Əlaqə Arxiv
news Image
2018.05.04
17:07
| A A A
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Bu gün Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Movqe.az-ın məlumatına görə, tədbir İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən danışıb. Ulu Öndərin əsasını qoyduğu təhsil siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir ölkənin sosial-iqtisadi, intellektual-mənəvi yüksəlişi istiqamətində qazanılan uğurları diqqətə çatdırıb.

C.Bayramov ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib, həmçinin müsabiqə qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, Heydər Əliyevin anılması, onun adı ilə bağlı tədbirlərin keçirilməsi Azərbaycanda çox gözəl ənənəyə çevrilib. Bu, hər şeydən əvvəl insanların Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramının göstəricisidir.

Baş nazirin müavini qeyd edib ki, dövlətin yaradılmasına xidmət edən insanların anılması həm də ölkədə böyük dövlətçilik ənənələrinin olduğunu göstərir:

“Bu müsabiqədə iştirak edən gənclər hər şeydən əvvəl Heydər Əliyevin dərin irsini öyrənirlər. Güman edirəm ki, Heydər Əliyev ideyaları onların həyatında bir mayaka çevriləcək, həyatda aydın mövqe tutmalarına töhfələrini verəcək. Bu müsabiqənin keçirilməsinin digər əhəmiyyəti odur ki, müsabiqədə iştirak edənlərin siyasi təfəkkürü formalaşır. Bu mənada hesab edirəm ki, müsabiqə bir yandan Heydər Əliyevə, onun xatirəsinə böyük hörməti ifadə edir, ikinci tərəfdən isə şagirdlərimizin ictimai təfəkkürünün formalaşmasına çox ciddi təsir göstərir”.

Heydər Əliyev Fondunun icracı direktoru Anar Ələkbərov bildirib ki, Fond öz layihələri və fəaliyyəti ilə xalqın hörmət və etimadını qazanmağa nail olub. Eyni zamanda humanitar fəaliyyəti ilə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Bu da Fondun Azərbaycanı dünyada layiqincə təmsil etməsində əvəzsiz rol oynayır. Eyni zamanda bizim həyata keçirdiyimiz bu layihələrin uğurları məhz siz gənclərin böyük dəstəyi və fəal iştirakı sayəsində mümkün olur.

A.Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondu indiyədək bir çox layihələr həyata keçirib, Fondun beynəlxalq əhəmiyyətli tədbirlər keçirməsi artıq ənənə halını alıb: "Bizim əsas məqsədimiz Heydər Əliyev siyasətini davam etdirmək və onu gənc nəslə aşılamaq, çatdırmaqdır. Ölkəmizin gələcəyi etibarlı əllərdədir. Əziz şagirdlər, bu gün sizin hərtərəfli vətəndaş kimi yetişməyiniz üçün ölkədə hər cür şərait yaradılıb.”

Çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, dövlət gənclərin yetişməsi üçün hər cür şərait yaradıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də gənclərin yetişməsinə öz töhfəsini verdiyini nəzərə çatdıran nazir bu məqsədlə Təhsil Nazirliyi ilə birlikdə bir çox layihələr həyata keçirdiklərini söyləyib: “İnanıram ki, gələcəkdə sizin aranızdan elm və təhsilə töhfə verə biləcək alimlər yetişəcək. Unutmaq olmaz ki, dövlətimizin inkişafında hər birinizin xüsusi rolu var”.

R.Quluzadə bildirib ki, “Ən yaxşı təqdimat” müsabiqəsi şagirdlərdə dövlətçilik ənənələrinin formalaşmasında, bu ənənələrin inkişafında xüsusi rol oynayır.

Bu günlərdə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə müxtəlif tədbirlərin keçirildiyini deyən R.Quluzadə onu da vurğulayıb ki, Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə həsr edib: "O, öz liderlik bacarığı ilə dağılmaqda olan ölkəni qüdrətli ölkəyə çevirib. Bu gün isə Ulu Öndərin siyasətinin davamçısı İlham Əliyev ölkəni inkişaf etdirir".

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev son illərdə təhsil sahəsində aparılan islahatlar barədə danışıb.

O, eyni zamanda qeyd edib ki, belə müsabiqələr şagirdlərin şəxsiyyət yönümlü vətəndaş kimi formalaşmasına ciddi təsir göstərir: “İstedad ağıl tələb edir və onlara dəstək verən də məhz məktəbdir. Bu cür müsabiqələrin keçirilməsi Ulu Öndər irsinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir”.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr də təqdim edilib.

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Trend

 

Sizin Reklam Yeriniz