Əlaqə Arxiv
news Image
2018.04.28
10:00
| A A A
Ermənistandakı olaylar daha böyük sürətlə yeni Qarabağ savaşını tətikləyir
Elşən Mustafayev: “Bütün hallarda müxalifətin hakimiyyətə gəlməsini əngəlləmək üçün sərhəd boyun ərazilərdə bəzi təxribatlara gedə bilərlər” Nazim Cəfərsoy: “İki məqam üst-üstə düşsə, müharibə ehtimalı hər zaman olduğu kimi aktual ola bilər”

Rusiyada bəzi dairələr  Ermənistandakı qarışıqlığın Qarabağda müharibəyə qədər gətirib çıxacağına dair xəbərdarlıqlar edir. “Qazeta.ru” saytı yazır ki, Moskvanı narahat edən məsələlərdən biri də Dağlıq Qarabağda toqquşmaların başlamasıdır. Ermənistandakı qarışıqlığın Qarabağda müharibəyə səbəb olması mümkündürmü?

Politoloq Elşən Mustafayevin fikrincə, sözügedən məsələdə prosesin hansı istiqamətdə cərəyan edəcəyi xarici amildən asılıdır: “Öncədən də Ermənistanda cərəyan edən proseslərə münasibət bildirərkən demişdim ki, proseslərin indiki gedişində cəbhə bölgəsində atəşkəsin pozulması istiqamətində Azərbaycan heç bir addım atmayacaq. Bəziləri isə deyirdi ki, yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycan torpaqların azad edilməsi istiqamətində əməliyyata başlayacaq. Yəni bildirirdilər ki, Azərbaycan bu şansdan istifadə etməlidir. Bildirdim ki, indiki halda bu birmənalı şəkildə Serj Sarkisyan klanının xeyrinə işləyən bir addım olardı və nəticə də olmayacaqdı. Burada başqa amillər var. 
Hamımız bilirik ki, Dağlıq Qarabağın işğalı heç də Ermənistanın gücü hesabına baş verməyib. Burada digər faktor rol oynayıb ki, o da hələlik yerindədir. Yəni şimal faktoru. Hətta Ermənistanda baş qaldıran etirazların ilk dövründə Sarkisyan bəyan edirdi ki, Azərbaycan guya atəşkəsi pozur. Ermənistan müxalifəti isə bunun sadəcə, Sarkisyanın uydurması olduğunu bildirirdi. İndi Ermənistan çıxılmaz durumdadır. Hakimiyyətdən uzaqlaşdırılan Sarkisyanı Karen Karapetyan əvəz edib. O da Dağlıq Qarabağ ermənisi olmaqla Rusiyaya yaxın qüvvələrə bağlıdır. Proseslərin gedişi göstərir ki, Kreml var gücü ilə Karapetyanın baş nazir olmasına çalışır. Bütün hallarda müxalifətin hakimiyyətə gəlməsini əngəlləmək üçün sərhəd boyun ərazilərdə bəzi təxribatlara gedə bilərlər. Bunu istisna etmək olmaz. Yəni, insanların diqqətini siyasi prosesdən yayındırmağın yeganə yolu Ermənistan üçün sərhəddə qarşıdurma yaratmaqdan ibarətdir. Amma bunun özü Ermənistandan asılı olan məsələ olmayacaq. Ermənistan hələ də panika vəziyyətindədir. Hətta bəzi nazirlər artıq müxalifət tərəfə keçir. Bütün bunların fonunda Ermənistandan kənarda prosesin özlərinin nəzarətindən çıxmasına maneə olmaq üçün cəbhə bölgəsində gərginliyin yaranmasında maraqlı olan qüvvələr mövcuddur. Ona görə də onlar hadisələrin gedişindən asılı olaraq münaqişənin yenidən alovlanmasına rəvac verə bilərlər. 
Bir neçə gündən sonra prosesdə müəyyən aydınlaşmalar olacaq. Mayın 1-də Ermənistanda baş nazir seçimi baş tutmalıdır. Müxalifətçilər və xalqın əksəriyyəti Karen Karapetyanın baş nazir olmasını istəmir. Buna baxmayaraq, parlamentdə əksəriyyəti Karapetyanın da üzvü olduğu Respublika Partiyası tutur. Müxalifət isə qanunverici orqanda üstünlüyə malik deyil. Ona görə də əsas təsir mexanizmi kimi küçə yürüşlərinə üstünlük verirlər. Hər halda, Ermənistanda baş verən qarışıqlığın Qarabağda müharibəyə səbəb olub-olmayacağı istiqamətində başlıca faktor rolunda xarici amil, konkret Rusiya çıxış edir. Rusiya isə öz marağına uyğun olaraq istənilən addımı ata bilər. Bundan sığortalanmamışıq və ona hazır olmalıyıq. Moskva öz istədiyi namizədin hakimiyyətə gətirilməsi üçün cəhdlər edəcək. Ona görə hər şey ola bilər”. 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy nəzəri olaraq Qarabağda mövcud situasiyada müharibənin yenidən alovlana biləcəyini istisna etmədi: “Əslində, Ermənistandakı qarışıqlığın Qarabağda müharibəyə gətirib-gətirməyəcəyilə bağlı iki versiya vardır. Birinci məqam odur ki, erməni tərəfi işğalçılıq siyasətini davam etdirir. Uzun sürən danışıqlar prosesi də nəticə vermir. Bu çərçivədə Azərbaycan beynəlxalq hüquqa söykənərək və öz marağına uyğun olaraq problemin həll olunmadığı müddət ərzində savaş təhlükəsinin aktual olduğunu hər zaman qeyd edib. Yəni Qarabağda erməni işğalı davam edən müddətdə hər zaman müharibə ehtimalı vardır. Son 20-25 ildə dəfələrlə müxtəlif təcrübələrə əsasən bunu görmüşük. 2016-cı ilin aprel hadisələri də bunu əyani şəkildə göstərdi. 
İkinci bir tərəfdən, düşmən ölkədə siyasi gərginliyin baş verməsi, xalqla rəhbərlik arasında ziddiyyətlərin ortaya çıxması ilə heç şübhəsiz, Azərbaycan üçün də müəyyən siyasi üstünlüklər yaranıb. Nəzərə alaq ki, vaxtilə bənzər problem yaşanan zaman ermənilər tərəfindən ölkəmizə qarşı istifadə olunub. Keçən əsrin 90-cı illərində Azərbaycanda siyasi böhran yaşanan dövrdə Ermənistan bənzər hadisələrdən ölkəmizə qarşı istifadə edərək, müəyyən işğal hərəkətləri həyata keçiriblər. Bu mənada hazırkı mövcud durumda Qarabağda müharibənin yenidən alovlana biləcəyini ehtimalını xaric etmək olmaz.  Rusiyaya gəldikdə, Ermənistandakı qarışılqlığın Qarabağda müharibəyə səbəb olacağını bu ölkədə daha çox qabardanlar erməni əsillilər və onlara yaxın olanlardır. Bu yolla da bəri başdan Rusiyada onlara dəstək verən çevrələrə mesaj verməyə çalışırlar ki, Azərbaycan yeni bir müharibəyə başlaya bilər və bu ermənilərin əleyhinə işləyər. Ona görə də həyəcan təbili çağıraraq, hamilərini diqqətli olmağa, Azərbaycana mesaj verməyə səsləyirlər. Yəni, Rusiyadakı ermənilər bu istiqamətdə öncə ictimai rəy yaradır, ardınca da ona uyğun güclü fiqurların dövriyyəyə girərək açıqlama verməsinə çalışırlar.. Bu mənada da Ermənistandakı qarışıqlıq fonunda müharibənin yenidən alovlama biləcəyini istisna etmirəm. Nəzəri olaraq mümkündür və asılı olacaq Ermənistandakı siyasi prosesin gələcəyindən, həm də regional və qlobal tarazlıqların bu çərçivədə Azərbaycana saxlayacağı imkanlardan. Bu iki məqam üst-üstə düşsə, müharibə ehtimalı hər zaman olduğu kimi aktual ola bilər”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz