədər zəngin döyüş  təcrübəsinə və yeniliklərə imza atmış dövlətdir. Bu mənada iki qardaş ölkə  arasında qurulan əlaqələr xüsusilə Azərbaycan üçün böyük önəm daşıyır. Bu önəmi şərtləndirən əsas cəhət isə ölkəmizin mövcud əlaqələrdən bəhrələnərək öz kadr potensialını gücləndirməsidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz