Əlaqə Arxiv
news Image
2018.05.02
10:00
| A A A
Azərbaycanın Ermənistana Çindən verdiyi sərt mesaj
Ədalət Verdiyev: “Azərbaycanın Çin kimi dünya gücü ilə əməkdaşlıq etməsi müsbət haldır” Tərlan Eyvazov: «Bu cür əlaqələr daha geniş və uzaq perspektivlər üçün hesablanıb»

Məlumdur ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərində səfərdə oldu. Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə görüşlər keçirilib. 

Həmçinin Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olublar. Mütəxəssislərin sözlərinə görə, müdafiə naziri Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacib sayılır. Əvvəla, Çin kimi dünyanın nəhəngi ilə aparılan danışıqlar, əldə edilən razılaşmalar fonunda Ordumuzun hərbi texniki təminatının daha da güclənməsini gözlənilir. Hətta nazirin Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsi aparması Ermənistan cəmiyyətinə növbəti mesaj kimi də dəyərləndirilir. 
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirdi ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: “1993-cü ildən etibarən Çinlə Azərbaycan arasında diplomatik əlaqələr var. Hazırda da əməkdaşlığımız enerji, sənaye, ticarət, nəqliyyat və s. sahələrdə uğurla inkişaf etməkdədir. Çin Avropa ilə 600 milyard dollarlıq ticarət əlaqələrini məhz bizim ərazilərdən keçməklə qurmaq niyyətindədir. 
Bundan başqa, Çin hazırda 200 milyard dollardan artıq hərbi büdcə ilə ABŞ-dan sonra ikinci dünya nəhəngidir. O baxımdan Azərbaycanın Çin kimi dünya gücü ilə əməkdaşlıq etməsi müsbət haldır. Dünyada beşinci nəsil qırıcıları yalnız ABŞ və Çin istehsal edir. Digər ölkələrin istehsalları hələlik kağız üzərindədir. Hazırda Azərbaycanın aviasiya parkında isə qırıcıların dəyişdirilməsinə ehtiyac yaranmaq üzrədir. Buna görə də müdafiə naziri Zakir Həsənovun Çinə səfəri yaxşı haldır. Vaxtında atılmış addımdır. Çindən qırıcıların alınması istiqamətində danışıqların olma ehtimalı yüksəkdir. 
Digər tərəfdən Azərbaycanın yeni açılmış silah zavodlarında Çin məhsulu olan ağıllı aviasiya və artilleriya sursatlarının, lazer başlıqlı raketlərin, lisenziya əsasında  və ya müştərək şəkildə istehsalı prosesinin yaradılması gözlənilir. Yaylım atəşli raket sistemlərinə gəlincə, yerləşdiyimiz coğrafiyanın hərbi əməliyyatları tələb edir ki, uzaq mənzilli yaylı atəşli reaktiv sistemlərə sahib olaq. Bunların içində Çin istehsalı olan WS1B-ın alınması gözlənilir. Hansı ki, bunun türk variantı da “T-300” dən istifadə etmişik. Rəhbərlik həmin sistemlərdən məmnun qalıb”. 
Ekspertin fikrincə Çin bazarına daxil olmağımızın müsbət cəhətləri çoxdur: “Əvvəla, ABŞ Çin ilə bəzi məsələlərdə üz-üzə gəlməyi arzu etmir. İkincisi, Çin bu günə qədər tətbiq olunan heç bir sanksiyaya əhəmiyyət verməyib. Yəni Çin müstəqil iqtisadiyyat, hərbi sistem quran azsaylı dövlətlərdən biridir. Buna görə də Çinlə texniki, iqtisadi, hərbi sahədə əməkdaşlığımızın genişlənməsində böyük fayda var. Düzgün istiqamətdir. Nəticələrini də yaxın zamanlarda hiss edəcəyik. Hətta adıçəkilən sistemlərin bəzilərinin ordumuzun 100 illik yubileyində hərbi paradda seyr edə biləcəyik. Daha sonra isə onların hansı döyüş qabiliyyətinə malik olduğunu xalqımız müşahidə edəcək”.
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov isə hesab edir ki, Zakir Həsənovun Çinə səfərini və oradakı danışıqları indiki haıda Ermənistana hansısa mesaj verdiyini demək düzgün olmadı: “Belə ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ənənəvi olaraq əvvəlcə Türkiyəyə səfər edilir. Bu da Çinə olan işgüzar səfərdir. Nəzərə alaq ki, Azərbaycan neçə illərdir, Çinlə əməkdaşlıq edir. Hər iki tərəf üçün olduqca sərfəli əməkdaşlıqdır.  Belə ki, Çin hazırda dünyada bütün sahələrdə olduğu kimi silah sənayesində də öncül yeri tutur.  Ən əsası, dünyada ikinci yerdə duran güclü ordusu, təcrübəsi var. 
Dünyanın bu cür aparıcı dövləti ilə hərb sahəsində əməkdaşlığı Ermənistan əleyhinə qiymətlənirsək, Ermənistan üçün böyük şərəf olardı. Odur ki, bu cür əlaqələr daha geniş və uzaq perspektivlər üçün hesablanıb”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz