Əlaqə Arxiv
news Image
2018.05.01
09:50
| A A A
Ordumuzun ixtiyarında “İsgəndər” raketləri də olacaq?!
Azad İsazadə: “İstisna deyil ki, gələcəkdə “İsgəndər” raketlərini əldə edə bilərik” Araz Əlizadə: “Həmin raketləri almaq istiqamətində çox da fikirləşmək lazım deyil”

Rusiyanın “Rostex” dövlət korporasiyası elan edib ki, “İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır. Korporasiyanın beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov raketləri “geniş çevrədə ölkələrə” təklif edəcəklərini bildirib. Azərbaycan bu raketlərin  alıcılarından biri ola bilərmi? 

 Hərbçi-ekspert Azad İsazadə Azərbaycanın “İsgəndər” raketlərini almasını mümkün hesab etdi: “Prinsipcə, Azərbaycan da Rusiya istehsalı olan  “İsgəndər” raket kompleksinin alıcıları sırasında yer ala bilər. Digər tərəfdən Azərbaycan bu tipli raketləri Belarusdan alıb. Bu tip raketlər üzrə Belarus istehsalı ilə Rusiya istehsalı arasında böyük fərqlər də yoxdur. Ona görə güman edirəm ki, yaxın dönəmlərdə ola bilsin Azərbaycan bu məsələ ilə möşğul olmasın. “İsgəndər” raketlərinə böyük ehtiyacımız da yoxdur. Çünki ona oxşar raketlərimiz vardır. Bununla belə, istisna deyil ki, gələcəkdə həmin istiqamətdə fikirləşə  və “İsgəndər” raketlərini də əldə edə bilərik. 
300-400 km məsafədə hədəfi vurmaq gücündə olan “İsgəndər” raketlərini alıb cəbhə bölgəsində yerləşdirməklə deməli, bütün Ermənistan ərazisini zərbə altında saxlaya bilərik. Azərbaycan bu mənada digər üstünlüyə də malikdir. Naxçıvanda yerləşən qoşunlarımızla İrəvan arasındakı məsafə cəmi 40 km-dir. Bu mənada, “İsgəndər” kompleksi olmadan da oradakı raketlərlə sözsüz ki, çox rahat İrəvanı da vurmaq gücündəyik”.
Milli Məclisin deputatı Araz Əlizadənin fikrincə, nəzəri cəhətdən Azərbaycan “İsgəndər” raketlərinin alıcısına çevrilə bilər: “Nəzəri cəhətdən hər şey ola bilər və Azərbaycan da “İsgəndər” raketlərinin alıcısı sırasında yer ala bilər. Dünya bazarlarında istər açıq tenderlər vasitəsilə, istərsə də qara bazarlarda bütün növ hərbi texnikalar satılır. Odur ki, geniş çevrədə ölkələrə təklif edilən “İsgəndər” raketlərini alıb, yaxud almamağımızda qəribə nəsə axtarmağına dəyməz. Məsələn, İraq-İran müharibəsi zamanı ABŞ, NATO ölkələri, SSRİ-nin özü Tehrana silah satışına qadağa qoydu. Bu fonda onlar əmin idilər ki, İraq qalib gələcək. Çünki, İraqın bütün hərbi texnikası ABŞ və Rusiya silahlarından ibarət idi. Amma İran qara bazardan istifadə etməklə o dövrün müasir silahlarına yiyələndi. 
Düşünmürəm ki, “İsgəndər” raketlərini almağa ciddi şəkildə cəhd etməliyik. Həmin raketləri bildiyiniz kimi, Ermənistana veriblər. Ermənistan həmin silahdan istifadə edərək, ölkəmizə qarşı hücuma keçsə, İsraildən aldığımız qurğular vasitəsilə bu raketləri sıradan çıxara bilərik. Odur ki, həmin raketləri almaq istiqamətində çox da fikirləşmək lazım deyil”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz