Əlaqə Arxiv
news Image
2018.05.05
09:30
| A A A
Cənub sərhədlərimizdə savaş təhlükəsi böyüyür
Elşən Mustafayev: “İranın Suriyadakı hərəkəti ABŞ və İsrailin maraqlarına cavab vermir” Natiq Miri: “Savaş təhdidi ilə Yaxın Şərqdə artan İran nüfuzunu tamamilə aradan qaldırmağı düşünürlər”

ABŞ və İsrailin son dövrlərdə qonşu İrana qarşı hərbi ritorikası daha sərt xarakter almağa başlayıb. Hətta yaxın tezlikdə savaşın başlanması belə istsina olunmur. Dünya ictimaiyyəti İranın atom problemi ilə bağlı Tehranla “altılıq” (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında imzalanan Əhatəli Birgə Fəaliyyət Planı Müqaviləsindən sonra bir az arxayınlaşmışdı. Ancaq ABŞ prezidenti Donald Tramp bu arxayınlığı pozdu. O, hələ seçkiqabağı kampaniya zamanı İranla bağlanan müqavilədən şübhələndiyini, sənədin Tehranın xeyrinə olduğunu bildirirdi. Donald Tramp prezident olandan sonra ilk bəyanatlarından biri İranla imzalanan sənəd oldu. ABŞ prezidenti Tehranın nüvə proqramından şübhələndiyini və ölkəsinin həmin müqavilədən çıxacağını dəfələrlə elan edib.

Son zamanlar İranın nüvə proqramı ilə bağlı vəziyyət daha da ciddiləşib. ABŞ-la Avropa İttifaqına üzv ölkələr, xüsusilə Almaniya və Fransa arasında ciddi fikir ayrılığı yaranıb. ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo bildirib ki, mayın 12-də İrana verilən möhlət başa çatır: “Rəsmi Tehran bu müddət ərzində nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətədn gizlətdiyi sənədləri üzə çıxarmalıdır. Bu tarixədək ABŞ müqaviləni imzalayan Avropa ölkələrilə görüşlər keçirəcək. Prezident Tramp açıq şəkildə razılığın yararsız olduğunu söyləyib”. İsrailin baş naziri Binyamin Netanyahu xalqa müraciəti zamanı ölkəsinin təhlükəsizliyindən danışarkən bir neçə həftə əvvəl İsrail kəşfiyyatının İranda “Əhməd” adlı layihənin həyata keçirilməsinin sübutu olaraq ölkənin nüvə proqramı haqqında 183 CD-də toplanan 55 min səhifəlik gizli məlumat əldə etdiklərini bildirib: “Bu qovluqlar İranın 2015-ci ildə yalan danışdığını, AEBA-da sövdələşmənin tələbi olaraq hər şeyi etiraf etmədiyini sübuta yetirir. İran həmin vaxt hərbi nüvə proqramının olmadığını yalan deyib”. 
Məsələ ilə bağlı politoloq Elşən Mustafayev ABŞ-la İran arasında birbaşa savaşın ola biləcəyini istisna etdi: “Öncə onu qeyd edim ki, ABŞ-İran münasibətlərinin savaş həddinə gəlib çıxacağı ilə bağlı fikirlərin meydana çıxması gözlənilən idi. Çünki, İranın Suriyadakı hərəkəti ABŞ və İsrailin maraqlarına cavab vermir. Amma onlar arasında yaşanan gərginliyin birbaşa savaşa keçəcəyini düşünmürəm. 
İran region dövlətləri içində kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq oturuşmuş böyük bir dövlətdir. Sözsüz ki, İranla açıq şəkildə müharibəyə girişmək regionda növbəti bir qaynar nöqtənin yaranmasına gətirib çıxara bilər. Ona görə də İranla ABŞ arasında mövcud olan gərginliyin qaynaq fazaya keçəcəyi ehtimalı bu gün üçün hələlik yoxdur. Düzdür, Qərbin İrandakı mövcud rejimi dəyişdirmək istiqamətində addımları birmənalı şəkildə uzun müddətdir ki, davam edir. İrana qarşı sanksiyalar, onun terrorizmi dəstəkləməkdə ittiham olunması, nüvə silahı yaratması ilə bağlı ittihamlar, bunlar Tehrana olan təzyiqlərdir. Hansı ki, həmin təzyiqlər davam etdiriləcək. Gördüyümüz odur ki, digər ölkələrin İranla bağlı marağı məhz cənub qonşumuz daxilində baş verən proseslərdən sonra daha da artır. Hələlik isə İranda bu istiqamətdə proses getmir. 
Bir neçə ay bundan öncə Məşhəd şəhərində narazılıqlar başlayanda əksəriyyəti onun kütləvi xarakter alacağını düşünürdü. Amma bir məsələni yaddan çıxarmamalıyıq ki, etirazı təşkil edənlərin özləri rejimin tərəfdarları idi. Ona görə də hesab edirəm ki, İranla bağlı məsələ indiyə qədər davam edən müstəvidə davam edəcək. Söhbət İrana qarşı sanksiyaların tətbiqindən, ölkə daxilində hansısa bir güclü müxalifətin yetirşdirilməsindən gedir. İsrail isə heç zaman İrana qarşı birbaşa müharibə aparmayıb, təkcə Livan istisna olmaqla. Ona görə ki, belə bir savaşın baş verməsi regionda çox böyük kataklizm və fəlakətlərə gətirib çıxara bilər.  Bununla belə, ABŞ İrandakı rejimin dəyişdirilməsilə bağlı planlarından da əl çəkməyəcək, əksinə, bu istiqamətdə daha da aktivləşəcək”.
Politoloq Natiq Miri də bu qənaətdədir ki, Qərb İranla birbaşa savaşa getməyəcək: “Əslində, ABŞ və müttəfiqi İsrailin İranla birbaşa müharibəyə başlaması ehtimalı elə də böyük deyil. Doğrudur, üfüqdə belə bir görüntü yaradılır. Ancaq bu görüntü də sadəcə, İrana təzyiq xarakteri daşıyır. Məqsəd isə iki hədəfə hesablanıb. 
Vaşinqton İranla bağlı nüvə anlaşmasının ləğvi və yenidən başqa bir müqavilənin imzalanmasına çalışır. Bundan da məqsəd köhnə  müqavilə sənədində nəzərdə tutulan 7 illik məhdudiyyətin aradan qaldırılması və bütövlükdə İranın nüvə çalışmalarının tamamilə ləğv olunmasından ibarətdir. Bildiyimiz kimi, köhnə müqavilədə 7 ildən sonra həmin müqavilənin vaxtının başa çatdığı və bundan sonra İranın nüvə çalışmasında daha azad olduğu vurğulanır. Bu da təbii ki, İsraili ciddi şəkildə narahat edir. Ona görə də ABŞ vasitəsilə həmin müqavilənin ləğvi və yeni anlaşmanın imzalanmasına təhrik edilir. Bəzi Avropa ölkələri də bu prosesə qatılır. Fransa prezidenti bununla bağlı iki dəfə ABŞ-da olub. Ardınca Almaniya kansleri də ABŞ-a dəvət olundu. Sonra konkret açıqlamalar verildi. Həmin açıqlamalar hələlik birmənalı xarakter daşımasa da, ancaq anlaşmanın yenilənməsi istiqamətində verilən açıqlamalar göstərir ki, müəyyən mənada Vaşinqton Avropadakı müttəfiqlərinə ciddi təzyiq edir. 
İkinci bir tərəfdən, savaş təhdidi ilə  Yaxın Şərqdə artan İran nüfuzunu tamamilə aradan qaldırmağı düşünürlər. ABŞ, İsrail və bir sıra ərəb ölkələrilə birlikdə Yaxın Şərqdən İranı tamamilə sıxışdırıb çıxarmağa çalışır. Yaxın Şərqdə qurulan ssenarilər də məhz bu hədəfə yönəlib. Qərb     Suriyanın cənubundan yeni bir dəhliz planını həyata keçirməyə başlayır. Bu kontekstdə də yenidən İŞİD terrorçuları aktivləşdirilir. Bunu bəhanə etməklə ABŞ özünün geosiyasi aləti olan PKK terrorçularını müəyyən hərbi əməliyyatlar keçirməklə Suriyanın içərisinə doğru daşımaq istəyir. Bununla da indiyə kimi Suriyada enerji daşıyıcılarına nəzarət etdiyi əraziləri daha da artırmaq    və yeni dəhliz açmaqla İordaniyadan Aralıq dənizi sahilinə çıxış əldə etməyə çalışırlar. Yəni, həmin istəyini şimalda həyata keçirə bilməyən ABŞ indi də cənub istiqamətində öz istəyinə nail olmağa çalışır.Yəni ABŞ və İsrail təhdidlər olsa da, İranla birbaşa hər hansı bir müharibəyə getməyəcək. Bu, ABŞ-a sərf də etmir. Əsas plan körfəz ölkələrindəki ərəb dövlətləri vasitəsilə İranı qarşı yeni bir müharibənin başlanmasına nail olmaqdır”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz