Əlaqə Arxiv
news Image
2018.05.04
08:45
| A A A
Böyük güclərin qarşıdurması Ermənistanın tənəzzülünü dramatikləşdirir
İlqar Vəlizadə: “Ermənistan qeyri-stabil dövrə qədəm qoyub” Adıgözəl Məmmədov: “Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasına baxmayaraq, ordumuzu istənilən an döyüşə hazır vəziyyətdə saxlamalıyıq”

Ermənistandakı qeyri-sabit vəziyyət davam edir. Proseslər üzdən erməni xalqının etirazına bənzəsə də, bəzi siyasilər bunu həqiqətdə Qərbin və Rusiyanın toqquşmasının nəticəsi kimi dəyərləndirirlər. Tarix isə göstərir ki, Qərbin Rusiya ilə toqquşduğu məkanlarda uzun müddət sabitlikdən söhbət gedə bilməz. 

Siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, əslində, real mənzərəyə bu cür yanaşmalar effekt verməz: “Çünki real mənzərə daha çox çalarla zəngindir. Ermənistandakı hadisələrdə daxili faktorun da böyük rolu var. Hazırda Rusiya etirazların davam etməsini istəmir. Belə vəziyyət isə Qərbin xeyrinədir. Etiraz aksiyalarının davam etməsi mövcud siyasi sistemin zəifləməsinə gətirib çıxarır. Rusiya-Qərb qarşıdurmasının bu cür təsirləri ola bilər”. 
Politoloq əlavə etdi ki, Ermənistan qeyri-stabil dövrə qədəm qoyub: “Bu cür vəziyyətin nə qədər davam edəcəyini proqnoz etmək çətindir. Hətta növbədənkənar seçkilər belə vəziyyəti dəyişməyəcək. Çünki Serj Sarkisyanın tərəfdarları yenə də siyasətdə qalacaqlar. Eyni zamanda onun əleyhinə çıxş edənlərlər də öz etirazlarını davam etdirəcəklər. Onlar sistemin dəyişməsini istəyirlərsə, qarşıdurma yaradacaqlar. Ona görə də proses xeyli müddət davam edəcək”.
İlqar Vəlizadənin fikrincə, hazırki hadisələrin Qarabağda mənfi nəticələr ola bilər: “Təəssüflər ki, Nikol Paşinyan və onun tərəfdarları Qarabağla bağlı populist mövqedən çıxış edirlər. Bu isə danışıqlara heç də kontruktiv çalarlar gətirmir. Konkret hansı təkliflərlə çıxış edəcəklərini indidən demək çox çətindir. Lakin qeyri-müəyyənlik Qarabağ prosesinin tənzimlənməsinə mənfi təsir göstərir”. 
Digər politoloq Adıgözəl Məmmədov isə Ermənistanda baş verən hadisələrdə nə Qərbin, nə də Rusiyanın “əli”nin olmadığını düşünür: “Əslində, korrupsiyaya batmış Serj Sarkisyandan və onun ətrafından bezmiş ermənilərin eitrazdır. Yəni, baş verən hadisələr Ermənistanın daxili işidir. Yaşanan hadisələrin isə hansı məcarada inkişaf edəcəyini əvvəlcədən proqnoz etmək çətin məsələdir. Əslində, bizə bu, heç lazım da deyil. 
Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasına baxmayaraq, ordumuzu istənilən an döyüşə hazır vəziyyətdə saxlamalıyıq. Dağlıq Qarabağ hadisəsinə tarixi ekskursiya etdikdə görürük ki, torpaq iddiaları ermənilərdə həmişə olub. Bir çox mənbələrə görə, Nikol Paşinyan da Levon Ter-Petrosyanın yaxın adamlarından biridir. Yəni, Nikol Paşinyan rəhbər olması belə ermənilərin Dağlıq Qarabağ iddialarında geri dönəcəyinə əsas vermir. Hətta müəyyən mənbələrdə Nikol Paşinyanın arxasında Levon Ter-Petrosyanın dayandığı da deyilir. Onun da siyasəti işğala söykənir. Odur ki, Ermənistandakı rəhbərlikdən asılı olmayaraq, Azərbaycan öz hüququndan istifadə etməlidir. Ərazi bütövlüyünü təmin etmək üçün oradakı terrorçuları hərbi yolla təmizləmək hüququna malikdir. Buna görə də bizi heç kim qınaya bilməz”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz