Əlaqə Arxiv
news Image
2018.05.08
09:40
| A A A
Azərbaycan əleyhinə çıxanlar qanun qarşısında cavab verməli olacaqlar
Mais Səfərli: “Belə dönüklərə münasibətdə hüquqi müstəvidə real hərəkətə keçmək lazımdır” Məmməd Əlizadə: “Beynəlxalq hüquqi proseduralardan istifadə etməklə dövlətimiz əleyhinə olanların qanun qarşısında cavab vermələri üçün ekstradisiyasına nail ola bilərik”

“Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır”. Bunu Milli Məclisin son iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, həmin insanlar xaricdən Azərbaycana gətirilməlidirlər: “Onlar qanun qarşısında cavab verməlidirlər”. 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, sapı özümüzdən olan baltalara qarşı hüquqi müstəvidə ölçü götürülməlidir: “Acınacaqlı haldır ki, Azərbaycandan mühacir adı altında Avropaya gedən bir qrup tör-töküntü ardıcıl olaraq dövlətimizə qarşı şər-böhtan və söyüş kampaniyası aparır. Hər kəsə yaxşı bəllidir ki, onlar Azərbaycana qarşı Avropada mövcud olan bəzi siyasi dairələrin, ölkəmizi istəməyən ermənipərəst qüvvələrin əlində bir alətə çevriliblər. 
Təbii ki, onların dövlətimiz və xalqımıza qarşı atdıqları bu hərəkətlər cinayət tərkibi yaradır. Ona görə düşünürəm ki, bu barədə mütləq ölçü götürülməlidir. Bunun üçün də hər cür imkanlar var. Bildiyiniz kimi, Avropa dövlətlərinin qanunvericiliyində də bu kimi hərəkətlər cinayət hərəkəti kimi qiymətləndirilir və belə əmələ yol verən insanlar həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Bu səbəbdən Azərbaycan hüquqi müstəvidə həmin məsələ ilə bağlı ciddi məşğul olmalıdır ki, dövlətimizə yönəlik belə çirkin kampaniyaların qarşısı alınsın. Bu, digərləri, onlara havadarlıq edənlər üçün də bir dərs olardı. Ona görə də deputat Siyavuş Novruzovun təklifi yerində verilmiş bir təklifdir. Sadəcə olaraq, həmin istiqamətdə real hərəkətə keçmək lazımdır. 
Xaricdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri həmin istiqamətdə müəyyən hüquqi addımlar ata bilərlər. Fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycana qarşı olan insanları məhkəməyə verə, onların konkret cinayətlərə görə ekstradisiyasını təşkil edə bilərlər. Belə ki, Azərbaycan əksər Avropa ölkələrilə ikitərfəli və çoxtərəfli hüquqi sazişlər də bağlayıb. Həmin sazişlərə görə Azərbaycan dövləti və vətəndaşına qarşı cinayət etmiş insanlar ölkəmizə ekstradisiya oluna bilərlər. Sapı özümüzdən olan anti-Azərbaycan ünsürlərə qarşı hüquqi müstəvidə bütün imkanlardan istifadə etməyin zamanı gəlib çatıb. Ona görə də bu sahədə konkret addımlar atılmalıdır”.
Politoloq Məmməd Əlizadə də qeyd etdi ki, hüquqi müstəvidə fəaliyyət göstərməklə Azərbaycan dövlətimizə qarşı çıxan sapı özümüzdən olan baltaların ekstradisiyasına nail olmalıdır: “Son zamanlar Qərb ölkələrində Azərbaycana qarşı qərəz və böhtan kampaniyası yenidən artıb. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı növbəti dəfə prezidentliyə ən layiqli namizəd olan İlham Əliyevi seçdi. Hansı ki, dövlətimiz və xalqımız məhz cənab Prezidentin yürütdüyü müstəqil və uğurlu siyasət nəticəsində daha böyük zirvələrə doğru inamla addımlayır. Bunu isə xaricdəki Azərbaycanı istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də Azərbaycana qara yaxma fəaliyyətlərini daha da gücləndiriblər. Təəssüf ki, onlara bu fonda sapı özümüzdən olan baltalar yardımçı olurlar. 
Düzdür, onlardan bəziləri bilməyərək anti-Azərbaycan qüvvələrinin qurduğu bu tora düşüb. Ancaq bir çoxları da var ki, bilərəkdən dövlətimiz əleyhinə kampaniyada iştirak edirlər. Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən bu insanlar sözsüz ki, törətdikləri əməllərə görə qanun qarşısında cavab verməlidirlər. Bu birmənalıdır. Heç kimə ixtiyar verilməyib ki, dövlət, onun atributlarını təhqir etsinlər. Qanuna müvafiq olaraq, həmin insanlar  xaricdən Azərbaycana ekstradisiya olunmalı və burada qanun qarşısında cavab verməlidirlər. Bunun üçün də beynəlxalq hüquqi proseduralar var. Həmin prosedurlardan istifadə etməklə dövlətimiz əleyhinə olan bu insanların ekstradisiyasına nail ola bilərik. Qanuni şəkildə həyata keçirəcəyimiz bu addımlar dövlətimizə qarşı çıxan digər sapı özümüzdən oaln baltalara da dərs  olar. 
Düzdür, nə qədər ki, Azərbaycan dövləti yaşayır, əminəm, müstəqilliyimiz əbədidir, ona dönük çıxanlar da olacaq. Belə dönüklər təəssüf ki, tarixin hər bir zamanında olub və yenə də olacaqlar. Lakin buna baxmayaraq, Azərbaycanı heç kim öz yolundan sapdıra bilməyəcək. Heç kim Azərbaycanla  bu günə qədər diktə ilə danışa bilməyib, bu gündən sonra da bu çirkin niyyətlərinə nail olmayacaqlar”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz