Əlaqə Arxiv
news Image
2018.05.02
09:45
| A A A
Anti-Azərbaycan kampaniyası yenə iflasa məhkumdur
Niyaməddin Orduxanlı: “AŞPA-nın Azərbaycana münasibətdə sərgilədiyi münasibət sırf ikili standartdan qaynaqlanan bir münasibətdir” Mais Səfərli: “Qərbdəki bəzi dairələr Azərbaycanın müstəqil siyasət yürütməsini heç cürə həzm edə bilmirlər”

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) növbəti anti-Azərbaycan kampaniyasının başlanması burada hələ də ölkəmizə qarşı fəaliyyət göstərənlərin olduğunu üzə çıxarır. Amma onlar yaxşı bilir ki, Azərbaycan heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Belə olan halda nədən anti-Azərbaycan kampaniyasına hələ də son qoyulmur? 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, AŞPA kimi Qərb təşkilatları ikili standart siyasətindən əl çəkməyincə anti-Azərbaycan kampaniyasına da son qoymayacaqlar: “Öncə ondan başlayaq ki, AŞPA-nın qəbul etdiyi qərarlar beynəlxalq akt sayılmadığından heç bir hüquqi qüvvəyə malik deyil. Avropanın ən inkişaf etmiş ölkələrində, İngiltərə, Fransa, Almaniyada, hətta ABŞ-da da korrupsiya faktları vardır. Adlarını sadaladığım ölkələrin bir çox vəzifəli şəxsləri korrupsiya faktı ilə dəfələrlə ifşa olunublar. Onlarla belə faktı göstərmək olar. Hətta elə ölkələr var ki, prezidentlər səviyyəsində belə korrupsiya faktları üzə çıxıb. Yəni korrupsiya bəlası dünyanın hər yerini bürüyüb, həmçinin Azərbaycanı. Azərbaycan dövləti də rəsmən bunu inkar etmir. Hətta siyasi rəhbərlik korrupsiyanın yolverilməz olduğunu qeyd etməklə yanaşı, ona qarşı ölkədə aparılan mübarizənin səmərə verdiyini dəfələrlə bəyan ediblər. Həmçinin bu istiqamətdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi də yaradılıb. Yəni dövlət səviyyəsində ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu mənada AŞPA-nın ölkəmizə münasibətdə sərgilədiyi münasibət sırf ikili standartdan qaynaqlanan bir münasibətdir. 
Hazırkı dünya düzənində, Qərblə Rusiya arasında gərgin münasibətlər fonunda mövcud düzən heç də ürəkaçan deyil. Belə bir vəziyyətdə Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin tam korlanmasında maraqlı olan dövlətlər də var. Yəni, ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinə son qoyulmasını istəyən qüvvələr də var. Azərbaycan müstəqilliyini bərpa edəndən bu günə qədər güclü erməni diasporası, lobbisi dövlətimiz əleyhinə kampaniya aparıb və aparmaqdadır. Belə bir vəziyyətdə, təəssüf ki, ölkəmizlə bağlı AŞPA-da bu kimi situasiya yaranıb. Ermənistanda Serj Sarkisyanın hakimiyyəti dönəmində onlarla dinc mitinq iştirakçısı qətlə yetirilib, yüzlərlə ictimai-siyasi fəal həbs edilib. Amma Qərb qurumları, o cümlədən AŞPA buna baxmayaraq, utanmadan Ermənistana qarşı heç bir sanksiya addımı atmayaraq, onu hətta öz hesabatlarında yarımazad ölkələr sırasına daxil edirlər. Bu isə heç bir beynəlxalq hüquqa söykənməyən, utanc gətirən bir faktdır. Görün. nə qədər absurddur, parlament gülləbaran edilir, spiker və baş nazir qətlə yetirilir, amm Qərbdə Ermənistan yarımazad ölkələr sırasında yer alır. Bütün bunlara, AŞPA-nın ölkəmizə münasibətdə qərəzli siyasətinə baxmayaraq,  Azərbaycan bütün hallarda  qurumda öz fəaliyyətini davam etdirməlidir. Həmin beynəlxalq təşkilatlarda meydanı Ermənistana tək buraxmaq olmaz. Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var, belə bir vəziyyətdə AŞPA-dan kənar durmamalıyıq”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, AŞPA Azərbaycanın müstəqil siyasət yürütməsindən əndişələndiyindən ölkəmizə münasibətdə qərəzli fəaliyətlərini hələ də davam etdirirlər: “Qərbdəki bəzi dairələr Azərbaycanın müstəqil siyasət yürütməsini heç cür həzm edə bilmirlər. Onlar düşünür ki, Azərbaycan kimi böyük sərvətlərə malik dövlətləri böyük güclərin təsiri altında olmalıdır. 
Bildiyiniz kimi, AŞPA, ATƏT və digər bu kimi beynəlxalq təşkilatlar da böyük güclərin təsiri altında fəaliyyət göstərir, onların əlində bir alətdirlər. Bu, bir gerçəklikdir. Bu mənada da həmin qurumlar əksər hallarda öz nizamnamələrinə zidd fəaliyyət sərgiləyirlər. ATƏT-in Azərbaycanda keçirilən son prezident seçkilərinə verdiyi münasibət də göstərdi ki, həmin qurum da qərəz sərgiləyir və kimlərinsə əlində bir alətdirlər. Ona görə də Azərbaycan kimi müstəqil siyasət aparan dövlətlərə təzyiq etməklə bu məqamdan öz maraqları naminə yararlanmaq istəyirlər. Təbii ki, AŞPA-nın həmin qərəzli addımı gözlənilən idi, həmişə belə olub. Amma Azərbaycan Prezidenti İlham Əliyev cəsarətli siyasət apararaq, dövlətimiz və xalqımızın maraqlarından çıxış edir. Burada heç bir kənar təsir yoxdur və ola da bilməz. İlham Əliyev öz siyasətini yalnız xalqın iradəsini əldə rəhbər tutaraq qurur. Azərbaycan heç kimə boyun əyməyib və əyməyəcək. Belə olan halda, ölkəmizə münasibətdə yeni təzyiq kampaniyasının olacağı gözlənilən idi. Bu proses də adətən seçkilər dönəmində baş verir. Belə çirkin kampaniyaları ortaya atmaqla həmçinin onlar çalışır ki, Azərbaycanın fikrini Qarabağ məsələsindən yayındırsınlar. Çünki hər kəsə aydındır ki, problemin həllində mövcud status-kvo vəziyyəti uzun müddət belə qala bilməz. Azərbaycan heç zaman mövcud vəziyyətlə barışmayacaq. Ona görə də Azərbaycanın fikrini belə qərəzli kampaniyaya qatmaqla çalışırlar ki, ölkəmiz Qarabağ məsələsində fəallıq nümayiş etdirə bilməsin. Bütün hallarda Azərbaycan öz yolu ilə gedir və bu yolda da qarşıya çıxan bütün maneələri dəf edərək, torpaqlarımızı işğaldan azad etməklə məqsədimizə çatacağıq”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz