Əlaqə Arxiv
news Image
2018.05.03
09:00
| A A A
Ermənistan yenə dalana dirənmiş vəziyyətdədir
Natiq Miri: “İstənilən zaman Rusiya Ermənistanda “zəlzələ”lər yarada bilər” Zərdüşt Əlizadə: “Ermənistan həmişəki kimi qəfəsdə oturub”

Məlumdur ki, Nikol Paşinyan Ermənistanın növbəti baş naziri seçilmədi. Ancaq Nikol Paşinyan baş nazir postuna namizədliyi yenidən irəli sürüləcək. Bu barədə onun rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.  “Düşünürəm ki, xalq hərəkatı artıq uğura nail olub, sadəcə bu nailiyyəti bir həftədən sonra hüquqi olaraq təsdiqləmək gərəkdir”, - deyə Tiqran Avinyan qeyd edib. Bu fonda Ermənistan paytaxtı İrəvanda etirazlar davam edir.

Qeyd edək ki, hələ N. Paşinyanın platformasında onun Qərb yoxsa, Rusiyaya meylli olması açıq sezilmir. Hər iki tərəfi qaneedəcək açıqlamaları var. Fikirlər səslənir ki, Nikol Paşinyan Qərbə meylli hökumət qurarsa, cavab olaraq Rusiya bu ölkəni cəzalandıracaq. Hətta ən ağır formada -  Qarabağ kartı ilə təzyiq belə istisna edilmir. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirir ki, əvvəla Nikol Paşinyanın baş nazir seçilməsi qeyri-müəyyəndir: “Ancaq ehtimal olaraq N.Paşinyanı baş nazir kimi düşünsək, o, Rusiya orbitindən qaçmağa cəhd etsə, Rusiya Ermənistan hökumətini cəzalandırmaq istəyəcək. Bu, Rusiyaya xas davranışdır. 
Tarixdə zaman-zaman Rusiyanın bu cür addımlarını görmüşük. O baxımdan N. Paşinyan baş nazir seçilib yeni hökumət qursa belə, tezliklə Rusiyadan qaçmağa yönəlik konkret addımlar atmayacaq. Əvvəla, N. Paşinyan bilməmiş deyil ki, Ermənistanın bütün sahələri Rusiyanın monopoliyasındadır. O baxımdan Rusiyanın Ermənistana hərbi, siyasi, sosial, iqtisadi sahələrdə ciddi təsir imkanları var. Ona görə də də istənilən zaman Rusiya Ermənistanda “zəlzələ”lər yarada bilər. 
Avropaya meyllilik büdcəsi boş olan Ermənistanın yeni hökuməti üçün sarsıdıcı zərbə olardı. O baxımda N. Paşinyan baş nazir seçilsə də, bir müddət Rusiya ilə əvvəlki əməkdaşlığı qoruyacaq. Bundan başqa, N. Paşinyanın Rusiyadan gəlmiş deputatlarla görüşündə də konrket açıqlaması var ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İttifaqından çıxmaq haqqında düşünmür. Bütün bunların hamısı protokol xatirinə deyilmiş sözlərdir. Ancaq sözün əsl mənasında bu siyasətin bir müddət davam edəcəyi qaçılmazdır. Çünki yeni hökumət üçün bundan başqa alternativ yol yoxdur. Sadəcə, Qərbə inteqrasiya xətti götürülə bilər ki, bu da proses olaraq düşünülməlidir. Spontan olaraq Rusiyandan qopmaq yeni hökumət üçün məhvedici ola bilər. Çünki dayanıqsız olan Ermənistan ictimaiyyəti, hökuməti bu cür sosial, siyasi “zəlzələ”lərə hazır deyil. 
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ kimi probem var. Bu problemin də əsas idarəedicisi məhz Rusiyadır. Ermənistan hərbiçilərinin böyük əksəriyyəti Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində fəaliyyət göstərirlər. Qarabağ cəbhəsindəki hansısa təxribatlarla, ya da Azərbaycana müəyyən qədər “yaşıl işıq” yandırmaqla, N.Paşinyan hökumətini cəzalandırmaq Rusiya üçün çətinlik yaratmaz”.
Digər politoloq Zərdüşt Əlizadə bildirdi ki, Ermənistan həmişəki kimi qəfəsdə oturub: “Qəfəsdə olan bir dövlət necə Avropaya meylli ola bilər?! Nəzərə alaq ki, qəfəsin də açarı Rusiyadadır. Yəni, Ermənistan üzünü istənilən ölkəyə çevrilə bilər. Ancaq Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmayınca, xarici siyasətində heç bir manevr imkanına malik olmayacaq. 
N. Paşinyanın kimin adamı olmasına baxmayaraq, Ermənistan bütün siyasəti ilə Rusiyadan asılıdır. O, siyasi səmtini dəyişə bilməz, Rusiyanın girovudur. Heç nə edə bilməz. Sağa, sola addım güllələnmədir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz