Əlaqə Arxiv
news Image
2018.04.28
10:30
| A A A
Düşmən ölkədə böyüyən xaos
Oqtay Sadıqzadə: “Fakt odur ki, Ermənistanın taleyi Moskvanın və Qərbin əlindədir” Araz Aslanlı: “Ermənistanda gedən proseslər onun gələcəyi, xüsusən də Qarabağ probleminin həlli üçün əhəmiyyət daşıyır”

Ermənistanda baş verən hadisələrlə bağlı müxtəlif proqnozlar verilir. İndiki iqtidarın dəyişmək üzrə olduğu görünür. Proqnozlarda bu ehtimal daha yüksək qiymətləndirilir. Lakin sonrakı proseslərin hansı məcarada davam edəcəyi bəlli deyil. Siyasilərin fikrincə, hazırda İrəvanda yaşanan xaotik proses bu ölkənin taleyini həll edə bilər. Hakimiyyətə gələcək yeni qüvvələr hətta onun Qarabağ siyasətinə də təsir edəcək. Politoloq Oqtay Sadıqzadə hesab edir ki, İrəvanda baş verən hadisələrin səbəbi sosial-iqtisadi faktora söykənir: “Bu, Ermənistanda uzun illərdir, toplanan problemlərin bariz şəkildə üzə çıxmasıdır. Əsasən iki siyasi klannın - İrəvan və Qarabağ klanlarının mübarizəsi gedir. Qarabağ klanı mövqeyini qorumağa çalışır. Lakin Serj Sarkisyanın hərbi-diktatura rejimi artıq devrilib. Bununla belə hazırda hakimiyyətə kimin gələcəyini proqnoz etmək də çətindir. Burada diasporun, Qərbin  böyük rolu olacaq. Eyni zamanda Rusiyanın da təsir imkanları kifayət qədərdir. Ancaq Rusiya hazırda daha ciddi problemlərlə üz-üzədir. Sanksiyalar, Krım, Suriya kimi problemlər yaşayır. Bunların fonunda indiki baş nazir Karen Karapetyana nə qədər dəstək verə biləcəyi bəlli deyil. Ehtimal ki, bunu edə bilməyəcək və Respublika Partiyası dağılacaq. Onun yerinə kimin gələcəyini isə indi görmək çətindir. 

Nəzər alaq ki, Nikol Paşinyandan da ciddi fiqurlar var. Ermənistanda 1 may növbədənkənar seçkiləri olacaq. Ola bilsin ki, müvəqqəti N. Paşinyan baş nazir seçilsin. Ancaq o, elə də ciddi siyasi fiqur deyil. Proqramında Avroatlantikaya inteqrasiyaya aid bənd yer alıb. Ona görə Qərbdən də dəstək gözləyəcək. Fakt odur ki, Ermənistanın taleyi Moskvanın və Qərbin əlindədir”.
Politoloq əlavə etdi ki, baş verən hadisələr fonunda Qarabağda vəziyyət Azərbaycandan da asılı olacaq: “Müdaxilələr yalnız hərbi yox, diplomatik, siyasi yollarla da mümkündür”. 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı bildirdi ki, Ermənistanda gedən proseslər onun gələcəyi, xüsusən də Qarabağ probleminin həlli üçün əhəmiyyət daşıyır: “Lakin bu əhəmiyyətin reallaşması üçün mahiyyətcə fərqli proseslər baş tutmalıdır. Biri var ki, sadəcə, hakimiyyətə gələn şəxs dəyişir. İkincisi isə mahiyyətcə fərqli düşünən siyasi qrup hakimiyyətə gəlir. Birinci halda yalnız Ermənistanın dünyada imicinə təsiri olacaq. Sadəcə, “Ermənistanda daha demokratik ab-hava var” görüntüsü yaranır. İkinci halda, yəni fərqli düşünən qrupların hakimiyyətə gəlməsi nəticəsində regionda sülh  imkanı formalaşdıracaq.Hansı ki, müxtəlif dövlərdə bu cür imkanlar olub. Lakin uzun müddətdir ki, xüsusən Serj Sarkisyan hakimiyyətindən bəri danışıqlarda canlanma müşahidə edilmir. 
İndiki halda proseslərin hara gedəcəyi aydın deyil. Mahiyyətcə dəyişiklik olarsa, Qarabağda real həll proseslərinin başlamasına da imkanlar yarana bilər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz