Əlaqə Arxiv
news Image
2018.05.02
08:00
| A A A
Qarabağ münaqişəsi həll edilmədikcə Ermənistan məhvə məhkumdur
Ekspert: “Məhz Azərbaycan diplomatiyasının uğurlu siyasətinin nəticəsidir ki, Ermənistan iqtisadi blokadaya alınıb və onun marağına cavab verməyən geosiyasi koalisiya formalaşmaqdadır”

Ermənistanda hakimiyyətə yiyələnən müxalif lider Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağıl son açıqlamaları onun da bu məsələdə əvvəlki hakimiyyətdən fərqli mövqedə olmayacağını göstərir. Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclasında o bununla bağlı qeyd edib: “Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yoluyla həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq”. Bununla bağlı politoloq Elşən Manafov bildirdi ki, Paşinyanın qarabağ məsəəlsində son dedikləri sərsəm bir açıqlamadır və Rusiyanın razılığı olmadan bölgədə yeni savaş ehtimalı mümkün deyil: “Paşinyan hər halda Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın təmsilçisi deyil. Ekspertlər onun daha çox Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla əlaqələrinin olduğunu qeyd edir. Bu mənada Paşinyanın Qarabağla bağlı səsləndirdiyi fikirlər o kontekstdə qəbul olunmamalıdır ki, həmin şəxs hakimiyyətə gələcəyi təqdirdə gerçəkdən Azərbaycana qarşı savaşa başlaya bilər. 

Ümumiyyətlə, Ermənistan Azərbaycanla savaş aparmaq gücündə olan dövlət deyil. Bunun məhz belə olduğunu  iki il öncəki aprel döyüşləri də Ermənistan və onun havadarlarına əyani şəkildə göstərdi. Paşinyan daha yaxşı olar ki, Ermənistanda meydan hərəkatının alovlanmasına səbəb olan amilləri aradan qaldırmaq barədə düşünsün. Aydın məsələdir ki, Sarkisyanın istefası ilə nəticələnən həmin hərəkatın əsas səbəbləri Ermənistanda mövcud olan ağır maddi və sosial-iqtisadi durumdur. Son zamanlar Ermənistanda təqaüdlərin verilməməsi və ya gecikdirilməsi də bu prosesə təkan verib. Ümumiyyətlə, həmin olaya səbəb olan amillər sırasında Ermənistanın öz günahı üzündən blokadada olması, məlum layihələrdən kənarda qalması da mühüm rol oynayıb. Bu mənada da Paşinyan diqqətini daha çox məhz Ermənistan daxilindəki problemlərə, ölkəni ağır sosial-iqtisadi durumdan çıxartmağa yönəltməlidir. 
Qeyd edək ki, Paşinyan öncədən də bildirib ki, hakimiyyətə gəldiyi təqdirdə, Ermənistanın yürütdüyü siyasətdə kardinal dəyişikliklər baş verməyəcək. Bu kontekstdən çıxış etsək, Paşinyan öz fəaliyyətində qərbəmeylli olması təsirini bağışlasa da, Rusiyanın Ermənistanla bağlı mövqelərini də nəzərə almaq məcburiyyətindədir. Yəqin buna görədir ki, ilk əvvəllər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqından çıxa biləcəyilə bağlı bəyanatları ilə fərqlənən Paşinyan sonradan daha neytral və yumşaq mövqe sərgiləməyə başlayıb. Güman edirəm ki, Rusiya tərəfindən hansısa bir mesaj olmayacaqsa, Ermənistanda heç bir siyasətçi Azərbaycanla savaşa getmək barədə düşünmür və düşünməyəcək. Moskva isə Azərbaycanın strateji tərəfdaşıdır. İki dövlət başçısı arasında münasibətlər kifayət qədər normaldır. Bu mənada düşünmürəm ki, Rusiya Ermənistanın yeni siyasi elitasına Azərbaycanla münasibətləri yeni müharibə məsələsinə yönləndirməklə bağlı mesajlar versin. 
Qərbə gəlincə, onlar hələlik Cənubi Qafqazla bağlı olaylara bir o qədər də diqqət yetirmir. Hazırda ABŞ Ukraynanı silahlandırmağa və Suriyada Rusiyanı sıxışdırmağa daha çox cəhd göstərir. Rusiyaya yönəlik sanksiyalar da məhz bu ölkənin maliyyə vəziyyətini və hərbi gücünü zəiflətməyə hesablanıb. Bu mənada düşünürəm ki, Ermənistanın köhnə-yeni siyasi elitasının Azərbaycanla münasibətləri savaş müstəvisinə gətirməsilə bağlı açıqlamaları ayağa qalxan erməni vətəndaşlarının marağına cavab verməyən açıqlamalardır. Ona görə də Paşinyan hakimiyyətə gələrsə, ilk növbədə diqqətini məhz ölkə daxili sosial-iqtisadi problemlərin çözülməsinə yönəltməlidir. Bu səbəbdən Paşinyanın Azərbaycanla savaşa başlaya biləcəyilə bağlı sərsəm açıqlamaları nə ona dividend gətirməyəcək, nə də ki, bunlar erməni xalqının marağına cavab verən açıqlamalar deyil. Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqedə qalmaqda davam etməsinə gəldikdə, bu, heç də ondan asılı olan məsələ deyil. Paşinyanın gözlənilmədən siyasət meydanına çıxması da əslində, Azərbaycan diplomatiyasının apardığı uğurlu siyasətlə əlaqədardır. Bölgədə Türkiyə, Rusiya, İran və Azərbaycanın iştirakı ilə yeni geosiyasi koalisiya formalaşıb. Adıçəkilən dövlətlərin hamısı Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir. Məhz Azərbaycan diplomatiyasının uğurlu siyasətinin nəticəsidir ki, Ermənistan iqtisadi blokadaya alınıb və onun marağına cavab verməyən geosiyasi koalisiya formalaşmaqdadır. Yəni, Ermənistanın müttəfiqi Rusiya idi, o da Ankara ilə yaxınlaşdı. Ermənistanın digər müttəfiqi olan İran da Suriya məsələsində Rusiya ilə yanaşı, Türkiyə ilə də əməkdaşlıq etməyə borcludur. 
Bəzi erməni siyasiləri dəfələrlə bildiriblər ki, Ermənistan Türkiyə və Azərbaycan kimi dövlətlərin məngənəsindədir. İndi isə həmin məngənə İrəvanın keçmiş müttəfiqləri tərəfindən daha da daralmaqdadır. Bu mənada Paşinyan kimi siyasətçinin gözlənilmədən ortaya çıxması Ter-Petrosyan kimi siyasətçilərin Qərblə münasibətlərə böyük önəm verməsi anlamında qəbul olunmalıdır. Amma Paşinyan özü də anlayır ki, Petrosyan iqtidarı dönəmində Qarabağ probleminin həlli istiqamətində atılan addımlar məhz onun istefası və sonrakı dönəmdə parlamentin güllələnməsilə nəticələndi. Bu Paşinyan və ondan sonra gələcək nazirlər üçün də ciddi bir mesajdır. Nə qədər ki, Rusiyanın bölgədə maraqları var və həmin maraqlar uğrunda çarpışmağa hazırdır, Qərbin bölgədən çox uzaq olduğunu da yaddan çıxarmayaq. Həm coğrafi, həm də geosiyasi anlamda Qərb uzaqdadır. Rusiya isə çox yaxındır. Təbii ki, Moskva da öz sərhədləri yaxınlığında geosiyasi vəziyyətin hərbi müstəviyə düşməsi üçün güzəştə getməyəcək. Çünki bu hal Cənubi Qafqazın Rusiya üçün itirilməsi demək olacaq. Ona görə də Paşinyanın həmin açıqlaması Rusiya ilə razılaşdırılmayıbsa, əminəm ki, bu məhz belədir, sərsəm açıqlamadır”.  
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz