Əlaqə Arxiv
news Image
2018.05.01
08:00
| A A A
ABŞ-ın Qafqaz siyasətində Azərbaycanın xüsusi çəkisi artır
Donald Tramp Azərbaycan Prezidentinə birgə fəaliyyəti gücləndirməyi təklif edir

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən məktub göndərilib. Məktubda iki ölkə arasında indiyədək olan əlaqələrin davam etdirilməsinə yüksək sədaqətlilik nümayiş olunub: “Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm. Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir”.

ABŞ Prezidenti ötən il də Azərbaycanın dövlət başçısına bir həftə içərisində iki məktub göndərmiş və ölkəsinin Qafqaz siyasətində ölkəmizlə hansı sahələrdə əməkdaşlıq edəcəyini vurğulamışdı. Vaşinqton Azərbaycanla nəinki mövcud əməkdaşlığı saxlamaqda maraqlı olduğunu bəyanlayır, həm də münasibətləri inkişaf etdirməyin konkret formullarını təklif edirdi. Məsələ burasındadır ki, Azərbaycan Cənubi Qafqazda balanslı, amma müstəqil siyasət yürütməklə beynəlxalq aləmin diqqət mərkəzindədir. Buna görə də ikitərəfli münasibətlərin inkişafı üçün Azərbaycanın potensialı həmişə imkanları qoruyub saxlayır və genişləndirir. Sadəcə, müstəvidə qarşılıqlı bərabər imkanlar mövzusu daim aktuallıq kəsb edir. Bu istiqamətdə Vaşinqton Azərbaycanın müstəqil milli dövlət kimi formalaşdığını qəbul edir. Müstəqil siyasətin nə qədər əhəmiyyətli olması bu formulda ifadə olunur.
Prezident İlham Əliyevin yeritdiyi xarici və daxili siyasət kursunun məhz müstəqilliyi, reallığı tam nəzərə alması, XXI əsrin çağırışlarına cavab verməsi və cəmiyyət həyatının bütün sahələri üzrə islahatların sistemli aparılması iki ölkə arasındakı əməkdaşlıqda həlledici rol oynayır. Donald Tramp Azərbaycan Prezidentinə yazdığı builki məktubda həmin məqamları lakonik ifadə edir. Amerikanın rəhbəri Azərbaycanın qlobal təhlükəsizliyə, terrorla mübarizəyə, beynəlxalq əməkdaşlıq işinə verdiyi töhfələri aydın vurğulayır, ölkə başçısının apardığı siyasətin səmərəsini qeyd edir və biznes əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu xüsusilə qeyd edir. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə Amerika-Azərbaycan münasibətlərinin məzmunca yeni səviyyəyə yüksəlməsindən ibarətdir. 
Ekspertlərin fikrincə, Vaşinqton üçün Azərbaycanın iqtisadiyyat və enerji sahələrində həyata keçirdiyi proqramların əhəmiyyəti təhlükəsizliyin təmin edilməsi ilə birbaşa bağlıdır. Məsələ ondan ibarətdir ki, regional miqyasda təhlükəsizlik real əsaslara dayanmadıqca sabitliyi pozmaq riski yüksək olaraq qalır. Yəni, Avropa üçün yeni enerji mənbəyi olan bir müstəqil dövlətlə uzunmüddətli və uğurlu əməkdaşlıq etmək üçün mütləq regional təhlükəsizlik məsələsi önə çıxarılmalı və real şərtlər prizmasından qiymətləndirilməlidir. Təhlükəsizliyin təminində beynəlxalq terrorla mübarizə xüsusi yer tutur. Azərbaycan bu işdə yaxından iştirak etməklə qoşulduğu işdə etibarlı tərəfdaş olduğunu sübut edib. Əfqanıstanda sülhməramlı qüvvələr tərkibində Azərbaycanın iştirakının ildən-ilə genişlənməsi bunu təsdiqləyir. Arzu edilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsində Azərbaycanın yanında olan dövlətlər də eyni etibarlılıq nümayiş etdirsinlər. Çünki, terrorla mübarizə həm də Cənubi Qafqazı illərdir təhdid altında saxlayan erməni separatizmi və terroru ilə mübarizəni də mütləq şəkildə əhatə etməlidir. Yəni, Amerika bu məsələyə prinsipial əhəmiyyət verməlidir. Ona görə ki, Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasa, Cənubi Qafqazda heç bir dövlətin təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. Bu işdə ümumi ibarələrlə yox, daha konkret fəaliyyət proqramı ilə fəaliyyət sərgilənsə, həqiqətən təhlükəsizlik məsələsində irəliləyişə nail olmaq mümkündür. Amma hər bir halda ABŞ prezidentinin məktubu dünyanın supergüc dövlətinin Azərbaycanla iş birliyinə əzmkarlıq göstərməsi ölkəmizin Cənubi Qafqazdakı birincilik rolunun daha artmasını göstərir.
Vaxtilə Azərbaycanda işləmiş və hazırda Azərbaycan Respublikasının ABŞ-ın Nyu-Meksiko ştatında fəxri konsulu kimi fəaliyyət göstərən  Art Makhaffinin də Prezident İlham Əliyevə təbrik məktubu eyni məzmunu ilə ABŞ-Azərbaycan münasibətlərindəki tarazlığı dəqiq ifadə edir: “Nyu-Meksiko ştatının qanunverici orqanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətini, eləcə də Xocalıda törədilmiş qətliamı pisləyən çoxsaylı qətnamələr qəbul etmişdir. Bu müddət ərzində mən Nyu-Meksiko ştatının rəsmi nümayəndələri ilə görüşlər keçirmiş, müxtəlif ictimai tədbirlərdə Azərbaycan haqqında mühazirələr oxumuşam. Ticarət, mədəniyyət, həmçinin təhsil sahəsində mübadilələr təşkil etmişəm. 2018-ci ilin yanvar ayında Nyu-Meksiko Nümayəndələr Palatası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tarixi qətnamənin qəbul olunmasında iştirak etmişəm”.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz