Əlaqə Arxiv
news Image
2018.05.04
09:12
| A A A
Gənc kadrlarla yeni uğurlara doğru
Ölkə başçısının kadr siyasəti müasir çağırışlar ruhunda islahatlar həyata keçirməyi stimullaşdırır

Müstəqillik dövründə yetişib formalaşan azərbaycanlı gənclər xarici dilləri, müasir texnologiyaları öyrənib, dünyada bütün texnoloji və innovativ nailiyyətlərə yiyələniblər. Buna görə də dövlət Azərbaycan gəncliyi ilə gələcəyə ümidlə baxır. Bu gün dövlət quruculuğu sistemində, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılar çiyin-çiyinə çalışır. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü təşkil edir. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir və bu gün buna uğurla nail olunub.

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir və bu siyasət ölkə rəhbəri İlham Əliyev tərəfindən yeni və müasir formada, uğurla həyata keçirir. Son 15 ildə gənclərin hərtərəfli inkişafı ilə bağlı dövlət gənclər siyasəti haqqında qanun, müxtəlif dövlət proqramları qəbul olunub. Əlbəttə, bütün bunlar Azərbaycan gəncliyinin gələcəyinə ünvanlanmış addımlardır. 
Neft və insan amili! Hazırkı dövrdə enerji ehtiyatları dünyanın gedişatını həll edən başlıca səbəblərdəndir. Amma nefti olan hər ölkə daxili və xarici siyasətdə heç də həmişə uğur qazana bilmir. Yəni, var-dövlətin olması ağıllılıq əlamətini ehtiva etmir, sadəcə, ağıllı siyasətə açar ola bilir ki, bunu da gərək görməyi bacarasan. Azərbaycanın karbohidrogen ehtiyatları üzərində yürütdüyü siyasət həmişə öz mükəmməlliyi ilə seçilib və dar məqamda ölkənin dadına çatıb. Çünki, Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına transferi” kimi uzaqgörən siyasəti bu istiqamətdə intensiv və səmərəli kursu həyata keçirməyə imkan verir. Belə ki, Azərbaycanda dövlət həyatının və sənaye sahələrinin, neft və qeyri-neft sektorunun bütün vəsilələrində yüksək səviyyədə işləyə bilən zəngin kadr ehtiyatı formalaşıb. Bu da öz növbəsində dövlət başçısına kadr islahatlarını səmərəli aparmağa şərait yaradır. Gənclər yüksək dövlət vəzifələrinə irəli çəkilir. 
Azərbaycan hazırda tarixinin yeni mərhələsinə qədəm qoyub. Köhnə sovet dövründən miras qalmış idarəetmə vərdişlərinin son ilişkiləri aradan qalxmaq yolundadır. Buna görə də aprelin 11-də dördüncü dəfə xalqın etimadını qazanaraq prezident seçilən İlham Əliyev zamanın tələblərini qarşılayaraq dərhal ciddi islahatlara başladı. İlk növbədə müasir tələblərə cavab verməyən nazirlər, komitə sədrləri və digər kadrları yetişmiş gənc kadrlər əvəz etdi. Bununla da hökumətin sıralarına müasir texnologiyaları dərindən qavrayan mütəxəssilər qatıldı və yeni nəfəslə işə başladı. 
Diasporla İş üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə bir neçə başqa dövlət komitəsi və səlahiyyətli idarələrə iş təcrübəsinə malik gənclər təyin olundular. Bu islahatların mahiyyətini təhlil edəndə bu nazirliklərin siyasi və iqtisadi cəhətdən hazırda respublikanın həyatında nə qədər böyük önəm daşıdığı məlum olur. Diaspor indi beynəlxalq siyasətdə dövlətin strateji dayağı rolunu oynayır. Təəssüf ki, dövlət əhəmiyyətli bu mühüm iş indiyədək gözlənilən nətiucəniu verməyib. İqtisadiyyatda postneft dövrünün ilk illərini yaşadığımız indiki məqamda kənd təsərrüfatı sahəsi iqtisadiyyatın aparıcı qoluna çevrilir. Çünki, qeyri-neft sektorunun tərəqqisi indi heç vaxt olmadığı qədər aktualdır. Ölkənin ərzaq təhlükəsizliyinin açarı bu nazirliyin əlindədir. Bəşəriyyətin gələcəyini proqnozlaşdıran təbiət və onun ekoloji vəziyyətinin qorunmasına bütün ölkələr kimi Azərbaycanın da ciddi ehtiyacı var. Digər sahələr də bu cür əhəmiyyətli rol oynayır. Bu mənada dövlət başçısının həyata keçirdiyi islahatlar zamanın ruhundadır və bütün aspektlərdən təqdir olunur. Demək, hökumət düzgün strategiya yürüdür və vəzifəyə təyin olunmuş gənc kadrlar sayəsində ölkənin inkişafında tezliklə keyfiyyət dəyişiklikləri güclənəcək. 
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz